Planlarınızın arasına bunu yazmayın (Əsla!)

Planlarınızın arasına bunu yazmayın (Əsla!)

Bu metod bizə adətən etməli olduğumuz bir çox iş olduğu, bunların böyük hissəsini tamamlamaq və ya nə vaxt edəcəyimizi planlaşdırmaq, içində olduğumuz dağınıqlığı səliqəyə salmaq, zehni olaraq yüngülləşmək və rahatlıq tapmaq üçün qollarımızı çirmələyib işə başlamağa qərar verdiyimiz zaman lazım olur.

Nədir bu metod? Və o nədir ki, ƏSLA edəcəkləriniz siyahısına yazmayın deyirəm?

Buyurun oxuyun; növbəti cümlədə izah olunandır o:

"İki (2) dəqiqədən daha az vaxtınızı alacaq işlər".

Birbaşa keçək mətləbə:

Nə zaman ki başladınız işləməyə, qarşınıza çıxan işlərdə bir sualı daima soruşursunuz. Sual budur: "Bunu iki dəqiqədən daha az bir vaxt ərzində edə bilərəmmi?" Əgər cavabınız “bəli”dirsə, o zaman o işi dərhal edirsiniz. Hər nədirsə gecikdirmirsiniz, edəcəkləriniz siyahısına yazmırsınız, sonraya saxlamırsınız; dərhal edirsiniz.

Niyə?

Həzz və enerjidən məhrumiyyət

Edəcəyəm deyə özümüzə və ya başqasına söz verdiyimiz bir işi (fərqi yoxdur,  kiçik və ya böyük) həll edib bitirmənin yaşatdığı, insana verdiyi rahatlığı, enerjini bildiyinizdən əminəm. İndi düşünün, iki dəqiqədən daha az vaxt alacaq bir işi etməməklə ilk olaraq özümüzü bu işin tamamlanmasından alacağımız, yuxarıda haqqında danışdığım enerjidən, müsbət əhvaldan məhrum etmiş oluruq. Hansı ki, bu güclü hiss daha çox, daha cəld, daha uzun müddətli işləmək və icraatına başladığımız o planı tamamlamaq üçün bizə lazımdır.

Biti dəvə etmək

İkincisi, bunu gələcək bir zamana qərarlaşdırmaqla zehni olaraq özümüzü bir az daha yükləmiş oluruq. Yəni, edəcəklərimiz siyahısındakı işlərin sayını artırmış oluruq. Biti bir növ dəvə etmiş oluruq. Çünki edəcəklərimiz siyahısındakı işlərin çoxluğu bizi zehni olaraq yorur. Bəzən biz onlara baxdıqda, oxuduqda, düşündükdə az-çox olan həvəsimiz də sönükləşməyə başlayır.

İşdən soyumaq

İşləyirik, amma ürəkaçan bir nəticə və ya nəticələr alma şansımız var ikən bunlardan da özümüzü məhrum edirik. Bu da bəzən “İşləyirəm, amma boşuna işləyirəm” kimi daxili deyinmələrə, donquldanmalara və əlimizin işdən soyumasına səbəb olmağa başlayır.

Daha çox enerji sərfi (Həm də, boş yerə)

Son olaraq isə həm təcrübədə, həm də elmi araşdırmalarda dəfələrlə təsdiqini tapmış bu maraqlı halı yaşayırıq. Əslində bir işi edib-etməməklə bağlı oturub düşünmək üçün sərf olunan enerji o işi etmək üçün tələb olunan enerjidən daha azdır. Amma birincini etdikdə və bunu uzun müddət etdikdə sonda sadəcə yorğun olmursunuz, bütün əhvalınız da korlanmış olur. Özünüzün-özünüzdən xoşu gəlməməyə başlayır. Amma, ikincini etdikdə yorulsanız da sonda bu yorğunluğa baxmayaraq müsbət enerji sizi əhatələyir, işi bitirib tamamlamış olmağın fərahlığını yaşayırsınız. Ən əsası isə özünüzü işbitirən, intizamlı biri kimi görür və daha çox sevməyə başlayırsınız.

Zehni əsarət (Həm də bəsit şeylər tərəfindən)

Ən əsası isə zehniniz bunlardan, bu işlərdən arındığı üçün daha önəmli məsələlər üzərində düşünmək üçün imkan və şərtlər ideallaşmış olur ki, bu da təkbaşına iki dəqiqədən daha az vaxt alacaq işləri dərhal həll etmək üçün kifayət qədər yetərli bir səbəbdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz