HƏR KƏS ÖZ KİTABINA BAXSIN!

HƏR KƏS ÖZ KİTABINA BAXSIN!

Cəmiyyətin kiçik modeli adlandırdığımız ailə ocağı yaşadığımız mühitin və dünyanın səadəti üçün mühüm yerə sahibdir.

 Xoşbəxt ailələrin toplamından meydana gələn cəmiyyətlər xoşbəxt cəmiyyətlərdir. Fərdlərinin bir-birinə sevgi ilə bağlandığı ailələrin çoxluq təşkil etdiyi cəmiyyətlər eyni zamanda camaat və birlik şüuru güclü olan cəmiyyətlərdir. Məsələn, ailə məfhumunun böyük yerə sahib olduğu müsəlman cəmiyyətlərlə müqayisədə ailə anlayışının bir o qədər ciddi əhəmiyyət kəsb etmədiyi bir sıra modern cəmiyyətlərin ortaq dəyərlər ətrafında birləşməyə daha az meyilli olduğu müşahidə edilir. Elə isə yaşadığı cəmiyyəti məsud və firavan görmək istəyənlər bir parçası olduqları ailə yuvalarını xoşbəxt etməyə can atmalıdırlar. Yaşadığı cəmiyyətdə birlik görmək istəyənlər mənsubu olduqları ailənin bölünməzliyi üçün əlindən gələni etmək məcburiyyətindədirlər. Cəmiyyətdə sevgi görmək istəyənlər ailələrinə sevgi telləri ilə bağlanmalıdırlar. Əgər cəmiyyəti böyük bir xalıya bənzətsək, hər bir ailə onu meydana gətirən ilmələr kimidir. Qopan hər bir ilmə bu nəhəng xalının toxumaları arasındakı zəncirvari münasibətləri zədələdiyi üçün qarşılaşacağımız ümumi mənzərə o qədər də ürəkaçan olmayacaqdır.

Dinimizə görə ailə müəssisəsi müstəsna yerə sahibdir və insanların xoşbəxt ailə mühitində yaşamaları üçün lazım olan hər bir xüsus diqqətə alınmışdır. Ailədə qarşılıqlı münasibətlərin sevgi, hörmət və şəfqət prinsipləri üzərində qurulması, ər-arvadın bir-birinə qarşı müəyyən vəzifələrinin qoyulması, ailənin ümumi mənfəəti naminə fərdi mənfəətlərin fəda edilməsi İslam ailəsinin əsas xüsusiyyətini təşkil edir.

Şübhəsiz ki, hər bir ailə üçün ən böyük təhlükə üzvlər arasında yaranan anlaşmazlıqların və qarşılıqlı münasibət pozuntularının acı nəticəsi olan boşanmadır. Qurani-Kərimdə boşanma Allahın ən çox qəzəb etdiyi halal bir əməl kimi xarakterizə edilir. Yəni boşanma özlüyündə halal olmaqla yanaşı müəyyən bir zaman zərfində birlikdə yaşayan insanların bir-birindən uzaqlaşması, aralarında uçurumun yaranması və o ailədə böyüyən uşaqların məsum və körpə beyinlərində, qəlblərində yaşadıqları ilk sarsıdıcı zərbə olduğu üçün Allahın nifrətinə səbəb olan və dinimizin xoş görmədiyi bir əməldir. Əlbəttə ki, heç bir çarənin işə yaramadığı və ailə ocağının fərdlər üçün cəhənnəmə çevrildiyi bir fəlakət qarşısında boşanmaq qaçınılmaz çarədir. Lakin onu da qeyd etmək lazımdır ki, boşanma son çarə olmalıdır. Bu gün cəmiyyətimizdə boşanma hadisələrinə baxdığımız zaman bir çox halda evlilik əqdinin sonlanması üçün adi və gərəksiz şeylərin bəhanə edildiyi müşahidə olunur. Halbuki tərəflər ilk növbədə ailə qalasını qorumağa cəhd göstərməli və bu uğurda bütün mənfilikləri düzəltməyin yollarını axtarmalıdırlar.

Evliliyin sağlam və düzgün inkişafı üçün hər şeydən əvvəl onun təməllərinin sağlam atılmasından da çox şey asılıdır. Seçilən tərəf müqabilinin kimliyi, onda aranan şərtlər böyük əhəmiyyət kəsb edir. Bu barədə Həzrət Peyğəmbərin söylədikləri diqqətə alınmalıdır: “Qadınla dörd səbəbdən evlənərlər: Malı, əsil-nəcabəti, gözəlliyi və dindarlığı. Sən dindar olanı seç, yoxsa çətinlik çəkərsən”.[1] Hədisi-şərifdə evləniləcək tərəfdə aranan dörd xüsusdan üçü maddi, sadəcə biri isə mənəvi keyfiyyətdir və Allah Rəsulu məhz həmin mənəvi keyfiyyətə üstünlük verdiyini açıq-aşkar bəyan etmişdir. Deməli, ailənin gələcək xoşbəxtliyi birbaşa onun hansı məqsədlə qurulduğundan asılıdır. Elə isə qurulan ailələrin mənəvi dayaqları möhkəm olmalıdır.

Ər-arvadın bir-birinə qarşı vəzifələri haqda dəyər verdiyim alimlərimizdən birinin dilindən eşitdiyim və yazımın başlığına ilham qaynağı olan bu əlamətdar hadisəni də oxucu ilə paylaşmaq istəyirəm:

“Bir gün yeni evləndirdiyim tələbələrimin boşanmaq qərarına gəldiklərini öyrəndim. İkisi ilə də ayrı-ayrılıqda danışmağın faydalı olacağını düşünərək əvvəlcə oğlanı yanıma çağırıb soruşdum:

- Bu qızı nə üçün boşamaq istəyirsən?

- Hocam, mənə qarşı vəzifələrini yerinə yetirmir. Kitabda qadının kişiyə qarşı vəzifələri başlığı altında otuz altı maddə yer alır, o isə sadəcə beşini yerinə yetirir.[2] İndi siz deyin mən bu xanımı neyləyim?

Dedim ki:

- Sabah dünyadan köçəndə sənə qadının kitabına görə, yoxsa kişinin kitabına görə suallar veriləcək?

- Əlbəttə ki, kişinin.

- Elə isə nə üçün öz dərsinə çalışmırsan, xanımın kitabını oxuyursan? – deyib yola saldım. Sonra qızı çağırdım:

- Bu adamdan niyə ayrılmaq istəyirsən?

- Hocam, mənə qarşı vəzifələrini yerinə yetirmir. Kitabda kişinin qadına qarşı yerinə yetirməli olduğu filan qədər vəzifədən sadəcə dördünə əməl edir. Siz deyin, belə əri neyləyim mən?

Ona da eyni sualı verdim:

- Sabah dünyanı dəyişəndə sənə kişinin kitabından, yoxsa qadının kitabından sual verəcəklər?

- Əlbəttə ki, qadının.

- Axı sən kişinin kitabına baxırsan. Niyə öz kitabını oxumursan? – deyib onu da yola saldım. Bir neçə gündən sonra eşitdim ki, aralarındakı problemlər həll olub, indi də xoşbəxt həyat sürürlər”.

Həqiqətən də elə deyilmi? Bu gün kimi dindirsən başqasını günahkar çıxarır. Bu gün istər ailədə, istərsə də ümumi vətəndaş cəmiyyətində hər kəs başqalarının günahı ilə məşğul olduğu üçün ailələr və cəmiyyətlər xoşbəxt ola bilmir. Fərdlər hüzursuz həyat sürür. Halbuki hamı öz kitabını oxusa, yəni özünə aid olan işlərə baxsa, öz səhvlərini düzəltməyə çalışsa, həyat daha rəngarəng, daha məsud olar.

Boşanmaların qarşısını almaq xüsusunda bir gerçəyi də gözardı etməmək lazımdır. Milli-mənəvi dəyərlərimizə görə ağsaqqal nəsihəti, böyük məsləhəti türk ailəsində xüsusi yer tutur. Gənclərin həyatda qarşılaşdığı problemlərin həllində böyüklərdən məsləhət alması, böyüklərin də həqiqi mənada böyüklük göstərərək və həyat təcrübələrinə əsaslanaraq gənclərə düzgün yol göstərməsi vacib məsələlərdəndir. Eynilə yuxarıda misalını verdiyim ustadın öz tələbələrinə doğru yolu göstərmək üçün emosialara qapılmadan gözəl üsluba əl atdığı kimi. Bu gün müşahidə etdiyimiz kimi ailədaxili problemlərdə tərəflərin valideynləri məsələyə tərəfkeşliklə yanaşmamalı, təmkinlə öz böyüklüklərini göstərməlidirlər. Unutmayaq ki, dağılan hər bir ailə cəmiyyətə ümidsiz fərdlər, bədbin həyatlar bəxş edir. Dağılan hər bir ailə özü ilə birlikdə ətraf mühitə də zərər verir.         


[1] Buxari, Nikah 15; Müslim, Rada 53

[2] Say şərtidir

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz