İnternet Dünyası və Ailə (Psixoloji təhlil)
Dövrümüzün ən qiymətli kəşflərindən biri olan internet son zamanlarda təsəvvür edilməyəcək qədər çox insanın həyatında əhəmiyyətli bir yer tutmağa başlamışdır.
İnternetin ən çox ictimai məqsədli istifadə edilməsi və istifadə müddətinin insanlar tərəfindən getdikcə artması mövzuya sosioloji və psixoloji bir baxış bucağı qazandırmışdır. Bu baxımdan informasiya texnologiyalarının ən əhəmiyyətli yeniliyi olaraq hər seqmentdən, hər fərdin rahatlıqla istifadə edə biləcəyi internet həyatın bütün sahələrini əhatə etmiş, fərd, ailə və cəmiyyət həyatının çox istiqamətli təsir – ünsiyyət vasitəsi halına gəlmişdir.
Aparılan araşdırmaların böyük bir qismi də internetin fərdin həyat tərzinə təsirləri haqqındadır. Halbuki internetin təsirləri istifadə xüsusiyyətlərinə görə, istifadə xüsusiyyətləri isə internetin istifadə səbəbinə görə formalaşır. Bu səbəbdən internetin təsirləri istifadə səbəbi ilə əlaqəlidir. Nümunə verəcək olsaq; yetkinlərin, uşaqların internet başında uzun müddət vaxt keçirməsinin səbəbi ailə içərisində və ictimai həyatında daha yaxşı zaman keçirmədiyi üçündür. Yaşadığı real dünyada özünü və ya xəyal etdiyi dünyanı tapa bilməyən insanlar daha çox saxta kimlik və profillərlə sosial şəbəkələrdəki dostlarından aldıqları bəyənilərlə öz eqolarını tətmin etməyə başlayırlar. Bu da cəmiyyətimizdə assosial insanların çoxalmasına, nitq və fərdi təqdimat qabiliyyətləri inkişaf etməyən gənclərin artmasına səbəb olur.
Məsələnin digər dramatik tərəfi də son zamanlar internet istifadəsi ilə ailədaxili problemlər arasında bilavasitə əlaqənin olmasıdır. Ailədaxili əlaqələri güclü olmayan, digər bir deyişlə desək, ailəsi ilə özü baxımından qənaətbəxş bir əlaqəsi və ya ortaq paylaşma sahəsi olmayan şəxslərin internetdəki ictimai fəaliyyətlərə, sosial şəbəkələrə, ailədaxili əlaqələri güclü olan kəslərdən daha çox meyilli olduğu müşahidə edilmişdir.
Bu baxımdan deyə bilərik ki, insanlar zamanla itirdikləri sosial münasibətləri internet daxilindəki sosial şəbəkələr vasitəsi ilə bərpa etməyə başlayır. Kapitalizmin gətirdiyi yalnızlaşma sindromunun içərisində qalan yeni nəsil fitri ünsiyyət dəyərlərini birbaşa insanlarla yaşaya bilməsə də, sosial şəbəkələr vasitəsi ilə yaşamağa çalışır. Nəticə olaraq da ictimai qrupların, xüsusilə ailənin təsirinin azalması nəticəsində insanlar başqa faktorlardan təsirlənməyə başlayır. Televiziya və internetin insanlar tərəfindən çox istifadə edilməsinin səbəbi də ictimai ehtiyaclarını bu vasitələrlə təmin etməyə çalışmalarıdır.
Nəticə olaraq deyə bilərik ki, bizim cəmiyyətimizin internetlə tanışlığı uzaq keçmişə dayanmasa da, internetin gətirdiyi qlobal mədəniyyət nişanələri yeni nəslin bütün fərdlərinin üzərində açıq-aşkar görünür. Bunu istər insanların geyim tərzində, istər qida rasionunda, istərsə də yeni qurulmuş ailə strukturunun ömrünün az və keyfiyyətinin qənaətbəxş olmamasında görə bilərik. Çox vaxt birbaşa ailə dəyərlərinin sarsılmasına xidmət edən sosial şəbəkələr ailə fərdləri arasında anlaşılmazlıqlara gətirib çıxarır. Belə ki, sosial şəbəkələrin hər hansı birisində profili olan bir şəxsin mütləq olaraq dostluğunda fərqli insanların olması və şəxsi şəkillərinin paylaşılması ailə daxilində ilk problemlərin ortaya çıxmasına səbəb olur. Əvvəlcə kiçik bir problem kimi görünən bu hadisə yavaş-yavaş böyüyərək ailə təməllərinin sarsılmasına səbəb olur.
Yazımı son zamanlar ABŞ-da aparılan bir tətqiqatın nəticələri ilə bitirmək istəyirəm. Tədqiqatın özünü doğruldan ən diqqətçəkən tezisi odur ki, ailədə ər ilə xanımın bir-birlərini sosial mediada gördükləri başqa kəslərlə müqayisə etməsi nəticəsində boşanmaların sayı durmadan artır. Yenə ABŞ-da hər üç boşanmanın birində boşanma səbəbi olaraq internet asılılığı göstərilir. Aparılan tədqiqatlarda internet istifadəçilərinin 29 %-i ilə 50 %-nin internet asılısı olduqları ortaya çıxmışdır. Bu nisbətlər təcrübə aparılan qrupların yaşadıqları ölkəyə, ictimai statuslarına görə də dəyişir. ABŞ-da geniş şəkildə aparılmış internet asılılığı nizamsızlığı hesabatına görə internetdə asılılıq yaradan və insanların əlaqələrini pozan ən əhəmiyyətli sahələrin başında chat otaqları, oyun və proqram endirilən saytlar gəlir.
Yuxarıda ona görə ABŞ-ı nümunə gətirdik ki, onlar internetlə ən azından 20 il bizdən qabaq tanış olublar. Və onlar hal-hazırda həyəcan təbili çalırlar. Mənim demək istədiyim də odur ki, biz də oturub gözləməyək; internetin bizim həyatımıza gətirdiyi rahatlıqlarla birlikdə müsibətlərin də qarşısında dayana biləcəyimiz gücü itirməyək.
Bəli, əziz oxucu! Məşhur bir deyimlə desək, internetsiz ev bilgidən məhrum evdir. Bu deyim müəyyən qədər doğru olsa da, onu da unutmamaq lazımdır ki, internetlə gələn zərərli bilgilər də evimizi dağıdacaq qədər güclüdür.
ŞƏRHLƏR