SUAL? - CAVAB!
Dəstəmaz və təyəmmüm almağa gücü çatmayan insan necə namaz qılmalıdır?
Cavab: İnsanlar yalnız yerinə yetirməyə qadir olduqları, güclərinin çatdığı işlərdən və əməllərdən məsuldurlar. Şübhəsiz ki, xəstəliyi verən də, öhdəliklər yükləyən də Uca Allahdır. Allah-Təala bir ayədə belə buyurur: “Allah hər bir kəsi yalnız onun gücünün çatdığı qədər yükləyər (mükəlləf edər)” (əl-Bəqərə, 2/286). Bu prinsip ibadətlərin vacibliyi ilə bağlı olmaqla yanaşı, ibadətlərin yerinə yetirilməsi ilə bağlı məsələlərdə də etibarlıdır. Belə olan təqdirdə, dəstəmaz almağa gücü çatmayan və ona köməklik edən kimsəsi də olmayan müsəlman təyəmmüm alaraq namazlarını qılmalıdır. Ancaq qolları və ayaqları sağlam olduğu halda namaz qılınması mümkün olmayan dərəcədə natəmiz olan bir yerdə həbs olunub, təmiz su və təmiz torpaqdan istifadə etməkdən aciz olan və ya ağır xəstə olan bir insan təkbaşına dəstəmaz alıb təyəmmüm edə bilmədiyi kimi, bu məsələdə ona köməklik gəstərən birini də tapa bilmirsə, fitvaya əsas olan rəyə görə, dəstəmazlı olmasa belə imkan daxilində namaz qılanların hərəkətlərini etməli və sağaldıqdan sonra namazlarını qəza etməlidir. Bundan əlavə, qolları və ayaqları olmadığı üçün dəstəmaz almağa gücü çatmayan və kömək edən birisi də olmayan kəs isə, gücünün yetdiyi qədər təyəmmüm almalı və namazlarını qılmalıdır. Ancaq, əgər üzündə bir yara və ya üzr olduğu üçün dəstəmaz ala bilməməklə yanaşı, təyəmmüm də ala bilməyəcək haldadırsa, bu insandan dəstəmaz və təyəmmüm məsuliyyəti qalxar. Özünü dəstəmazlı qəbul edərək namazlarını qılar. Bu namazları daha sonra qəza etməsinə də ehtiyac yoxdur.
Həddi-büluğa çatmamış zəngin uşaqların mal-dövlətindən zəkat vermək varcibdirmi?
Cavab: Bir insana zəkatın vacib (fərz) olması üçün müsəlman olması, ruhi xəstə olmaması, azad olması, borcundan və təməl ehtiyaclarından əlavə çoxalan, yəni gəlir gətirən “nisab miqdarı” mala sahib olması lazımdır. Odur ki, hənəfilərə görə, zəngin olsa da həddi-büluğ yaşına çatmayan uşaqların var-dövlətindən zəkat vermək fərz deyil. Ancaq uşaqlara məxsus əkin ərazilərindən əldə edilən məhsulların üşrü, yəni zəkatı verilməlidir. Şafei məzhəbinə görə isə, zəkatın fərz olması üçün ruhi xəstə olmama və həddi-büluğa çatma şərti yoxdur. Buna görə də şafilərdə uşaq və ruhi xəstələrin də mal-dövlətindən zəkat verilir.
Dini bir əmri yerinə yetirməməyə və ya bir haramı işləməyə and içən insan nə etməlidir?
Cavab: Fərz və ya vacib olan bir şeyi yerinə yetirməməyə, yaxud haram və günah olan bir şeyi etməyə and içmək müsəlmana yaraşmayan bir davranışdır. Uca Allah Qurani-Kərimdə: “Yaxşılıq etməmək, pis əməllərdən çəkinməmək və insanlar arasında sülh yaratmamaq barəsindəki andlarınıza Allahı (Allahın adını) sipər etməyin!” (əl-Bəqərə, 2/224) – deyə buyurur. Bununla yanaşı, belə bir and içilərsə, and yerinə yetirilməyib pozulmalı və sonra da andı pozma kəffarəsi yerinə yetirilməlidir. Bu məsələ ilə bağlı bir hədisi-şərifdə Hz. Peyğəmbər (s.ə.s) belə buyurur: “Bir kəs bir şey üçün and içər, sonra da ondan xeyirlisini görərsə, andını pozsun və kəffarəsini yerinə yetirsin!” (Müslim, Eyman, 11-17).
Televizor, radio və ya internet vasitəsilə canlı yayımlanan namazlarda oradakı imama tabe olaraq namaz qılmaq olarmı?
Cavab: Camaatla, yəni imamla namaz qılına bilməsi üçün camaat imama tabe olmalı və bunun üçün də imam ilə camaat eyni məkanda olmalıdır. Bu səbəbdən imamın namaz qıldırdığı məkandan başqa yerdə olan bir kəs imama tabe olmağa niyyət edərək namazını qılsa, onun namazı etibarsızdır. İmam ilə camaat arasından keçən çay və ya geniş bir yol da camaatın imama tabe olmasına bir maneə hesab olunmuşdur. Odur ki, televizor, radio və ya internet kimi vasitələrlə başqa bir yerdəki imama tabe olmağa niyyət edən kəs onunla eyni yerdə olmuş sayılmadığı üçün namazı batil olur.
Qurban kəsməyi əhd (nəzir) edən bir şəxsin kəsdiyi qurbanı yeyə bilməməsinin dəlili varmı? Bunun səbəbi nədir?
Cavab: Bir heyvanı qurban etməyi əhd etmək o heyvanın hamısını Allah rizası üçün yoxsullara verməyi əhd etmək mənasına gəlir. Yəni, ibadət məqsədilə Allaha söz verilmiş olur və ondan bir hissəsini əhd edən yeyərsə, həmin miqdarda sözündən dönmüş və vədinə əməl etməmiş hesab olunur. Odur ki, yediyi təqdirdə, onun əvəzini yoxsullara verməlidir. Nəticə etibarilə bu hökmün dəlili əhd və nəzir etməyin mahiyyəti, məntiqi nəticəsidir.
ŞƏRHLƏR