Ayrılıq qaçınılmaz olarsa...
Boşanmaq heç də xoş olmayan bir qərardır.
Həm ayrılanlar, həm uşaqlar, həm də ailələrin digər üzvləri üçün... İnsanlar bir-birini sevib həyatlarını birləşdirmək istəyəndə bunun çox da sonrasını düşünmədən evlənirlər. Artıq sevməyib həyat yollarını ayırmaq istəyəndə bir-birinə qarşı dözümsüzlük başlayır və boşanma ilə nəticələnir.
Uşaqlarımız neçə yaşında olursa olsun, boşanma onların başına gələ biləcək ən sarsıdıcı hadisələrdən biridir. Boşanma var olan nizamın gələcəyə təsir edəcək şəkildə dəyişməsi, naməlum bir çox fərqliliyin başlanğıcı deməkdir. Əlbəttə, boşanmış ailənin uşağı olmaq mütləq zədələnmiş olmaq demək deyildir. Bəzən bu dəyişikliklər uşağın və valideynlərin xeyrinə olsa da, bu, aşılması lazım olan ciddi bir mənəvi böhrandır.
Atalar uşaqların gizli qəhrəmanlarıdır. Xüsusilə oğlan uşaqları gələcəkdəki şəxsiyyət və mənliyini formalaşdırarkən ilk və ən mühüm model olaraq atanı nümunə götürürlər. Üstəlik bir oğlan uşağının böyümə mərhələlərində atasından öyrənəcəyi bir çox şey vardır. Eyni şəkildə qız uşağı da həyatının ilk məhəbbətindən – atasından qarşı cinslə əlaqəli mühüm təcrübələr əldə edəcəkdir. Gələcəkdəki həyat yoldaşını atasında müşahidə etdikləri ilə, ondan öyrəndikləri ilə seçəcəkdir. Ayrılıqlar səbəbilə - məsələn həftədə yalnız bir dəfə atası ilə görüşə bilən uşaqlar bu əskikliyi fərqli şəkillərdə yaşayarlar. Əvvəla məhdud vaxt daxilində atası ilə görüşmək uşaqda özü ilə az maraqlanıldığı fikrini oyadacaq, ata-anasına qarşı qəzəb və nifrət formalaşdıracaqdır. Bunun xaricində özünəinam əskikliyi, içə qapanıqlıq, qorxu və kaprizlər, uşaqlıq depressiyası, yuxu pozulmaları, dırnaq yemək, əsəbilik, məktəb dərslərində geriləmə, diqqət dağınıqlığı, ətrafı ilə münasibətlərdə problemlər, iştahsızlıq kimi bir çox pozulmalar da ortaya çıxa bilər.
Boşanma uşağa necə təsir edir?
Uşaq baxımından boşanma bir mənada ailənin yox olması və əbədiyyən itirilməsi olaraq görülə bilər. Bəzi əlaqələr davam etsə də onun üçün dünyaya gəldiyi ailə artıq yoxdur. Bu vəziyyət hüzn dolu duyğuları oyadar. Boşanmanın uşaqlar üzərində yaratdığı gərginliyin nə dərəcədə olacağı və nə qədər davam edəcəyi bir çox faktora bağlıdır.
Boşanma uşağa necə deyilməlidir?
Ayrılma və ya boşanma haqqında qərar vermədən uşaqlarla danışaraq başlamaq lazımdır. Uşaqların nələri başa düşüb düşməyəcəyi barəsində düşünün. Açıq və dürüst olun. Xüsusilə həyatlarına birbaşa təsir edəcək dəyişikliklər və gələcəkdə olacaqlar haqqında məlumat əldə etmələri onları bir az rahatladacaq.
Vəziyyət sizin üçün çətindirsə, uşaqlarınız üçün daha da çətin olacaqdır. Onları hisslərini ifadə edə bilmələri üçün cəsarətləndirin. Hadisədən təsirlənən hər kəsin hiss etdikləri haqqında danışması faydalı olar, yaşanan gərginliyi azalda bilər.
UŞAQLAR NECƏ REAKSİYA VERƏRLƏR?
Ayrılma/boşanma yaşayan ailələrdə uşaqların hiss etdiklərinin yaxşısı-pisi, doğrusu-yanlışı nədir, bunu tam olaraq müəyyən etmək çətindir. Uşaqlar yaşlarına, cinsiyyətlərinə, hissiyyatlarına və ailə dəstəyinə bağlı olaraq fərqli reaksiyalar verə bilərlər.
Yaş – reaksiyaların keyfiyyətini müəyyən edən ən mühüm inkişaf amilidir. Yaşa görə sıraladığımız aşağıdakı reaksiyalar bunların üstündə dayanıb fikirləşməyimizə kömək edə və bir mütəxəssislə məsləhətləşməyimizə ehtiyac olub-olmadığı barəsində bizə yön verə bilər. Sıraladığımız hərəkət və hisslər həddindən çox və daimi hal alarsa, bu, reaksiya zərər verməyə başlamışdır, deməkdir.
5 yaşından kiçiklər – kədərli görünə bilər; başqa insanlardan qorxa, ana-atadan ayrılmaq istəməyə bilər; yuxu və iştaha problemləri, əsəb tutmaları, tualet-təmizlik problemləri baş göstərə bilər; boşanmanın təqsirini özlərində görə bilərlər (buna xüsusilə 3-5 yaş arasındakı uşaqlarda rast gəlinir).
Məktəb yaşındakı uşaqlar – bədbinləşər, içinə qapana bilər, əsəbiləşər, diqqəti dağılar, qiymətləri düşə bilər, daim şikayətlənər, dalaşqan olar, ana-atanı yenidən birləşdirməyə səy göstərər, ana və ya atadan birini seçmək məcburiyyətində olduğunu düşünərək tərəf tutar.
Yetkinlik çağındakı uşaqlar – içə qapanar, kədərli ola bilər; hirsini rahatca çölə vurar, dava-dalaş sala bilər; riskli bəzi arzuolunmaz yollara (cinsi münasibətlər, siqaret, narkotika, içki...) düşə bilər; boşanmanın sonrasında maddi sıxıntıya düşə biləcəyindən narahat ola bilər.
Ana və ya atanın bir-birilərilə daim münaqişə halında olması uşaqlarının boşanma və ayrılığa uyğunlaşmalarını daha da çətinləşdirər.
BOŞANMIŞ AİLƏLƏR ÜÇÜN TƏKLİFLƏR
Hər iki tərəf də həyat boyu uşağın ana və atası olacağının şüurunda olmalı və əlaqələrini bir-birilərinə olan hörmətlərini saxlayaraq davam etdirməlidir. Buna görə də yaşanan hadisələrə görə tərəflər bir-birini təqsirləndirməməli, ana və ata uşağın hər iki valideynini də nizamlı şəkildə görməsinə fürsət verməlidir.
Ayrılıqdan sonrakı ilk bir il uşaq üçün olduqca əhəmiyyətlidir. Uşaq “hissiyyat şoku” ili deyilən bir dövr yaşamaqdadır, bu səbəblə də bəzi sıxıntılar ola bilər. Bu dövrdə uşağa yük ola biləcək əlavə məsuliyyətlər verməkdən çəkinmək lazımdır. Bu vaxt ərzində uşağın həyatına başqa bir kişi və ya qadın daxil edilməməli, ikinci evliliklər bu bir illik müddətdən sonra həyata keçirilməlidir.
Uşağın hər iki evdə də nizamlı və bərabər bir həyat tərzi olmalı, tərəflərdən biri uşağını az gördüyü üçün uşağının hər istəyini qəbul edərək bu tarazlığı pozmamalıdır.
Boşanma zamanı tərəflər ən böyük məsuliyyətlərini – uşağına layiqli gələcək təqdim etmə borcunu unutmamalı, bu prosesi uşaqlarına minimum psixi zərər verə biləcək bir şəkildə gerçəkləşdirməyə səy göstərməlidir.
ŞƏRHLƏR