ƏR – ARVADIN VƏZİFƏLƏRİ
İslamda ailənin təməli qarşılıqlı sevgi, hörmət, itaət və haqlar üzərində qurulmuşdur.
Bu saydığımız ünsürlərdən biri yox olduqda ailə yuvası yavaş-yavaş çökməyə və nəticədə yıxılmağa üz tutar. Əvvəla onu qeyd etmək istərdim ki, bu haqları və vəzifələri hər iki tərəf də bilməli və onlara riayət etməlidir. Bunun üçün də anaların öz qızlarını, ataların isə oğlan övladlarını bu məsələlərdə maarifləndirməsi lazımdır. Ələlxüsus da dinimizin buyurduğu və milli-mənəvi dəyərlərə söykənən ailə düzənimizi qoruyub saxlamağa çalışmalıyıq. Yoxsa gənclərimiz bizlərə yad olan, əcnəbilərin yaşadığı və bizlərə “müasirlik” deyərək cazibədar göstərdiyi ailə anlayışını mənimsəməyə çalışacaqlar; əgər buna ailə demək mümükündürsə...
İslamda ailənin qorunması və uzun ömürlü olması üçün ər-arvada bəzi haqq və hüquqlar verilmişdir. Millətimizə xas olan bu ifadə - HƏYAT YOLDAŞI - özü də onu sübut edir ki, bizlər evlənməklə sadəcə cinsi arzularımızı tətmin etmir, hər iki cinsin həm bu dünyada, həm də axirət aləmində xoşbəxt və bəxtiyar olmasını hədəfləyirik. Deməli, evlənməkdə məqsəd həyat yollarında bir-birimizə dost, yoldaş, həmdəm olmaqdır. Nikah yolu ilə idarəmiz altında həyatlarımızı birləşdirdiyimiz qadının ilkin haqqı bizim vasitəmizlə rahatlığa və dincliyə qovuşmasıdır. Uca Allah onu kişinin iradəsinə tabe qılmış, eyni zamanda kişi üçün də dinclik və sevinc qaynağı, dost və yoldaş etmişdir. Bu həyat yoldaşlığı təkcə dünyaya bağlı və müvəqqəti bir yoldaşlıq deyildir. Qohumluq və izdivac yolu ilə başlayıb uşaqlarla, təmiz bir nəsillə davam edəcək və əbədi həyatda da onlara yoldaşlıq edəcək bir dostluqdur. Bu səbəblə də kişilər həyat yoldaşlarına qarşı xoşgörülü olmalı, şəxsi və kiçik qüsurlarına əfv və müsamihə ilə yanaşaraq sevgi, hörmət və səbirlə yola davam etməlidir.
Hər nə qədər kişinin qadın üzərində haqqı daha çox olsa da, Allaha itaətsizlik olmayan hallarda mərhəmət, şəfqət və səmimi duyğulara ehtiyacı olduğunu düşünərək, onlara səmimiyyət və yumşaqlıq göstərilməlidir. Çünki Uca Allah Qurani-Kərimdə: “Onlarla xoş rəftar edin” (ən-Nisa, 19) buyurmuş, Peyğəmbərimiz (s.ə.s) isə: “ Ümmətimin ən xeyirliləri xanımlarına xeyirli olandır” (Tirmizi, Rada 11; İbni Macə, Nikah 50) – deyə bildirmişdir.
Qadınların ərləri üzərindəki haqları əsasən onların geyimlərini, orta səviyyədə məişətlərini və evlərini təmin etməkdən ibarətdir. Qadının dolanışığını təmin də ərin vəzifəsi və qadının ər üzərindəki haqqıdır. Necə ki, Peyğəmbərimiz (s.ə.s): “Dolanışığını təmin etməsi lazım olanlara qarşı laqeydlik etmək kişiyə günah olaraq yetər”(Əbu Davud, Zəkat 45) buyuraraq məsuliyyətsizlik günahının böyüklüyünü və haqlara riayət etməyin əhəmiyyətini xəbər vermişdir. Qeyd etmək lazımdır ki, evin rəisi olan kişinin ailəsi üçün israfa varmadan xərclədiyi mal-pul Allah qatında sədəqə yerinə keçməkdədir.
Kişi yeri gəldiyində xanımına ev işlərində yardım etməli, onu özünə kölə olaraq almadığının fərqində olmalıdır. Xanımının qohum-əqrəbaları ilə yaxşı rəftar etməli, onu vaxtı-vaxtında ata-anasını, bacı-qardaşını ziyarətə aparmalıdır. Onda gördüyü qüsurları gözəl bir tərzdə düzəltməli, xanımının ibadət vəzifələrini öyrətməli və edib etmədiyinə nəzarət etməlidir. Çünki evin rəisi eyni zamanda ev xalqının axirətindən də məsuldur.
Kişilər barəsində Uca Allah Qurani-Kərimdə: “Kişilər qadınlar üzərində hakimdir” (ən-Nisa, 34) buyuraraq kişilərin evin rəisi olduğunu və ona itaətin vacib olduğunu ifadə etməkdədir. Burada kişi evin nəfəqəsini, dolanışığını təmin edərək və ailəni hər cür təhlükədən qoruyaraq bu itaəti haqq edir. Peyğəmbərimiz (s.ə.s): “Qadın beş vaxt namazını qılar, Ramazan ayında da orucunu tutar, namusunu mühafizə edər və ərinə itaət edərsə, cənnətin hansı qapısından istərsə girə bilər” (Buxari, Mişkat 2, 202) buyurmuşdur. Bütün ayrılıqlar, qarşıgəlmələr itaətsizlikdən qaynaqlandığı üçün İslam itaətkar olmağın üzərində möhkəm durmuşdur. Bir hədisdə belə ifadə olunur: “Hansı qadın əri özündən razı olaraq vəfat edərsə, cənnətə girər”. (Tirmizi, Rada, 10) Ayeyi-kərimədə Allah qatında yaxşı olan qadınların da itaətkar, könüldən boyun əyən qadınlar olduğu “…fəssalihatun qanitat…” (ən-Nisa, 34) ayəsi ilə açıqca ifadə edilmişdir. Bu səbəbdən ərinə üsyan edən, əmrinə itaət etməyən və onu üzən qadınların yaxşı qadın olmadığını da bu ayənin işığında açıqca ifadə etmək olar. Necə ki, peyğəmbərimiz (s.ə.s) özünə: “Ey Allahın Rəsulu, hansı qadın daha xeyirlidir?” - şəklində verilən bir suala: “Əri baxanda onu sevindirən, əmrinə dərhal itaət edən, nəfsi və malında ərinin xoşuna gəlməyən şeydə ona müxalifət etməyən qadındır ” (Nəsai, Nikah 14 ) – deyərək cavab vermişdir.
ŞƏRHLƏR