Haqq ilə batil arasında çırpınan dəvət

Haqq ilə batil arasında çırpınan dəvət

Uca Allah Qurani-Kərimdə belə buyurur:

“Siz insanlar üçün ortaya çıxarılmış ən xeyirli ümmətsiniz; yaxşılığı əmr edir, pislikdən çəkindirir və Allaha inanırsınız”. (Ali İmran, 110)

Aləmlərin Rəbbi olan və qullarını ilahi rəhmətin əbədi və möhtəşəm təccəlli yurdu olan cənnətlərinə dəvət edən Uca Allaha (c.c) şükürlər və həmd-sənalar olsun. Bu dəvəti ümmətinə ən incə məqamlarına kimi təlim edən Haqq rəsulu Hz. Muhammədə salətu-salam olsun.

İlahi dəvətin cəhalət qaranlıqlarına bürünmüş Məkkə əhalisinə təklif edilməsi insanları olduqca narahat etmişdi. Dəvət edən şəxs aləmlərin rəbbi tərəfindən seçilmiş ən mübarək insan, dəvət edilənlər isə  bu mübarək insana dünya və axirətdə əbədiyyən yoldaş olma şərəfinə namizəd olan adəm övladları idi. Lakin əsrlərlə batil inancların əhatəsində bəslənən nəfslər ilahi dəvətin möhtəşəmliyi qarşısında təslim olmağa tələsmirdilər. Barmaqla sayılacaq qədər imanla şərəflənmiş səhabə kimliyinin xaricində cahiliyyə tolumu iman dəvətinə qarşı dirənməkdə davam edirdi. Ümmətinin imanla şərəflənməsini zahiri və batini tərəqqi halı ilə qəlblərdə hərəkətə keçirmək istəyi qeyri-ixtiyari batil düşüncə sahiblərinin mənliklərində qəribə bir əks-səda yaradırdı. Rəsulullahın hikmətlə hörülmüş məğrur və qorxmaz dəvət üslubu qəlblərdəki cəhalət pasını sildiyi üçün onların haqqa olan meylini günü-gündən artırırdı. Bütün bunlardan son dərəcə narahat olan Qüreyş toplumu rəsulullahı şikayət etmək üçün Əbu Talibin yanına gəlirlər və əldən gedən cahiliyyə mirasını qorumaq üçün sözə belə başlayırlar: “Bu qardaşın oğlu bizi məclislərimizdə narahat edir. Onu bu dəvət işindən uzaq tut!”

Vəziyyətin ciddiliyini anlayan Əbu Talib Hz. Rəsulullahı oraya dəvət edir və bunları söyləyir: “Bu qohumların sənin onları narahat etdiyini söyləyirlər. Artıq onlara əziyyət vermə!” Bu sözlər qarşısında rəhmət timsalı olan üzünü səmaya çevirən Allah Rəsulu Qüreyşli kişilərə bunları ərz edir: “Bu Günəşi görürsünüzmü?” Onlar, - bəli, - cavabını verirlər. Buna müqabil dəvətdəki məğrur tutumunu ələ alaraq qarşısındakıları mat-məəttəl buraxan rəsulullah bunları söyləyir: “Necə ki siz gördüyünüz bu Günəşdən bir atəş parçası alıb gətirmə gücünə sahib deyilsiniz, eləcə də mən (Rəbbimin mənə təklif etdiyi) imana dəvət əmrini tərk etməyə əsla güc yetirə bilmərəm!” Allaha dəvət bayrağını maddi və mənəvi aləmdə uca tutan rəsulullahın bəyan etdiyi həqiqətlər qarşısında aciz qalanlara yönələn Əbu Talib bunları söyləyir: “Vallahi qardaşımın oğlu bu günə qədər bizə heç yalan söyləmədi. Haydı, durun gedin və Hz. Muhammədə qarışmayın”. (Hakim III 668, Heysəmi VI, 15)

Bu mükəmməl dəvətin yetişdirdiyi məna sultanlarının dillərindən qəlblərə axan hikmət nümunələri haqqa dəvət məktəbini işlək bir sistem halında günümüzə kimi canlı saxlayan bir bərəkətdir. Dəvət məqamının qəlblərə nüfuz etmə üslubuna xüsusi əhəmiyyət verən Tapdıq Əmrə həzrətləri belə buyurur: “Dəvət söz ilə deyil, hal və məna ilədir. O məna ki, qulağı kar olana da görünür, gözü kor olana da”.

Hər halları ilə bir-birinə bənzəyən və mübarək müəllimləri olan rəsulullaha oxşama yarışında ön səflərdə qərar tutanlardan Mövlanə həzrətləri də rəsulullahın dəvət mirasının sinələrdə qərar tutması üçün təklifini belə səsləndirir: “İki aləm vardır, birincisi varlıq aləmi, ikincisi isə məna aləmidir. Varlıq aləmi gündüz kimidir; olan-bitəni açıqca görürsən. Bu aləm özünü asanca ələ verməkdədir. Məna aləmi isə gecə kimidir; onu əldə etmək üçün mütləq surətdə könül işığını yandırmaq lazımdır”.

Haqqa dəvət müəssisəsinin kamil öncülləri olan vəliləri adəm övladlarına tanıtma yolunda sözün mənəvi təsir imkanlarından yararlanma keyfiyyətini zirvəyə çıxaran Mövlanə həzrətlərinin qəlbləri İslama qazandırma səyləri necə də heyrətamizdir: “Vəlilərdə Allahdan (c.c) elə bir qüvvət vardır ki, atılmış oxu yoldan geri çevirərlər. Allahla (c.c) yaxın olmaq istəyən kişi vəlilərin hüzurunda otursun. Allah (c.c) vəliləri aləmlərə rəhmət olmaq üzrə yer üzünə gətirmişdir. Onlar xalqı Allah yoluna dəvət edərkən, - Ya Rəbbi! Bunları Sən qurtar, - deyə dua edərlər”.

Dünya tarixi insanları batilə çağıran dəvətin maddi və mənəvi dəyərləri yox edən qara üzünə də şahidlik etmiş və günümüzdə də etməkdədir. Nə yazıq ki, adı müstəmləkə, kapitalist, kommunist olan bu üzdəniraq dinsiz-imansız siyasətlərin təməlləri 100 milyonlarla insanın əbədi səadəti qazanmaq ümidləri qaşısında keçilməz səddə çevrilmişdir. Lakin bundan da dəhşətlisi odur ki, haqqa dəvət adı altında İslami inanc və itaət əsaslarını diz çökdürmə layihələri nə yazıq ki, müsəlman coğrafiyasını dünyadakı bütün haqsızlıqların mənbəyi şəklində tanıtma səyləri ilə aşıb-daşmaqdadır. Bu hadisələr dünyamızı haqq ilə batilin böyük bir savaş meydanına çevirməkdədir. Haqq ilə batilin arasında çırpınan dəvətin Allah və Rəsulunun təyin etdiyi tövhid, ixlas və doğruluq məcrasına yönəldilməsi kütləvi şəkildə batilə təslim olma təhlükəsindən bizləri qurtaracaq bir qurtuluş cığırı olmalıdır. Abdulqadir Gilani bu haqda belə buyurur: “Edəcəyimiz bütün işlərin (o cümlədən haqqa dəvətin) əsli tövhiddir, ixlasdır, doğruluqdur. Tövhid sirrinə yetişməyən, ixlası özünə hal etməyən işləmiş olduğu əməllərdən bir xeyir və bərəkət gözləməsin”. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz