BOŞANMAMAQ ÜÇÜN NƏ ETMƏLİYİK?
Bir cəmiyyəti ayaqda tutan əsas amillərdən biri də, şübhəsiz ki, ailə qurumudur.
Çünki cəmiyyət ailələrdən meydana gəlir. Bir cəmiyyəti və mədəniyyəti aradan qaldırmaq üçün onun müqəddəsi sayılan ailələri pozmaq, əslindən uzaqlaşdırmaq kifayətdir. Əfsuslar olsun ki, son dövrlərdə cəmiyyətimizdə milli mentalitetimizdən uzaqlaşıb başqa mədəniyyətlərdən təsirlənən ailələri daha çox müşahidə edirik. Beləliklə də, bizim təməllərimiz yavaş-yavaş sarsılır. Buna görə də ailə anlayışımız yenidən gözdən keçirilməli və əslinə uyğunlaşdırmaq üçün maarifləndirici tədbirlər görülməlidir.
Ailə qurumunu kökündən sarsıdan xüsuslardan biri də boşanmadır. Bu məsələ günümüzdə ən çox eşidilən məsələlərdən birinə çevrilib. Allahın xoş görmədiyi bu xəstəlikdən necə qurtulmaq olar? Hansı tədbirlər alınmalıdır ki, boşanmalar azalsın, hətta sıfır səviyyəsinə düşsün. Boşanmanın qarşısını almaq üçün bir neçə nöqtəyə təmas etmək istərdik: Birinci növbədə nə üçün və nəyə görə ailə qurduğumuzu bilməliyik. Hz. Peyğəmbər (s.ə.s): “Qadınla dörd şeyə görə nikah bağlayarlar: sərvətinə, əsil-nəcabətinə, gözəlliyinə və dindarlığına görə. Sən dindar olanı seç ki, hüzur tapasan” (Buxari, Nikah 15), - buyurmuşdur. Unutmamalıyıq, milli-mənəvi dəyərlərimizin, saf adət-ənənələrimizin əsası İslam dinidir. Odur ki, milli ailə modelini mühafizə etmək üçün dinimizə hörmətlə yanaşan, dini həyatı yaşamağa çalışan birini ailənin xanımı kimi seçmək daha məqsədəuyğundur. Hədisin diqqət çəkdiyi bir digər nöqtə də ondan ibarətdir ki, hüzurlu ailə üçün mal-mülk, nəsil, gözəllik və digər xüsusları əsas amillərdən biri kimi qəbul etmək olmaz. Ona görə ki, bu amillər müvəqqəti xarakter daşıyır və bir gün yox olub gedə bilər. Həmçinin bu xususlara görə evlənən tərəflər bir müddət sonra doyum nöqtəsinə çatar və ailədə hüzursuzluqla qarşılaşa bilər.
Ailə daxilində qarşılıqlı hörmətin təmin edilməsi və bir-birinin haqlarına riayət edilməsi ailəni möhkəmlədən amillərdəndir. Ailənin idarəçisi olan ailə rəisi ailə üzvlərini xoşbəxt və hüzurlu etmək üçün çalışmalıdır. Ailə rəisi məsul olduğu ailəsini düzgün tərbiyə etməli, milli-mənəvi şüurla onları yetişdirməli və lazımi şəkildə geyim-kecimini təmin etməlidir. Hər ailə başçısı özünə Uca Allahın: “Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır...”(ət-Təhrim, 66/6) buyruğunu rəhbər tutmalıdır. Bir qadın da ərinə qarşı məsul olduğunu düşünərək evini, əlindəki imkanları nəzərə alaraq, ən gözəl şəkildə tənzim etməli, ərinin hüquqlarını qorumalı, israfçılığa yol verməməli, lazımsız tələblərlə ərini yormamalı və ona qarşı hər cür xəyanətdən çəkinməlidir. Ailədə kimin üzərinə hansı vəzifənin düşməsindən asılı olmayaraq, ailə daxilində baş verən bütün problemlərdə valideynlər bir-birilərinə dəstək olmalı, problem baş verdikdə belə bunun nəticəsini deyil, səbəbini araşdırmaqda və həllini tapmaqda birləşməlidirlər.
Boşanmaya səbəb təşkil edən bir digər xüsus da qısqanclıqdır. Qıqanclıq ərlə arvadın bir-birilərinə qarşı hiss etdikləri həyəcan deməkdir. İnsan fitrətindəki bu duyğu və həyəcanın əsasında qadının ərini, kişinin də xanımını kəm gözlərdən qoruması və pis niyyətlərdən uzaqlaşdırması məqsədi vardır. Ancaq qısqanclıq ölçülü olmalı, həddi aşmamağa diqqət yetirilməlidir. Əks təqdirdə boşanmaya səbəb təşkil edər. Əbu Hüreyrədən gələn rəvayətə görə Rəsulullah (s.ə.s) buyurmuşdur: “Allahın sevdiyi və sevmədiyi qısqanclıq vardır. Allahın sevdiyi qısqanclıq şübhəli vəziyyətdəki, sevmədiyi qısqanclıq da heç bir şübhə olmayan yerdə göstərilən qısqanclıqdır”.( İbn Macə, Nikah 46)
Boşanmanın qarşısını almaqda ən əsas vəzifə evin rəisi sayılan kişilərin üzərinə düşür. Belə ki, onlar qadınların nəvazişə və qayğıya layiq zərif şəxslər olduğunu qəbul etməlidirlər. Bir hədisdə belə buyrulmuşdur: “Qadınlarla yaxşı rəftar etməyi tövsiyə edirəm. Vəsiyyətimə qulaq asın. Çünki qadınlar qabırğa sümüyündən yaradılmışdır. Qabırğanın ən əyri hissəsi üst qismidir. Əyri sümüyü düzəltmək istəsən qırarsan. Olduğu kimi buraxsan da əyri qalar. Elə isə qadınlar barəsindəki vəsiyyətimi tutun”. (Buxari, Ənbiya 1; Nikah 80) Qeyd olunan hədisdə, əslində, diqqət çəkilmək istənən məsələ qadının anatomik yaradılışı deyil, psixoloji yaradılışıdır. Ayrıca qadınların tünd xasiyyətinə və yola gətirməyin çox rahat olmadığına da diqqət çəkilmişdir. Həzrət Peyğəmbər (s.ə.s) bizə qadınlarla necə rəftar edəcəyimizi öyrətmiş və döyüb-söyməklə qadına istədiyimiz şəkli verə bilməyəcəyimizi ifadə etmişdir. Peyğəmbər (s.ə.s) hiddət və şiddət yerinə şəfqət və ülfət yolunu tövsiyə etmişdir.Yumşaq dil bütün qəliz məsələləri həll edə bilər. Atalarımızın ifadə etdikləri kimi: “Söz var, kəsər savaşı; söz var, kəsdirər başı”.
Xülasə, dünyada qüsursuz insan yoxdur. “Qüsursuz dost axtaran dostsuz qalar” deyiblər atalarımız. Elə isə müqəddəs ailəmizi ayaqda tutmaq üçün cütlüklər bir-birilərini qüsurları ilə qəbul etməlidirlər.
ŞƏRHLƏR