SUAL? - CAVAB!

SUAL? - CAVAB!

Sual: Heyvanların zəkatı əvəzinə onların dəyəri verilə bilərmi?

Cavab: Malın zəkatı onun öz növündən verilə bildiyi kimi başqa maddələrdən də verilə bilər. Belə ki, heyvanların zəkatını vermək istəyən bir müsəlman, onun öz növündən verə bildiyi kimi, onun qiymətinə müqabil pul da verilə bilər. 

Həmçinin ticarət mallarının zəkatı da malın qiymətinə görə hesablanıb verilə bildiyi kimi, malın özündən də verilə bilər. Ancaq vurğulamaq lazımdır ki, bu məsələdə yoxsulun mənfəətinə uyğun olana üstünlük vermək daha məqsədəuyğundur.

 

Sual: Diş dolğusu etdirmək və ya qoyma diş qüsl almağa manedirmi?

Cavab: Diş və ağız sağlamlığının əhəmiyyəti günü-gündən daha da yaxşı anlaşılır. Hz. Peyğəmbərin diş təmizliyi haqqındakı hədisi diş sağlamlığına nə qədər əhəmiyyət verdiyini göstərir. Belə ki, Hz. Peyğəmbər buyurmuşdur: "Ümmətimə çətin olmayacağını bilsəydim, hər namaz üçün misvakdan  istifadə  olunmasını əmr edərdim". (Buxari, Cümə 8)

Diş qoydurma, dolğu, taxdırma və diş protezi qoydurma kimi müalicələr ağız sağlamlığını qorumaq üçün müraciət olunan çarələrdir. Diş dolğusu və taxdırma kimi müalicələrin dəstəmaz və qüslə mane olub-olmaması, bu müalicələrdə qızıl və ya gümüşün istifadəsinin caiz olub-olmaması müsəlmanları maraqlandıran bir mövzudur.

Quranda və hədislərdə bilavasitə plomblatma və ya taxdırma ilə əlaqədar açıq bir hökm yoxdur. Lakin xəstə olan və ya bədənində narahatçılığı olan bir şəxsin müalicə olma hüququ və vəzifəsi vardır. Bu mövzuda Hz. Peyğəmbərin müxtəlif hədisləri mövcuddur. "Allahın nəzərində güclü mömin zəif mömindən daha xeyirli və yaxşıdır". (Müslim, Qədər 34) Başqa bir hədisdə belə buyurulur: "Hər dərdin bir dərmanı, hər xəstəliyin bir əlacı var". (Müslim, Salam 69)

Dolğu ilə müalicə olunan və ya taxılan dişin müalicəsində gümüşün istifadəsi mövzusunda alimlər həmrəydirlər. Diş müalicəsində qızıldan istifadə etmək Əbu Hənifəyə görə məkruh, İmam Məhəmmədə görə isə caizdir. Məzhəb imamlarının, diş dolğusu və ya taxdırmadan sonra həmin dişlərin içinə suyun daxil olub-olmaması məsələsinə əhəmiyyət vermədikləri müşahidə olunur. Çünki Əbu Hənifə, Əbu Yusif və İmam Məhəmməd dişi gümüş tel ilə bağlama və gümüş diş taxdırmağın caiz olduğu mövzusunda həmfikirdirlər. Bununla yanaşı, Kəsanidə "tədbid (taxdırma)" kəlməsi açıq-aydın qeyd olunur. (Kasani, Bədai, V, 132.)

Bundan əlavə, dəstəmaz və qüsldə sarğı üzərinə məsh caiz olduğu kimi, ağzında taxdırma və ya dolğulu dişi olanın suyu çalxalaması kifayətdir. Xülasə, zərurət olduqda, haram olan şeylər belə həyatı davam etdirə biləcək dərəcədə halal olur. Odur ki, dişdən tam müalicə alan şəxsin plomb və taxdırma dişi öz dişi hökmündədir. Məhz bu səbəblə də üstünün yuyulması içinin yuyulması kimidir. Lakin mümkün qədər müalicənin cünub və ya aybaşı günlərində götürülməməsi məqsədəuyğundur. İmam Şafeiyə görə, bu vəziyyətdə də dişin yuyularaq plomblanması caizdir. (Bax. Sərəxsi, Şərhus-Siyəril-Kəbir, I, 132; əl-Fətaval-Hindiyyə, V, 333.)

 

Sual: Xalqın mənimsədiyi adət-ənənələrin dinimizdəki yeri necə olmalıdır?

Cavab: Dinimizdə adət-ənənələr ümumi olaraq qəbul və ya rədd edilmək əvəzinə dinin təməl əsaslarına müvafiq olub-olmaması baxımından qiymətləndirilmiş və bu əsaslara müvafiq olanlar qəbul edilmiş, olmayanlar isə rədd edilmişdir. Bu baxımdan bəzi adət-ənənələr dinimizdə hüququn (fiqhi məsələlərin) mənbəyi kimi qəbul edilmişdir. Hz. Peyğəmbərimiz (s.ə.s) İslamdan əvvəl üzv olduğu hilfül-füzul cəmiyyəti haqqında belə buyurmuşdur: “Abdullah ibn Cüdanın evində dünyalara dəyişməyəcəyim bir müqavilədə iştirak etmişdim. İslamdan sonra da belə bir müqaviləyə dəvət olunsam, dərhal qəbul edərəm”. Buradan aydın olur ki, Hz. Peyğəmbər (s.ə.s) adət-ənənələri bütövlüklə rədd etməmiş, məqsədəuyğun olanları qəbul etmişdir. Bundan başqa, Hz. Peyğəmbərin (s.ə.s) İslamdan əvvəl də mövcud olan müxtəlif müqavilə növləri və digər hərəkətləri müsbət qarşılaması adət-ənənənin dini-hüquqi məsələlərin ən mühüm mənbələrindən sayıldığına dəlalət edir.

İslam dininin adət-ənənələr qarşısındakı mövqeyi bunların dinin ümumi prinsiplərinə uyğunluğuna, əxlaqi və insani baxımdan daşıdığı dəyərə bağlı olmuşdur. Odur ki, İslam əqidəsini zədələməmək, əxlaq normalarına zidd olmamaq şərti ilə insanların xeyrinə olan tətbiqatın, davranışların, hərəkətlərin cəmiyyətdə yayılaraq adət-ənənəyə çevrilməsində hər hansı bir qəbahət yoxdur.

 

Sual: İçki içilən evdə namaz qılmaq olarmı?

Cavab: Şübhəsiz ki, İslamda sərxoş edən hər cür içki haram buyurulmuşdur. Bunlardan istifadə etmək böyük günahdır. Müsəlman içkidən və içki içilən yerlərdən uzaq olmalıdır. Bundan əlavə, sərxoş ikən namaz qılmaq da ayrı bir günahdır. Namaz qılan insan Uca Allahın hüzurunda olduğu üçün bu ibadətin təmiz yerdə yerinə yetirilməsi əsasdır. Bununla yanaşı, bir evdə içki içilməsi orada namazın qılınmasına əngəl təşkil etmir. Odur ki, içki içilən evdə qılınan namaz səhihdir.

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz