BİR HƏDİS
عَنْ أَبِي هُرَيْرَةَ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: {الرَّجُلُ عَلَى دِينِ خَلِيلِهِ، فَلْيَنْظُرْ أَحَدُكُمْ مَنْ يُخَالِلُ}
Əbu Hüreyrədən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “İnsan dostunun dini üzrədir. Elə isə dostluq etdiyiniz kimsəyə diqqət edin”. (Əbu Davud, Ədəb, 19; Tirmizi, Zöhd, 45)
“Dost” sözü ərəb dilində bir neçə fərqli kəlmə ilə ifadə olunan bir sözdür. Hədisi-şərifdə “xəlil” kəlməsinin fel forması işlənmişdir ki, bu da birinə qarşı sədaqətli olmaq, dost qəbul etmək kimi mənalara gəlir. Hz. Peyğəmbərin həyatı dostluq və sədaqət nümunələri ilə zəngindir. Ətrafındakı insanların ortaq bir ad olaraq dilimizdə dost mənasına gələn “səhabə” kəlməsi ilə adlandırılmaları dostluğun Hz. Peyğəmbər üçün nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. Elə bu səbəblədir ki, Rəsulullah (s.ə.s) insanın seçəcəyi dostu doğru seçməsi lazım gəldiyini bəyan edərək “insan dostunun dini üzrədir” buyurmuşdur. Çünki yaxşı dost insanın sevincinə ortaq olduğu kimi, dar günündə də ona dayaq olar. Eyni zamanda düşdüyü çətin vəziyyətdən əlini uzadaraq dostunun çıxmasına yardımçı olar. Bunun ən bariz nümunəsini Hz.Peyğəmbər ilə Hz.Əbu Bəkr, Hz.Əli və başqa bir çox səhabələr arasında görmək mümkündür. Rəsulullah (s.ə.s) Məkkə müşrikləri tərəfindən sıxışdırılıb hicrət etməyə məcbur qalınca öz canı bahasına Hz. Peyğəmbərin yatağına girən Hz.Əli, Məkkədən Mədinəyə hicrət yolçuluğunda həyatını Rəsulullah üçün fəda edən Hz.Əbu Bəkr İslam tarixinin ən parlaq dostluq nümunələridir.
Duyğu, düşüncə, zövq və dünya baxışı olaraq dostlar bir-birlərinə mütləq təsir göstərirlər. Dostluğun bu təsiredici gücə sahib olmasına görədir ki, Uca Allah Quranda insanın oturub-durduğu insanların sadiq insanlar olmasına diqqət çəkmişdir. Hz.Peyğəmbər də: “Dostluq etdiyiniz kimsəyə diqqət edin”,- buyurmaqla bu həqiqəti bəyan etmişdir. Çünki insanın özü üçün seçdiyi dostlar və qurduğu dostluqlar sadəcə dünya üçün deyil, axirət üçün də insanın xoşbəxtliyi və ya bədbəxtliyi ilə nəticələnə bilər. Uca Allah bu həqiqəti bir ayədə belə bəyan etmişdir: “O gün zalım kimsə barmaqlarını dişləyərək belə deyəcək: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o, məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır”. (əl-Furqan, 25/27-29)
İnsanların bir-birindən təsirlənməsi danılmaz bir həqiqətdir. Bu səbəblə də Hz.Peyğəmbərin bu hədisi dost olaraq seçilən insanların diqqətlə seçilməsinin lazım gəldiyini bəyan edir. Çünki insanın özü üçün seçdiyi dostlar ya insanı doğru yola yönəldərək onu xoşbəxt edər, ya da səhv bir yola yönəldib bədbəxt edər.
ŞƏRHLƏR