BİR OSMANLI XATİRƏSİ...

BİR OSMANLI XATİRƏSİ...

1918-ci ildə erməni-bolşevik dəstələri Azərbaycana qan uddururdu. Müsəlman-türk əhali çətin vəziyyətdə idi. Osmanlı hökuməti kömək məqsədi ilə o dövrün məşhur simalarından olan Nuru Paşanın komandanlığındakı ordunu Azərbaycana göndərmişdi. Bu hərbi hissədə Əhməd adlı balaca bir uşaq da var idi. Əhmədin atası yüksək rütbəli Osmanlı zabiti olan Nemətullah bəy, anası isə Fatma xanım idi. Əhməd kiçik yaşlarından anasını itirmişdi. Yürüş əmri alan Nemətullah bəy oğlunu əmanət edə biləcəyi bir qohumu olmadığı üçün 7 yaşlı oğlu Əhmədi də özü ilə bərabər götürməyə qərar verir. Ordu Gəncəyə çatanda atası onu uşaq evinə yerləşdirir. Sonra da Azərbaycanın daxili ərazilərində davam edən döyüşlərdə iştirak etmək məqsədi ilə müharibəyə gedir. 

Balaca Əhmədin Gəncədəki günləri çox çətin keçir. Anasının vəfatından sonra doğma vətəni və dostlarından ayrı düşmək ona çox çətin idi. Bütün bunlar azmış kimi vətənindən uzaq qərib ölkədə yeganə yaxını olan, ürəyi sıxılanda boynuna sarılıb təsəlli tapdığı atası da yanında deyildi. Gecələr ana-ata fəryadı ilə oyanır və səhərə qədər ağlayır. Uşaq evində  qaldığı iki il boyunca heç nə balaca Əhmədi təsəlli etmir. 

Bu vaxt Azərbaycan müstəqilliyini elan edir. O zaman doqquz yaşında olan Əhməd atasından bir xəbər almaq düşüncəsiylə əvvəlcə Bakıya, sonra da İran sərhədinə yaxın olan Lənkəran şəhərindəki uşaq evinə göndərilir. 28 aprel 1920-ci ildə rus ordusu Azərbaycanı yenidən işğal edəndə Osmanlı əsgərlərini mühakimə edən məhkəmələr qurulur. Bu vaxta qədər ölkədə qalmış Osmanlı əsgərləri məcburi halda bir-bir, iki-iki gizli yollarla İrandan vətənlərinə qayıdırlar.

Ata həsrətinə dayana bilməyən Əhməd bir xəbər almaq arzusuyla uşaq evindən qaçaraq İranın Astara şəhərinə gedir, atasının izini tapmağa çalışır. Atasını gördüm deyən olmur. Boynu bükülür və yenidən Lənkərana qayıdaraq uşaq evində yaşamağa başlayır. Ümidini tamamilə kəsir. Özünü atasız və anasız gələcəyə hazırlayır. 

Nemətullah bəy nə Bakıda, nə də Gəncədə oğlunun izini tapa bilmişdi. Bir tərəfdə övladını qürbətdə qoyub getmək qorxusu, digər tərəfdə də məhkəmələr, ölüm təhlükəsi var idi. Nəhayət, qərar verir; İrana keçir. Ancaq övlad həsrəti vicdanını rahat buraxmır, içindəki bir ümidlə Lənkərana geri qayıdır. Bir gün Lənkəranın küçələrini dolaşarkən balaca Əhmədin ata fəryadını eşidir və həyatının ən xoşbəxt gününü yaşayır – oğluna qovuşur. Təqiblərdən qurtulmaq üçün Osmanlı zabiti  Nemətullah bəy sovet vətəndaşı Nemət olur. Balaca Əhmədin adı da Cəfərov Novruz olur.

Nemətullah paşa İstanbuldan gətirdiyi oğlunun təhsil almasını istəyir və onu hərbi məktəbə yazdırır. Bakıda oxuyan Novruz bir gün xəstələnir və müalicə olunmaq üçün Lənkərana atasının yanına gedir. Bir həftədən sonra geri qayıtdığı zaman sürprizlə qarşılaşır. Məktəbdən çıxarılmışdı və məktəb direktoru ordudan qaçdığı bəhanəsi ilə onu məhkəməyə vermişdi. Məhkəmədə mühakimə olunur və həbsxanaya göndərilir. Üç il həbsxanada yatan Cəfərov Novruz cəzasını başa vurduqdan sonra inşaat fəhləliyi etməyə başlayır. 

Aradan illər keçir. 1941-ci ilin yayında Almaniya Sovet torpaqlarına hücum edir. Xalq səfərbər edilir. Cəfərov Novruz da müharibənin ilk günlərində cəbhəyə gedənlərin arasında olur. Cəbhədə «cəsur əsgər» olaraq ad qazanır. 1942-ci ilin payızında Ukraynanın Xarkov şəhəri yaxınlığında yaralanır və almanlara əsir düşür. Əsir düşərgəsində aparılan dini-milli təbliğat o zamana qədər olan fikirlərində mühüm dəyişikliklər yaradır. Əsir azərbaycanlıların bir yerə toplanaraq hərbi legion yaradılması işinə kömək edir.

Müharibə almanların məğlubiyyəti ilə bitir. Həm legion çalışmaları, həm də Azərbaycan dövləti ilə bağlı bütün ümidləri boşa çıxır. 1946-cı ildə Avstriyada yaxalanır və sovet səlahiyyətli şəxslərinə təhvil verilir.

Bakıdakı KQB bürosunun zirzəmisində ağlına gətirə bilməyəcəyi işgəncələrə məruz qalır, sürgünə göndərilir. 8 il həbsxanada yatdıqdan sonra 1956-cı ildə Vətəninə geri qayıdır. Dostlarının təkidi ilə evlənir və 56 yaşında ata olur.

Bakıdakı evinin divarlarını Məhəmməd Əmin Rəsulzadənin Almaniyada ikən hədiyyə etdiyi Qurani-Kərim bəzəyirdi. Ondan yadigar qalan bir dəst paltar da var. Cəfərov Novruzun müqəddəs bir əmanət kimi saxladığı digər əşya isə Nuru Paşanın papağı idi. Bəzən bu papağı geyinib bayıra çıxar, bəzən də güzgünün qarşısına keçərək acılı günləri xatırlayardı. 

Tez-tez Şəhidlər Xiyabanına gedər, “atamın dostları, mənim əmilərim” dediyi şəhidlərin ruhuna dualar edərdi.

Ömrünün son illərində ən böyük arzusu İstanbulu görə bilmək idi. İstanbul onun üçün ayrı bir məna kəsb edirdi. Novruz dədə vəfatından bir il əvvəl bu arzusuna çatdı və xeyirsevərlərin yardımı ilə İstanbula gedərək doğma şəhərini dünya gözü ilə bir daha gördü.

Novruz dədə - Bakıya gələn Qafqaz İslam ordusunun son və ən balaca nəfəri 29 yanvar 2006-cı ildə 96 yaşında Bakıda vəfat etdi.

Allah rəhmət eləsin.

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz