“ÖZ”ÜMÜZƏ YADLAŞMAYAQ

“ÖZ”ÜMÜZƏ YADLAŞMAYAQ

Yol üstündəki “Mantı City” lövhəsi diqqətimi çəkir. Bu lövhə dörd ildir ki, orada asılıdır. İllər əvvəl “restoranın adını Mantı City qoyublar” deyərək gülüb keçmişdim. 

“Tandır city” və “Medrese city” yazılarımdan sonra yenidən gözümə dəydi. Sənsənmi “Mantı City” yazısına gülən, al indi qələmi əlinə…

Mavi dünyamız bir dənə olsa da, hər kəsin öz dünyası barmaq izi kimi fərqlidir. Eynən qəbrin içi kimi; hər kəs eyni qəbiristanlıqda qara torpağın altındadır, amma hər birinin aləmi fərqlidir.

Bir vaxtlar mantı, sucuq və pastırmanın Kayseriyə, “mövlana şəkəri”nin Konyaya, ləbləbinin də Çoruma məxsus olduğunu zənn edirdim. İllər sonra gördüm ki, bizim ləbləbi Fərqanə vadisinin əsas çərəzlərindən biridir. Özbəkistanda da, Tacikistanda da ləbləbi satılır. Tacikistanın paytaxtı Düşənbədə bizim “mövlana şəkəri”nin rəngi ilə, modeli ilə eynisini gördüm. Bu şəkər təkcə Konyaya aid deyilmiş. Ulu Türküstandan Anadoluya aparılıbmış. Qazaxlar və qırğızlar “c” hərfini “j” şəklində dəyişərək “sujuk” deyirlər. Orta Asiyadan Anadoluya tərəf edilən qutlu köç əsnasında çərəzindən şəkərinə, memarlığından dilinə, sucuğundan keçəsinə qədər hər şeyi aparmışıq. İnsan kosmosa da getsə, mədəniyyətini bərabərində aparar.

Mantı və plov bizim Molla Nəsrəddinimiz kimidir. Molla Nəsrəddin türk cümhuriyyətləri arasında ortaq şəxsiyyət olduğu kimi, mantı və plov da bütün Orta Asiya xalqlarında müştərəkdir. Heç kim “Nəsrəddin xoca mənimdir” deyə bilmədiyi kimi, mantı və plov haqqında da “mənimdir” deyə bilməz. Özbək plovu, qazax plovu, uyğur plovu, özbək mantısı, uyğur mantısı kimi müxtəlif adlar qoyulsa da, mənim ən çox sevdiyim ad “Türküstan”dır. Türküstan adı səma kimi geniş, əhatəedicidir; hər kəsi əhatə edər, heç kimi özgələşdirməz. Türküstan plovu, Türküstan mantısı… Haydı, başına “ulu” da əlavə edək ki, tam olsun: Ulu Türküstan plovu, Ulu Türküstan mantısı…

Mantının kökü gedib Çinə çıxır, adını da Çin-Koreya mənşəli “mantou” sözündən almışdır. Çindəki adı bişirilmə üsuluna və içinə qoyulan içliyə görə: mantou, manzu, mandu kimi dəyişir. Pişik əti ilə bişiriləndə başqa, it əti ilə bişiriləndə başqa adda olurmuş.

Mantı təkcə türk dövlətlərində deyil, monqollarda və əvvəlki sovetlərin bir çox bölgələrində də bişirilir. Necə yəni mantı çinlilərindir? Xəmiri və əti də çinlilər kəşf edib? Allahın “yeyin, için, israf etməyin” deyərək halal buyurduğu hər nemət “bismillah” deyilmiş və dostlarla yeyilmişsə, dünyada da bizimdir, axirətdə də.

Mantı Citydən içəri girib bir porsion sifariş versəniz, sizə bir boşqabda 3, yaxud 4 ədəd mantı gətirərlər. Hər bir mantı sıxılmış yumruq böyüklüyündədir. Bizim kayserililər bir qaşığa qırx dənə mantı sığdırmaqla fəxr edərlər. Bir qaşığa qırx mantı sığdırmaq çox da inandırıcı görünmür. İçi boş xırda-xırda mantılar, bəlkə, sığa bilər. Əti, yağı, ədviyyatı yerində əsl mantı yemək üçün bir qaşığa nəinki 40, 30 belə çoxdur.

Bu boşqabda gətirilən 3 mantıda ət-xəmir nisbəti ən azı % 50-dir. Mantının xəmiri, bəlkə də, ətin dörddəbiri qədərdir. Bir qaşığa sığdırılan xırda mantılarda ətin xəmirə nisbəti beşdəbir olarmı? Mantı Citydə bişən mantının biri bir qaşığı doldurar, hətta daşar. Qərbə tərəf yol getdikcə həm xəmirin, həm də ətin nisbəti azalıb.

 Bir qadının qaşığa 30-40 mantı sığdırması ilə öyünməsini başa düşə bilmirəm. Başqa işin yoxdurmu? Mantını yumruq boyda elə, sonra get başqa işlərlə məşğul ol; kitab oxu, dini söhbətlərə get, Allahı zikr et, xəstə ziyarətinə get, yiyəsiz-kimsəsiz olanların əlindən tut…

Rəsulullah (s.ə.s) buyurur: “Nikahların ən xeyirlisi ən rahat olanıdır”. (Əbu Davud, Nikah 32) Nikah insanın başına bir, yaxud iki dəfə gələr. Ömürdə bir-iki dəfə baş verən nikah üçün rahat olması onun xeyirli olmasında ölçü kimi qəbul edilirsə, gündə üç dəfə yeyilən yeməklərin hazırlanmasında və təqdim edilməsində niyə rahatlıq əsas ölçü olmasın? “Rahatlaşdırın, çətinləşdirməyin; müjdələyin, nifrət etdirməyin”. (Buxari, Ədəb 8)

Ən ləzzətli mantılar bazarda, qaralmış qazanlarda bişirilənlərdir. Türkiyədə küçədə satılan ciyər-çörəyin ləzzətini başqa heç bir restoranda tapa bilmədim. Gigiyena azaldıqca, kir və mikrob çoxaldıqca ləzzət də artır, sanki.

Türkiyədə paxlava üçün xəmir açan, mantı bükən maşınlar var. Məhsulların üstünə  “100% əl dəymədən istehsal edilmişdir” yazılır. İnsan əlindən niyə bu qədər çox qorxurlar? Əslində, buğdanın genini dəyişən, heyvanlara geni dəyişmiş məhsul yedirən, antibiotik və hormon aludəsi edən, əkini və nəsli pozan insanların əllərindən qorxmaq lazımdır.

Mantı Citynin mətbəxini görmüşəm, hər şey normaldır. Mantıdakı kirə razıyam, bu, olan şeydir. Əsl problem “mantı” sözünün yanındakı “city” sözündədir. Kirli əllərə, dəfələrlə işlədilmiş yağa, köhnəlmiş ətə, hətta qurdlanmış xəmirə razıyam, amma mantı sözünün yanındakı “city”yə razı deyiləm. Ey mantı, “city”siz daha gözəlsən.

Əyri oturub doğru danışaq, şirin yeyib şirin danışaq, mantı yeyib məntiqli danışaq. Mantının və məntiqin yanına “city”ni yaxın buraxmayaq.                                                                          

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz