AZADLIQ ÇIRPINIŞI
Azadlığı istəmirəm, zərrə-zərrə, qram-qram,
Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!..
Belə qələmə almışdı mərhum xalq şairimiz Xəlil Rza Ulutürk, xalqın ürəyində bəslədiyi, zaman-zaman bir vulkan kimi püskürən ülvi duyğularını, müqəddəs amalını. Xalqın bu təbii tələbi və ayaqda qalma mübarizəsi min illər boyu müxtəlif dövlətlər şəklində özünü büruzə verib şanlı tarix səhifələrini sətir-sətir, kəlmə-kəlmə qazıdı, həkk etdi bu qoca dünyanın daş yaddaşına. Amma bundan yüz il əvvəl – yeni bir dünyanın formalaşdığı ərəfədə, müasir mədəniyyətlərin baş qaldırıb bütün dünyanı öz ağuşuna alaraq yeni siyasi sərhədləri diqtə etməyə başladığı bir mühitdə səssiz qalmaq bir daha ayağa qalxmaq şansını həmişəlik itirmək mənasına gələ bilərdi.
Dörd ildir davam edən Birinci Dünya müharibəsi nəhəng imperiyaları bir-bir sıradan çıxardır, işğal edilən torpaqlarda talanlar baş alıb gedir, nəzarətsiz qalan bölgələrdə isə hərc-mərclik davam edirdi. Yüz illərdir əsarət altında qalmış xalqların azadlıq çırpınışları nəhəng imperiyaların hədbilməz hegemoniya ehtiraslarına qarışmış, barıt qoxusu öz ana yurdunda açılan lalələrin gözəl ətrini üstələmişdi.
Belə bir şəraitdə Rusiya, Almaniya və İngiltərə kimi nəhənglərin əvəzsiz bir neft bazası kimi hədəflərinə çevrilən Azərbaycan torpaqlarında azad bir nəfəs almaq ehtimalı, cılız bir şamın son çırpınışları kimi, kiçik bir ümidə bağlı qalmışdı. Düzdür, 1917-ci ildə Çar Rusiyasında baş verən inqilablardan sonra Sovet Rusiyasının qurulması və yeni quruluşun dünya dövlətləri arasında etibar qazanmaq üçün bütün xalqların öz müqəddəratlarını təyin etmə haqqına hörmətlə yanaşacağını bəyan etməsi bu ümid şamının bir az daha alovlanmasına səbəb olmuşdu. Qafqazda Rusiyanın təsirinin bir anda azalması burada yeni quruluşların meydana gəlməsinə gətirib çıxarmış, Cənubi Qafqaz seymi adı altında bir il içində üç hökumət bir-birini əvəzləmişdi. Xalqın azadlıq qartalının qandallardan qurtularaq qanad çırpması və səmaya yüksəlməsi üçün xeyli münbit bir mühit yaranmışdı. Amma dediyim kimi, bu boşluğu fürsət bilərək Qafqaza yerləşmək üçün bir-biri ilə yarışan alman və ingilis qoşunlarını da unutmamaq lazım idi. Alman qoşunları artıq Gürcüstana yerləşməyə başlamış, İngilis qoşunları isə İran limanlarına əsgər yığmağa davam edirdi. Hələ bir də silahlı erməni qüvvələri var idi ki, öz havadarlarından silah və müxtəlif vədlərlə dəstək alaraq bu torpaqları ələ keçirmək və havadarlarının ixtiyarına təqdim etmək üçün dəhşətli qırğınlar törətməyə, planlı bir terror əməliyyatına başlamışdı. Yerli qüvvələrin formalaşması üçün nə kifayət qədər maddi baza, nə də vaxt var idi...
Azərbaycanın illərdir azadlığa hərsət ümidləri qanad çalmaq üçün var gücü ilə çırpınırdı. Tək güman yeri onları bu yolda dəstəkləyəcək, əl-ələ tutaraq zirvəyə çıxmalarına kömək edəcək etibarlı bir dayaq – qardaş köməyi idi. Bu məqsədlə mərkəzi Gəncədə yer alan azadlıq hərəkatının üzvləri və Tiflisdəki Azərbaycan fraksiyasının nümayəndələri İstanbula – qardaş ocağına müraciət etdilər. Düzdür, İstanbul da azadlıq arzusu ilə ayaqda qalmaq üçün mübarizə aparırdı. Osmanlı dövləti böyük bir müharibənin içində yer alırdı. Ordusu yeddi cəbhədə döyüşməkdə idi. Şimali Afrikada, Balkanlarda, Qafqaz cəbhəsi deyilən Qars-Ərzurum bölgəsində, Ərəbistan və Yəməndə ingilis, rus, fransız və italyanlara qarşı qızğın müharibə davam edirdi. Osmanlı ordusu, demək olar ki, taqətdən düşmüş, müharibənin gedişatı gündən-günə onun əleyhinə cərəyan edirdi. Lakin belə bir böhran vəziyyətində olmasına baxmayaraq, onlar qardaş çağırışına laqeyd yanaşmadılar.
Balkan müharibəsində və Çanaqqala döyüşlərində Osmanlı ordusuna yardım üçün canfəşanlıqla cəbhəyə qaçan Azərbaycan oğulları bunu deməyimizə imkan verir ki, Azərbaycan ilə Osmanlı dövləti arasında yaranan bu isti münasibət təkcə 1918-ci il çağırışı ilə məhdud deyildi. Bunun illər əvvələ, əslində, tarixən hadisəyə qiymət versək, min illər əvvələ söykənən kökləri var idi.
1918-ci ilin mart ayında İstanbulda Osmanlının hərb naziri Ənvər Paşa ilə görüşən Nağı bəy Şeyxzamanlı Azərbaycan xalqı adından ona müraciət etdi. Onlar arasında müstəqil, müasir, qardaş bir respublikanın yaradılması xüsusunda razılıq əldə edildi. Beləliklə, tarixin ən böyük dönüş səhifələrindən birinin ilk cümlələri yazılmağa başlandı: Qafqaz İslam Ordusu adı altında formalaşdırılacaq hərbi birlik azadlıq mübarizəsi aparan qardaş ölkəyə köməyə göndəriləcəkdi.
Bütün maddi çətinliklərə və hərbi vəziyyətin ağırlığına baxmayaraq Ənvər Paşa bu sözünü yerinə yetirməkdən geri durmadı. Ordunun başına da ən çox etibar etdiyi və ən çox sevdiyi şəxsi – qardaşı Nuru Paşanı vəzifələndirdi. Gənc olmasına, hələ 29 yaşında olmasına baxmayaraq Nuru Paşa bu çətin vəzifəni yerinə yetirmək üçün bir an olsun tərəddüd göstərmədi.
Daha sonra Azərbaycan Demokratik Respublikasının rəhbərlərinin bəyanatlarından və Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin təbrik və təqdirlərindən də məlum olduğu kimi, Nuru paşa bu vəzifənin öhdəsindən ləyaqətlə və məharətlə gəldi. O, təxminən altı ay çəkən bu qısa hərəkat boyunca böyük işlər gördü; Azərbaycan xalqının əbədi minnətdarlığını və məhəbbətini əldə etdi.
Gəncənin azad edilməsi uğrunda aparılan döyüşlərlə başlayan Qafqaz İslam Ordusunun irəliləyişi Göyçay-Qaraməryəm, Kürdəmir-Ağsu, Şamaxı döyüşləri, Hacıqabul döyüşləri ilə davam etmiş, Bakının azad edilməsindən sonra da Qarabağın, Şuşanın azad edilməsi və Dağıstan sərhədlərinin təmizlənməsi ilə zirvə nöqtəyə yüksəlmişdi. Qısamüddətli bu səfərin müvəffəqiyyətlə tamamlanması üçün səfərbər olunan yerli qüvvələrin və Azərbaycan hökumətinin səriştəli siyasətinin əhəmiyyətini də, əlbəttə, unutmamaq lazımdır.
Yerli səfərbərlik nəticəsində minlərlə könüllü Azərbaycan ordu sıralarına cəlb olunsa da, onların qarşısında dayanan erməni-bolşevik dəstələrinin, Çar Rusiyasından qalma rus əsgərlərinin və Bakını əlində saxlamaq üçün guya köməyə gələn ingilis əsgərlərinin ümumi sayı Qafqaz İslam ordusunun sayından iki dəfə çox idi. Belə ki, Qafqaz İslam Ordusunda yeddi minə yaxın Osmanlı əsgəri, bir o qədər də yerli əsgərlər yer alırdı. Qarşılarındakı peşəkar ordu isə say olaraq 30 minə yaxınlaşırdı. Amma ordudakı ruh yüksəkliyi, iman həyəcanı və şəhadət eşqinin gücü onları düşməni qısa bir müddətdə məğlub etməyə müvəffəq etdi. Şəhid olan 1130 Osmanlı əsgəri və 5000-ə yaxın yerli əsgər və könüllülər artıq azadlığına qovuşmuş bu torpağın altında çiyin-çiyinə, hüzur içində yatmaqdadır...
Dünya müharibəsində Osmanlı dövləti məğlub olaraq sahədən çəkilsə də, əldə etdiyi son zəfəri, qardaşına ərməğan etdiyi misilsiz hədiyyəsi ilə tariximizə daim şərəflə xatırlanacaq parlaq bir səhifə bəxş etdi. Şərqin ilk demokratik respublikası səs saldı çalxalanan dünya siyasətinin qaynar gündəminə. 100 il əvvəl göylərə yüksələn müstəqil Azərbaycanın üçrəngli bayrağı hələ də dalğalanmaqda, azadlıq qartalımız səmalarımızda qürurla dövrə vurmaqdadır.
Bu gün də istər dövlət səviyyəsində, istərsə də xalq arasında davam edən yüksək səviyyəli əməkdaşlıq və səmimi münasibətlər bu qardaşlığın parlaq gələcəyindən xəbər verməkdədir.
Müstəqilliyimiz və qardaşlığımız əbədi olsun!..
ŞƏRHLƏR