ELMƏ SUSAMAQ
Endirdiyi ilk ayə ilə “Yaradan Rəbbinin adıyla oxu” (əl-Ələq, 1) deyə əmr edən, “İnsana qələmlə yazmağı öyrədən” (əl-Ələq, 4), Quranı, Bəyanı və bilmədiyini insana öyrədən Rəhman olan Rəbbimiz bəşər övladını daima elmə, maariflənməyə və irfana yiyələnməyə dəvət etmişdir. Başqa bir ayədə isə: “Heç bilənlərlə bilməyənlər bir olarmı?” (əz-Zümər, 9) buyuraraq elm sahiblərinin digər möminlərdən üstün olacağını bildirmiş, həqiqi təqva sahiblərinin üstünlüyünü isə: “Allahdan ancaq alim olan qulları haqqı ilə qorxar” (Fatir, 28) ayəsi ilə bəyan etmişdir.
Son peyğəmbər olaraq göndərilən Allah Rəsulu (s.ə.s) dəvətçi, xəbərdar edici olmaqla yanaşı, eyni zamanda bir müəllim və tərbiyəçi olaraq gəlmişdi. Rəvayətlərə görə, bir gün mübarək evindən məscidə çıxmış, bir tərəfdə Quran oxuyan, dua edən, bir tərəfdə isə elm öyrənməklə məşğul olan iki məclis görüncə: “Hər ikisində də xeyir var. Ancaq mən müəllim olaraq göndərildim”, - deyərək elm məclisində oturmuşdu. (İbn Macə, Müqəddimə, 17; Darimi, Müqəddimə, 32).
Hz. Ömər (r.a) belə deyirdi: “Ənsardan bir qonşum ilə bərabər Mədinənin yüksək tərəflərində olan Ümeyyə ibn Zeyd oğulları yurdunda məskunlaşmışdıq. Elm öyrənmək üçün Allah Rəsulunun (s.ə.s) yanına növbə ilə gedib gələrdik. Bir gün o gedər, bir gün də mən gedərdim. Mən getdiyim zaman o gün yeni vəhy və ya başqa önəmli nəsə olarsa, ona xəbər verər, o da getdiyində eynilə mənim kimi edərdi”. (Buxari, Kitabul-elm, 27)
Səhabələrdən saleh və yüksək təqva əhli kimi bilinən Əbud-Dərda (r.a) Allah Rəsulundan (s.ə.s) belə eşitdiyini xəbər vermişdir: “Kim elm öyrənmək üçün bir yola çıxarsa, Allah da onu cənnətə gedəcək yola çıxarar. Mələklər etdiyi bu işdən xoşlandıqları üçün elm tələbəsinin ayaqlarının altına qanadlarını sərərlər. Şübhəsiz, səma əhli ilə yer əhli, hətta suyun altındakı balıqlar belə alim üçün istiğfar edər. Alimin abidə üstünlüyü ayın bədirlənmiş vaxtı olduğu zaman digər ulduzlara üstünlüyü kimidir. Həqiqətən, alimlər peyğəmbərlərin varisləridir. Şübhəsiz ki, peyğəmbərlər qızıl-gümüş və pul-para miras qoymamışlar. Hər kim onu (elmi) əldə edərsə, böyük bir mükafat əldə etmiş olar”. (Tirmizi, Kitabul-elm, 19)
Bu hədisi eşidən ilk dövrün müsəlmanları aylarla, illərlə elm yolçuluğuna çıxmış, bu yolda hər bir cəfaya və əziyyətə sinə gərmişlər.
İmam Zəhəbi (r.aleyh) “Siyer Alamin-Nübəla” adlı əsərində böyük hədis alimlərindən biri olan Baqi ibn Məxlədin şərqə səfərinin əsl məqsədinin İmam Əhməd ibn Hənbəllə görüşüb ondan elm almaq olduğunu söyləyərək belə qeyd edirdi: “Baqi Bağdada yaxınlaşanda İmam Əhmədin ev həbsində olduğunu öyrənir. Şəhərdə əvvəlcə Yəhya ibn Mainin elm məclisində iştirak edir. Bir müddət sonra isə İmam Əhmədin evinə gəlib qapını döyür. Qapını İmam Əhməd açır, qarşısında dayanan tanımadığı şəxsə diqqətlə baxır. Baqi sözə başlayıb deyir: “Ey Əbu Abdullah (Əhməd ibn Hənbəl), mən qəribəm, bu şəhərə sizdən elm öyrənməyə gəlmişəm”.
Bunu eşidən İmam gələn müsafirə evə girməsini və dar dəhlizlə gedib gözdən itməsini söyləyir. Sonra yanına gəlib haralı olduğunu soruşur. Əndülüslü (İspaniya) olduğunu söyləyincə: “Ölkən həqiqətən çox uzaqdır. Sənin vəziyyətində olanların elmə olan istəklərini qarşılamaqdan, onlara kömək etməkdən mənə xoş gələn başqa bir şey yoxdur. Amma sizin də bildiyiniz kimi, hal-hazırda böyük bir sıxıntı içərisindəyəm”, - deyir. Baqi vəziyyətdən xəbərdar olduğunu, şəhərə ilk dəfə gəldiyini və heç kim tərəfindən tanınmadığını, əgər izin verərsə, dilənçi libasında qapıya gəlib dilənçilər kimi danışacağını, ona sədəqə verilirmiş kimi gündə bir hədis öyrənib gedəcəyini söyləyir. İmam Əhməd heç bir elm məclisində və hədis alimlərinin yanında görülməmək şərti ilə bu təklifi qəbul edir.
Ertəsi gündən etibarən Baqi əlinə bir dəyənək alır, başını parça ilə bağlayır, kağız-qələmini paltarının içində gizlədir və İmam Əhmədin qapısına gəlir. O bölgənin dilənçiləri kimi “əl-əcr, rahiməkumullah” (yardım edin, Allah sizə rəhm etsin) deyə səslənir. İmam Əhməd də qapıya çıxır, onu içəriyə alıb iki, üç ya da daha çox hədisi ona çatdırır. Bu minvalla Baqi ibn Məxləd İmam Əhməddən üç yüzə qədər hədis öyrənmişdi. Nəticədə, zamanın böyük hədis alimlərindən biri kimi yetişdi”.(Abdulfəttah Əbu Ğuddə, Safahat min Sabril Ulema, Beyrut, 1997, səh: 50)
Belə böyük alimlərin elm yolunda çəkdiyi əziyyətləri gördükdə və özümüzü onlarla müqayisə etdikdə bugünkü halımızdan utanc duyuruq. Elektrik enerjisinin, təbii qazın, suyun, rahat, geniş, işıqlı otaqların olmadığı bir dövrdə neçə-neçə böyük alimlər yetişdiyi halda, elmin, texniki tərəqqinin inkişaf etdiyi bu günümüzdə nüfuzlu alimlər yetişə bilməməkdədir. Bu gün elmlər namizədi və ya professor olan insanlar belə o dövrdə yetişən və min bir əziyyətlə əsərlər qələmə alan alimlərin elmlərindən faydalanaraq bu titulları əldə etməkdədirlər.
Elmə, alimə dəyər verməyin və bu yolda hər bir əziyyətə qatlanmağın insanı necə ucaltdığı açıq-aşkar görülmürmü?!..
ŞƏRHLƏR