SARSILMAZ QARDAŞLIQ
Son illərdə çəkilən və türk əsgərinin qəhrəmanlığından bəhs edən serialların birində izləyicini ekrana kilidləyən bir səhnə vardı: Terroristlər tərəfindən əsir edilən bir qrup türkmən arasında azyaşlı qız uşağı ön planda göstərilir.
Terrorist qız uşağını ayağa qaldırıb əlində tutduğu dəmir pulu yuxarı qaldırmasını əmr edir. Atasının gözü önündə canlı hədəf seçilən qız və gərgin saniyələr. Zavallı qızcığazın gözləri bir anda nəyəsə sataşır. Aralıda gizlənib silahının nişangahından hadisələrə nəzarət edən türk əsgərinin qolundakı ay-ulduzlu bayrağı görüb gülümsəməyə başlayır... Və ilk atəş açılır. Qadın, uşaq, qoca demədən silahını insanlığa tuşlayan terrorist və yoldaşları cansız halda yerə yıxılır. Əsir edilən əliyalın türkmənlər heyrət və çaşqınlıqla türk əsgərlərinin üstünə yüyürür. Bir az əvvəl terroristlərin canlı hədəf etdiyi azyaşlı qızın dilindən bu sözlər eşidilir: Türkiyə gəldi, Türkiyə gəldi!...
Əminəm ki, on minlərlə, yüz minlərlə insan eyni anda göz yaşları içində bu səhnəni izləyib. Hər dəfə eyni kadrları seyr edərkən kiçik qızcığazın sevinclə “Türkiyə gəldi, Türkiyə gəldi” deməsi məni yüz il əvvələ aparır. Qeyri-ixtiyari olaraq atamın xalasından nəql etdiyi bir hadisə xəyal dünyamda canlanaraq məni keçmişə aparır. “Rəhmətlik xala deyirdi ki...” cümləsi ilə başlayıb söhbətə xalasının dili ilə belə davam edirdi: “Erməni-müsəlman davası günləri idi. Bakının bir çox məhəlləsində əliyalın insanlara qarşı qırğın törətmişdilər. Ermənilər sadəcə bir neçə gün ərzində qoca-cavan demədən, uşaq-qadın fərqi qoymadan xeyli adam öldürmüşdülər. Yanan evlərin tüstüsü sanki duman kimi hər tərəfə yayılmışdı. Havadan barıt qoxusu gəlirdi. Güllə səsləri hər an ölümlə üz-üzə olduğumuzdan xəbər verirdi... Bir ara şəhəri sükut bürüdü. Əvvəlcə yavaş-yavaş atəş səsləri səngidi, ehtiyatla küçəyə baxdım, məhəllədə heç kim yox idi. Fikirləşdim ki, birdən hücumqabağı sakitlik olar. Nə baş verdiyini öyrənmək üçün evdəki tapançanı çadramın altında gizlədib sağa-sola baxa-baxa məhəllədən çıxdım. Bir az getmişdim ki, Təzəpir məscidinin yaxınlığında camaatın toplaşdığını gördüm. Yavaş-yavaş camaata qarışıb izdihamın mərkəzinə doğru irəliləyərkən yanımdakılardan “türk əsgərlər bizi qurtarmağa gəlib” dediyini eşitdim. Güclə irəliləyib onları görə bildim. Əsgərlərdən birinin mindiyi atın tər içində olduğunu və aclıqdan elektrik şalbanını gəmirdiyini gördüm. Hər hallarından hiss olunurdu ki, özlərini birnəfəsə yetirmişdilər. Sonra bir kişi türk komandanın timsalında bütün türk əsgərlərinə təşəkkür etdi. Tanıyanlar tez yanlarındakına onun məşhur xeyriyyəçi Tağıyev olduğunu dedilər. Qısa çıxışından sonra elə oradaca üzünü sərkarına tutub belə dedi: “Dərhal ərzaq və yem anbarının qapılarını aç, əsgərləri və heyvanları doyur. Onlar bizim üçün burdadırlar”...
Bəli, o gün türk qardaşlarımız gəlmişdi Azərbaycana. Buradakı qardaşlarını darda qoymamaq üçün Anadolu Türkiyəsindən səfərbər olub yol boyu döyüşə-döyüşə, ölkəmizin şəhər və kəndlərini erməni quldurlarından təmizləyə-təmizləyə gəlmişdi onlar. Təngnəfəs halda Bakını azad edib qardaşlıq imtahanından üz ağı ilə çıxmışdılar. Üstəlik Osmanlı Türkiyəsinin can verdiyi ərəfədə. Ordakı analar eynilə Çanaqqalada olduğu kimi, övladlarını Allaha qurban edirmiş kimi xınalayaraq göndərmişdilər Azərbaycana. Hətta səfərbərlik əsnasında heç kimi olmadığı üçün azyaşlı uşağını da özü ilə gətirən zabitlər, yavərlər vardı.
Bu gün Azərbaycanın bir çox yerində 100 il əvvələ aid türk məzarları var. Hansı ki, bir vaxtlar Sovet hökuməti həmin məzarların gün üzünə çıxmasını istəmirdi. Amma buna baxmayaraq dağlarda qoyun otaran çobanlarımız o şəhidlərin məzarını sanki bir-birinə miras qoyurmuş kimi qoruyub saxladılar. Bu gün istər Bakı ətrafında, istər Şamaxıda, istər Göyçay nahiyəsində, bir sözlə ölkəmizin harasında olursa-olsun, bütün türk şəhidlikləri Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz abidəsidir.
ŞƏRHLƏR