ELM OCAĞI

ELM OCAĞI

Heç bir din elmə İslam dini qədər əhəmiyyət verməmişdir. Vəhyin ilk ifadəsi olaraq “Oxu!” əmri ilə qarşılaşan, özünün “müəllim” olaraq göndərildiyini ifadə edən Allah Rəsulu (s.ə.s) Məscidi-Nəbəvidə “Suffə” əhli ilə mədrəsə, məktəb və universitetlərin ilk bünövrəsini qoymuşdur.

İslamda ilk tərbiyə və təhsil fəaliyyətləri Məkkə dövründə “Darul-Erkam”da başlamış, Mədinədə Məscidi-Nəbəvinin inşasından sonra da sürətlə davam etmişdir. “Məclisul-elm” deyə də adlanan bu dərslərdə Hz. Peyğəmbərin (s.ə.s) ətrafında dairə şəklində oturan dinləyici qrupuna “halqa” deyilmişdir (Buxari, Elm, 8). Bu halqalara dərs verməkdə bəzi səhabələr də vaxtaşırı köməklik göstərmişdir.

Məscidə sığınan və sayları zamanla 400-ə qədər çıxan (Kəttani, II, 232-233) Əshabi-Suffə öz vaxtlarının böyük bir qismini təhsillə keçirərdi. İçlərindən bir qismi sırf bunun üçün, yəni elm məclislərində daim yer almaq məqsədi ilə ticarət və əkinçilik kimi işlərdən çəkilmişdir.

Məscidi-Nəbəvi həm ibadət, həm də elm mərkəzi idi. Hz. Peyğəmbər (s.ə.s) məscid-məktəb olan bu mərkəzdə əsasən şəxsən özü dərs deyər, eyni zamanda burada dərs vermək üçün müəllimlər də vəzifələndirərdi. Abdullah ibn Məsud, Ubey ibn Kab, Ubadə ibn Samit, Musab ibn Umeyr, Əbu Ubeydə ibn Cərrah və Əbud-Dərda (r.anhum) bunlardan bəziləridir. Ubadə ibn Samit Qurani-Kərim və oxuma-yazma öyrədərkən, Abdullah ibn Sad əl-As Hz. Peyğəmbər tərəfindən “hikmət müəllimi” olaraq vəzifələndirilmişdi. Onlara söhbətlər edərək bəzi məsələlərə aydınlıq gətirirdi (M.Hamidullah, s.768, 830).

Hz. Peyğəmbərlə (s.ə.s) başlayan bu dərs halqaları fərqli elm sahələri ilə də genişləyərək əsrlərlə məscidlərdə davam etmişdir. Beləliklə, məscidlər elm yuvası olaraq ruh və maddənin bütünləşdiyi bir mərkəz olmuşdur, tarix boyu.

“Model məscid” deyə biləcəyimiz Məscidi-Nəbi yalnız bir ibadətxana deyil, eyni zamanda bir təlim-tərbiyə mərkəzi olmaq funksiyasını yerinə yetirmişdir. Məscidlərdə dini elmlərin xaricində dil, şeir, tibb və astronomiya kimi zamanın ehtiyacı olan digər elm sahələrində də tədris fəaliyyəti göstərilmişdir. Məscidlərdə göstərilən təhsil, təlim və tərbiyə fəaliyyətləri zamanın gətirdiyi ehtiyaclarla mədrəsələrin quruluşuna öndərlik etmiş və xüsusilə də Məscidi-Nəbəvinin proqram və dərs veriliş şəkli ilə IV əsrdə ortaya çıxan və V əsrdə bütün İslam aləminə yayılan mədrəsələrə model təşkil etmişdir.

Bütün bunlarla birlikdə məscidlərin gözəl sənətlərin inkişafına da qatqısı olmuşdur. Belə ki, memarlıq və xəttatlıq sənəti başda olmaqla, ibadət mərkəzlərinin gözəl bir üslubla bəzədilməyə çalışılması onları bir çox incəsənət növünün mərkəzi halına gətirmişdir. Osmanlı dövründə təzhib, xəttatlıq, Quran təlimi və hafizlik kimi bir çox dərslər tətbiqat mərkəzi olaraq məhz məscidlərdə verilərdi.

Əlbəttə, “Allahın evləri” olaraq bilinən məscidlər bir məbəddir, ibadət yerləridir. Ancaq bu məbədlərin vəzifəsi yalnız namaz və bənzəri ibadətlərin ifa edildiyi yer olmaqdan ibarət deyil. Əksinə, məscidlərin fərdi, ictimai və siyasi həyatın bütün sahələrini əhatə edən bir çox vəzifələri vardır. Əsri-səadətdə məscid həyatın hər sahəsiylə əlaqədar funksiyalar icra edirdi. Məscid məbəd idi, məktəb idi, irşad yeri idi; görüşmə, yeri gəldiyi zaman məhkəmə, yığıncaq yeri, mədəniyyət məclisi və şeir kürsüsü idi...

Məscidlərdə təlim və tədris yalnız kişilərə aid deyildi; qadınlar üçün də Məscidi-Nəbəvidə ayrı bir gün təyin edilmişdi. Qadınların dini mövzulardakı yüksək savadı, onlara Hz. Ömər (r.a) kimi sərtliyi ilə tanınan bir xəlifəyə çəkinmədən etiraz edə bilmə cəsarəti vermişdir. Belə ki, Hz. Ömər mehrlərə məhdudlaşdırma gətirən qərarından bir xanımın etirazı üzərinə imtina etmişdir.

Həmçinin İslama böyük töhfələr verən, elm sahəsində çox əhəmiyyətli yollar açan İslam alimləri, müctəhid imamlar da məscidlərdəki elm halqalarında yetişmiş, buralarda dərs oxutmuşlar. İmam Əbu Hənifə (r.aleyh) öz məscidində dərs oxudar, tələbələrinin məsciddə yüksək səslə müzakirə etmələrinə icazə verərdi. İmam Şafei (r.aleyh) kiçik yaşlardan etibarən məscidlərdəki dərs halqalarına qatılmış, daha sonra buralarda dərs vermişdir. İmam Malik (r.aleyh) Məscidi-Nəbəvidə, Həsən Bəsri (r.aleyh) Bəsrə məscidində elmlə məşğul olmuşdur. Təfsir, hədis, tarix, məntiq, riyaziyyat, cəbr, tibb sahələrində olduqca geniş məlumat sahibi olan Təbəri (r.aleyh) gününün bir qismini əsər yazmağa, bir qismini də məsciddə dərs verməyə ayırardı.

            Məscidlər İslamın ilk dövründən bu yana cəmiyyətin ehtiyacına görə şəkillənərək günümüzə qədər gəlmiş, hər zaman elm və irfan mərkəzi olmuşdır. Günümüzdə də məscidlərin bu imkanlarından düzgün istifadə edilərsə, cəmiyyətin rifahı və inkişafı naminə böyük faydalarının olacağı qaçınılmazdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz