DÜNYA - ŞEİR
Bu dünyanın kam alınmaz dadı var,
Nə ağlayan onadan doyar, nə gülən.
Sual bitməz, hər kəs cavab axtarar,
Nə süpürən ondan qaçar, nə silən...
Hər çiçəkdə ayrı-ayrı möcüzə,
Xoş görünər seyr eləyən hər gözə,
Sığmaz bütün gözəlliklər bir sözə
Nə görməyən gözün çəkər, nə görən...
Sirləri var açılmalı, bitməyən,
Yaddaşı var, hər canlının, itməyən,
Ulduzlar var, biz getsək də, getməyən,
Nə bilməyən baş çıxardar, nə bilən...
Nemətlərin varmı sayı-hesabı,
Heyvanların varmı zəngin-kasıbı,
Tamahkarlıq insanların ayıbı,
Nə verməyən əlin çəkər, nə verən...
Ayrılığın həsrəti var, dinməyən,
Hər ürəkdə bir arzu var, sönməyən,
Bir-bir gəlib, yoxdur geri dönməyən,
Nə cahili burda qalar, nə ərən...
Sultan olsan, vaxtı gələr, köçərsən,
Bir aləmdən bir aləmə keçərsən,
Bu dünyada nə əkmisən, biçərsən,
Nə əkməyən yaddan çıxar, nə əkən...
(Sultan)
ŞƏRHLƏR