NYUTON VƏ İNAM

NYUTON VƏ İNAM

Adəm övladına Allaha inam, onun fitrətinə, xəmirinin yoğrulduğu anda əlavə edilib. Mövcudat tarixində Allahın (yaradıcı ilahi qüvvənin) varlığını inkar edən kimsə olmayıb.

 Mütləq inamsız insan mövcud deyil. Lakin fərq inamda, onun dərkində müşahidə olunur. Məsələn, bizim inandığımız Allaha ayrı din nümayəndəsi də inanır, amma başqa bir formada, başqa düşüncədə. Bütpərəst bizim inandığımız Allaha fərqli cəhətlər nisbət edir. Hansısa bir səma planetində onun yaşadığını, inək otardığını iddia edir. Mənim bəhs etdiyim bu fərqliliklər deyil, onun inamıdır. Yaxud xristian bizim inandığımız Allahın oğlu olduğunu, Onun öz oğlunu insanları günahdan, həyat zindanından xilas etmək üçün dünyaya göndərdiyini, onun da öz canını insanların nicatı üçün qurban verdiyini iddia edir. Yenə də şərt bu deyil, əsas olan Allahın varlığına inamın olmasıdır.

Dünyanın ən dahi alimləri belə, əksər vaxt Allahın varlığına sidq ürəklə inandıqlarını etiraf etmişlər. Onlardan biri də Nyuton olub. Nyuton dərin inamı olan bir xristian idi. O, təkcə dünyəvi elmlərlə deyil, həm də teologiya – ilahiyyat elmi ilə məşğul olmuşdur. Onun üçün elm ilahiyyatdan ayrıla bilməzdi. O, insan qəlbini, eləcə də şeytanlar və mələkləri də maddi varlıq sayırdı. Ona görə də Nyuton xristianlığı anlamaq baxımından azlıqların içində yer alırdı. O, Allahı vahid varlıq kimi qəbul edir, İsanı isə sadəcə insan sayırdı. Buna baxmayaraq, İncili həqiqi fakt kimi qəbul edib, həyatını ona uyğun qururdu. Kəşf etdiyi qanunların hamısı onun üçün yalnız sona yaxınlaşan dövriyyənin qanunları kimi qalmaqda idi. Apokalipsis, yəni axır zamana, dünyanın sonuna inanır və onun tezliklə gerçəkləşəcəyini düşünürdü. Özünün içindəki boşluğu da Allahın “ərazisi” sayırdı.

Əslində o, elmə ilahiyyat fikirlərini qataraq daimi, əbədiyaşar Allahın sonsuzluğunun bir nişanəsi kimi “möcüzə” terminini daxil etmişdi. Bu barədə Engels yazırdı: “Nyuton Allaha ilk təkan vermək imkanını saxladı. Amma öz Günəş sisteminə başqa cür müdaxilə etmək imkanı vermədi”. Qəribəsi budur ki, “Müqəddəs Üç Üqnum” kollecində çoxillik iş təcrübəsinə baxmayaraq, o, Üç Üqnuma inanmırdı. Ömrünün sonuncu illərində dahi fizik Nyuton 40 ilin araşdırmalarını aşkarlayan bir əsəri – “Qədim çarlıqların xronologiyası” əsərini tamamlayırdı. O, İncil hadisələrinin öz xronoloji variantını da hazırlamışdı.

Onun əsərlərini, xüsusilə də apokalipsis haqqında yazdıqlarını oxuyandan sonra müasirlərin onu “allahsız” adlandırmağını qəbul etmək mümkün deyil. Fransız dilində “pamflet” kimi buraxılmış ittihama Nyutonun həmən cür, yəni “pamflet” formasında yazılmış cavabı indiyədək bir tarixi abidə kimi çox maraqlı fakt sayılır.

İstənilən araşdırmaçı Nyutonun əsərlərini ətraflı mütaliə etsə, onun inancsız yox, Allaha inanclı bir şəxsiyyət olması qənaətinə əminliklə gələr. Çünki Nyutonun da etiraf etdiyi kimi, bütün aləmdəki dəqiq nizam və intizam onun çox elmli, mahir, qüdrətli bir Yaradanın, yəni Allahın əsəri olmasına sübutdur.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz