HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Abdulqadir Gilani - 7
Dünyəvi təhsil ilə təmin ediləcək qazanc yenə dünyada qalacaq; mərifətullah təhsili isə əbədi səadət vəsiləsi olacaqdır. Dolayısilə elm mərifətullaha doğru bir pillə təşkil etdiyi təqdirdə qulun əbədi qurtuluşu üçün fayda verər.
Bunun üçün hər elm Allahın adı ilə, hikmət nəzəri ilə, iman və təqva dərinliyi içində oxunmalıdır ki, qəlbdə mərifətullaha pəncərələr açılsın.
Abdulqadir Gilani həzrətləri buyurur:
“Ey oğul! Elmin sənə hər an (hal dili ilə) səslənir və deyir ki:
Əgər mənimlə əməl etməsən, (axirətdə) sənin əleyhinə bir şahid və dəlil olaram. Yox, əgər mənimlə əməl etsən, o halda sənin lehinə bir şahid və dəlil olaram…”
Demək ki, sırf zehnə depolanan, qəlbə enməyən, həyata əks etməyən, irfana çevrilməyən bir elm ilahi hüzurda sahibindən şikayətçi olacaq. Bunun əksinə, elmi ilə əməl edən və bu sayədə istiqamət və təqva üzrə yaşayan bir qula isə xeyirli bir şahid olacaq.
Bütün elmlər Allah-Təalanın həyata və kainata qoyduğu qanunların təsbit edilməsindən ibarətdir. Qurani-Kərimdə ilk nazil olan ayə də: “اِقْرَاْ : Oxu!” əmri ilə başlayır. Amma Haqq-Təala oxumağa ayrı bir xüsusiyyət bəxş edir; “Yaradan Rəbbinin adı ilə oxu!” (əl-Ələq, 1) buyurur. Yəni könlünü Allaha verərək oxumağı əmr edir. Sadəcə zehnən deyil, qəlbən də oxumağı əmr edir. Qəlb hər şeyin, hər mövcudiyyətin zahirinə əlavə olaraq batinini, sirr tərəfini, hikmət və ibrətlərini də oxuyacaq, o şəkildə kamilləşəcək. Beləcə, hər şey ona Xaliqini xatırladacaq.
Arxasınca bir “oxu” təlimatı daha gəlir:
“Oxu, Rəbbin ən böyük kərəm sahibidir”. (əl-Ələq, 3)
Yəni Allahın sonsuz ikramlarını, saysız nemətlərini düşün! Beləcə, Allahın sənə ehsan etdiyi nemətlərin fərqində ol. O nemətlərin məsuliyyətini idrak et. Necə ki, ayeyi-kərimələrdə buyurulur:
“Sonra o gün (dünyada istifadə etdiyiniz) nemətlərdən, əlbəttə və əlbəttə, hesaba çəkiləcəksiniz”. (ət-Təkasür, 8)
“Sizi əbəs yerə yaratdığımızı və həqiqətən hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?” (əl-Muminun, 115)
Sonra üçüncü bir “oxu” əmri də gəlir:
“Kitabını oxu! Bu gün səni hesaba çəkmək üçün özün-özünə kifayətsən”. (əl-İsra, 14)
Qiyamət günü dünyadakı təhsilimizin qiymət cədvəlini oxuyacağıq. Həyat imtahanımızın bütün mənzərəsi, ən xırda təfərrüatına qədər, orada bizə yenidən seyr etdiriləcək. O zaman hər şey ortaya çıxacaq. Allahın verdiyi saysız nemətlərə qarşı qulluğumuzun, həmdimizin, şükrümüzün, göstərdiyimiz səylərin nöqsanlığı səbəbi ilə dərin bir hüznə bürünəcəyik.
Buna görə də əsl oxumaq bütün bu həqiqətləri idraka aparan və bu idrak çərçivəsində ülvi, pak bir yaşayışı təmin edən oxumaqdır. Oxumağın qayəsi həyata nizam vermək, hal və davranışları tənzim etmək, qulu təqvaya çatdırmaqdır. Ayeyi-kərimədə:
وَاتَّقُوا اللّٰهَ وَيُعَلِّمُكُمُ اللّٰهُ
“…Allahdan qorxun (Ona qarşı gəlməkdən çəkinin)! Allah sizə lazım olanı öyrədir…” (əl-Bəqərə, 282) buyurulur.
Müfəssir Qurtubi bu ayənin təfsirində belə bir açıqlama verir:
“Bu ayədə Allahdan çəkinənlərə Allahın özünün elm öyrədəcəyi vədi yer alır. Yəni Haqq-Təala təqva sahibi olan qulun qəlbinə həqiqətləri idrak edə biləcəyi və haqq ilə batili ayıra biləcəyi bir nur ehsan edər”. (Qurtubi, III, 406)
Hədisi-qüdsidə bildirildiyinə görə, Allah-Təala belə buyurur:
“…Qulum özünə fərz qıldığım əməllərdən daha sevimli hər hansı bir şeylə Mənə yaxınlıq əldə edə bilməz. Qulum Mənə (fərzlərə əlavə olaraq etdiyi) nafilə ibadətlərlə daha da yaxınlaşmağa davam edər. Nəhayət, mən onu sevərəm. Qulumu sevəndə isə (elə bil) Mən onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram…” (Buxari, Riqaq, 38)
Bir hədisi-şərifdə də bu mənanı təsdiq etmək mahiyyətində:
“Bildikləri ilə əməl edənlərə Allah-Təala bilmədiklərini öyrədər”, - buyurulmaqdadır. (Əbu Nuaym, Hilyə, X, 15)
Əsasən elm, onu həyata keçirmək məqsədi güdülərsə, dəyər qazanar. Əks təqdirdə yalın bir hamballıqdan ibarət olar. Necə ki, bir uzunqulağa, belində daşıdığı cildlərlə kitabın heç bir faydası olmaz. Bənzər şəkildə, bildikləri ilə əməl etməyən Bəni-İsrail alimlərini Haqq-Təala ayeyi-kərimədə “kitab yüklü mərkəblər”ə təşbeh etməkdədir.[1]
Rəsulullah r də bu hala düşməyin narahatlığı içində Allah-Təalaya sığınaraq:
“Ya Rəbb! Faydasız elmdən Sənə sığınıram!” - deyə iltica etmişdir. (Müslim, Zikr, 73)
Həzrət Peyğəmbərimiz r tələbələri olan əshabını da bu şüurla yetişdirmişdir. Əshabi-kiram Allah Rəsulunun elminin yanında Onun halını, əxlaqını, ixlas və təqvasını da əldə etdilər. Onun qulluq həyəcanını, təbliğ canfəşanlığını, təqva həssasiyyətini də idrak etdilər.
Məsələn, bu nəbəvi təlim və tərbiyədə hikmət təcəllilərinə məzhər olan İbn Məsud t:
“Biz yediyimiz loğmaların zikrlərini eşidirdik”, - buyurmuşdur. (Bax. Buxari, Mənaqib, 25)
Bu gün də xüsusilə İslami elmlər sahəsində təhsil alan tələbələrə elmin yanında o qəlbi doyğunluğu, dini həssasiyyəti, məhəbbət və təqva həyəcanını da qazandırmaq lazımdır.
Allah-Təala ayeyi-kərimədə buyurur:
“Məgər gecə saatlarını səcdə edərək və ayaq üstə duraraq ibadət içində keçirən, axirətdən çəkinən və Rəbbinin rəhmətinə ümid bəsləyən kimsə (kafirlə eynidirmi?) De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? (Bundan) ancaq ağıl sahibləri düşünüb ibrət alarlar”. (əz-Zümər, 9)
Bəzi kimsələr ayeyi-kərimədəki “bilənlərlə bilməyənlər eyni ola bilərmi?” ifadəsinin mənasının təkcə zahiri və dünyəvi elmləri bilməkdən ibarət olduğunu zənn edirlər. Halbuki Rəbbimizin əmri: hikməti bilmək, ibrət almaq, təfəkkürdə dərinləşmək və ilahi əzəmət qarşısında ürpərən həssas bir qəlbə sahib olmaqdır.
Necə ki, bu ayədə “bilənlər” ifadəsi ilə nəzərdə tutulan kimsələrin vəsfləri belə sadalanmaqdadır:
1. Gecə saatlarında səcdə və qiyam halında ibadət edərək, səhər vaxtının feyzi ilə ruhuna mənəvi qida vermək,
2. Axirət əndişəsi içində ruhunu hər an diri tutmaq, faniliyi heç bir zaman unutmamaq, nəfsani arzuları tərk edərək “ölmədən əvvəl ölün” həqiqətini idrak etmək,
3. Rəbbinin rəhmətini ummaq, daima dua və iltica halında yaşamaq…
Bunlar həqiqi mənada “bilənlərin” vəsfləridir.
Başqa bir ayədə də:
“Qulları arasında ancaq elm sahibi olanlar Allahdan (lazımi şəkildə) qorxarlar”, (Fatir, 28) - buyurulur.
Demək ki, Allah qatında dəyərli olan elm: qulu Rəbbinə qarşı yüksək bir təqva, xaşyət, təzim, hörmət və ədəb hisslərinə aparan elmdir. Yəni bütün elmlərin nəticədəki qayəsi və zirvəsi mərifətullahdır; “Allahı qəlbən tanıya bilmək”dir. Bu cahan məktəbində alınacaq əsas təhsil də “Haqqa qulluğun öyrənilməsi”dir.
Sami Əfəndi həzrətləri də söhbətlərində bu xüsusa tez-tez diqqət çəkərdi. Bir gün onu ziyarətə gələnlərdən biri həm duasını almaq, həm də nəvələrini tanış etmək istəmişdi. Hüzuruna girib əlini öpərkən:
- Əfəndim, bu qoçaqlar Amerikada oxuyub mühəndis oldular. Onlar üçün də dua etməyinizi xahiş edirik, - deyə onları təqdim etdi. Sami Əfəndi həzrətləri məna dolu bir təbəssümlə belə buyurdu:
- Mən aciz bəndə də Darul-fünun (Hüquq) məzunuyam. Amma əsl təhsil mərifətullahın təhsilidir!”.[2]
Dünyəvi təhsildə hər hansı bir bölməni seçən kimsə illərlə o sahəyə aid məlumatları oxuyur. Ancaq dünya təkcə ondan ibarət deyil. O sadəcə bir qırıntıdır. Bu qədər qırıntı məlumatlar qafillərdə, fasiqlərdə, zalımlarda da var. Hətta o zalımlar – iki uclu bir bıçaq kimi – xeyrə də, şərə də işlədilə bilən bu bilikləri ilə daha böyük zülmlər işləyərək əbədi həyatlarını məhv edərlər.
Demək ki, o cüzi elmlər təkbaşına bir dəyər daşımır. Sırf zehndə depolanan və nəfsaniyyətə amadə qılınan biliklər insana son nəfəsdə, qəbirdə, qiyamətdə, hesabda, mizanda, siratda fayda vermədiyi kimi, bir də əbədi xüsrana səbəb ola bilir.
Yunus Əmrə həzrətlərinin buyurduğu kimi:
Elm elm bilməkdir,
Elm özün bilməkdir,
Sən özünü bilməzsən,
Bu necə oxumaqdır?
Oxumaqdan məna nə?
Kişi haqqı bilməkdir.
Çün oxudun bilməzsən,
Ha bir quru əməkdir!..
Xülasə, elm mərifətullaha bir pillə təşkil etdiyi təqdirdə qulun əbədi qurtuluşu üçün fayda vermiş olar. Bunun üçün qul hər elmi Allahın adı ilə, hikmət nəzəri ilə, iman və təqva dərinliyi ilə oxumalıdır ki, qəlbində mərifətullaha pəncərələr açılsın.
Unutmayaq ki, bu dünya məktəbinə axirət icazənaməsini ala bilmək üçün gəlmişik. Əvvəla bu dərsxanaya gəliş və gedişin mənasını düzgün oxumalıyıq. Çünki burada ikən getmək istədiyimiz adresə uyğun təhsil almalıyıq. Əgər cənnəti arzulayırıqsa;
P Allah Rəsulunun xarakter və şəxsiyyətinə bənzəyə bilməyin təhsilini almağımız şərtdir.
P Onun əngin mərhəmətini, çiçəklərdən daha zərif təbəssümünü, bənzərsiz davranış gözəlliklərini könül gözü ilə oxuyub öyrənməyimiz əlzəmdir.
P Onun qəlbi həyatından və nümunəvi şəxsiyyətindən pay götürərək təbliğ həyəcanı içində yaşamağımız zəruridir…
Necə ki, Haqq-Təala:
“(İnsanları Quran ilə) Allaha dəvət edən, saleh əməl işləyən və “həqiqətən, mən müsəlmanlardanam” deyən kəsdən daha gözəl danışan kim ola bilər?” (Fussilət, 33) – buyurur. Bu ayeyi-kərimə həqiqi oxumağı dərk edən, həqiqi təhsili əldə edən möminlərin şəxsiyyətini ifadə edir.
O şəxsiyyətin fəzilət üfüqünü də arxasınca gələn bu ayə izah edir:
“Yaxşılıqla pislik eyni ola bilməz! Sən (pisliyi) yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!”. (Fussilət, 34)
Deməli, həqiqi və məqbul bir oxuma belə bir yüksək əxlaqı qazandıran oxumadır. Əsas təhsil insanı həqiqi istiqbala, yəni axirətə hazırlayan təhsildir.
Abdulqadir Gilani həzrətləri buyurur:
“Özün haqqında, öz üzərində təfəkkür et. Təfəkkür qəlbin görəcəyi işlərdəndir. Əgər özünü bir yaxşılığa nail olmuş olaraq görürsənsə, şanı uca olan Allaha şükür et. Əksinə, əgər bir pislik görürsənsə, ona görə də tövbə et.
Bax bu təfəkkür sayəsində dinin ehya olar, şeytanın da gücünü itirər. Buna görədir ki, “Bir saatlıq təfəkkür bir gecəlik nafilə ibadətdən daha xeyirlidir”, - deyilmişdir”.
Qurani-Kərim müxtəlif ifadələrlə tam 137 yerdə mömini ilahi hikmət və həqiqətlər üzərində təfəkkür etməyə dəvət etməkdədir. Çünki təfəkkür bir iman açarıdır.
Təfəkkür bir tərəfdən üstümüzdəki ilahi nemətləri düşünüb şükrümüzü artırmağa, digər tərəfdən də xəta və qüsurlarımızın fərqinə vararaq onları düzəltməyə vəsilədir.
Həzrət Ömər t buyurur:
“Hesaba çəkilmədən əvvəl özünüzü hesaba çəkin!.. Şübhəsiz ki, dünyada ikən nəfsini hesaba çəkən kimsə üçün qiyamət günündəki hesab yüngül olacaq”. (Tirmizi, Qiyamət, 25/2459; İbn Kəsir, Təfsir, I, 27)
Dolayısilə iç dünyamızı tez-tez gözdən keçirməli, nəfsimizi hesaba çəkməli, hal və hərəkətlərimizə nəzarət etməli, yəni mənəvi vəziyyət və istiqamətimiz üzərində ciddi şəkildə təfəkkür etməliyik. Belə bir təfəkkür qəlbin ən fəzilətli əməllərindəndir.
Bundan başqa, təfəkkür qabiliyyəti insanı digər məxluqatdan fərqli və üstün edən bir xüsusiyyətdir. Mövlana həzrətləri nə gözəl buyurur:
“Ey qardaş! Bədənin ət və sümük olaraq (yəni maddi baxımdan) heyvanlarla eynidir. Əslində, sən təfəkkür ilə həyata bağlanmalısan. Təfəkkürün gül kimi olarsa, sən bir gül bağçasındasan.Yox, əgər tikan kimi düşünürsənsə (nəfsinin arzularına məğlub olursansa), atəşdə yanacaq quru bir kötüksən!”
Bu dünyada maraqlandığımız, diqqətimizi çəkən hər şey, əslində, qəlbimizin seyr etdiyi bir vitrindir. Qəlbimiz hər vitrindən – müsbət və ya mənfi – mütləq bir təsir əldə edir. Könül dünyamızın keyfiyyətini də bu təsirlər təyin edir. Buna görə də qəlbimizin Rəhmani vitrinləri, yoxsa şeytani vitrinləri seyr etdiyinə son dərəcə diqqət göstərməliyik. Necə ki barmaq izi maddi bir kimliyi təmsil edirsə, insanın seyr edib təfəkküründə yer verdiyi vitrinlər də onun mənəvi kimliyini formalaşdırır.
Bu yolda qəlb nə qədər məsafə qət edərsə, mərifətullahdan da o qədər hissə alar. Məsələn, bir dənizə sahilindən baxanlar onun təkcə səthini görərlər. Amma dənizin dibinə dalan mahir bir dalğıc düşdüyü hər dərinlikdə bambaşqa mənzərələr seyr edər. Bunun kimi, bir rəhlə başında oturub Quran oxumağa başlayan hər kəs qəlbi dərinliyi nisbətində ondan istifadə edər.
Yəni hər kəs qəlbinin qabiliyyəti nisbətində idraka sahibdir. Məsələn, Həzrət Əbu Bəkr t Rəsulullaha r baxanda insan surətində bir fəzilət abidəsi gördü, Ona heyran qaldı; “Canım-malım Sənə fəda olsun, ya Rəsulallah!” - dedi.
Əbu Cəhl isə Peyğəmbərimizə baxanda öz iç dünyasındakı qatranı gördü, buna görə də dəhşətli bir nifrətə büründü, azğın bir düşmənə çevrildi.
Mövlana həzrətləri belə buyurur:
“Ey insan, dünyadan bir-birinə zidd iki səs gəlir. Görəsən, sənin qəlbin hansını almağa qabildir?
O səslərdən biri Allaha yaxınlaşanların halı, digəri isə aldananların (fisqü-fücur içində olanların) halıdır. Bu səslərdən birini qəbul etsən, digərini eşitməzsən. Çünki sevən bir kimsə sevdiyinin ziddi olan şeylərə qarşı sanki kar və kor olar”.
Bunun kimi, hər şeyə nəfsaniyyət pəncərəsindən baxmağa qərar verib o yöndə özlərini şərtləndirənlər də Rəhmani sədalara kar, ruhani vitrinlərə qarşı da kor olarlar.
Abdulqadir Gilani həzrətləri buyurur:
“Ey oğul! Allaha varmaq yolunda yenə onun – Allahın feilləri sənə yol göstərsin. Necə ki hər hansı bir sənət əsərinə baxanda bizi onu meydana gətirən sənətkara aparır, eynilə bunun kimi, Allahın heyrətamiz, qəribə və müəzzəm bir sənəti olan bu kainata ibrətlə baxmaq yolu ilə də Allaha varıla bilər”.
Kainatdakı hər şey ilahi əzəmətin bir dəlilidir. Bu səbəblə heç bir şeyə boş gözlərlə baxmamaq lazımdır. İlahi vitrinləri ibrət nəzəri ilə seyr edib təfəkkürdə dərinləşmək lazımdır. Əlbəttə, bu da qəlbin tərəqqisi nisbətində mümkün olur.
Əgər qəlb iman və istiqamət üzrədirsə, onsuz da, bu kainat kitabında gördüyü hər varlıq ona Yaradanın qüdrət və əzəmətini xatırladar. Günəş, Ay, ulduzlar, atmosfer, hava, torpaq, su, bitkilər, heyvanlar, xülasə, bütün varlıqlar hal dili ilə danışar, Xaliqin varlığını, birliyini, elm və qüdrətinin sonsuzluğunu elan edər.
Ariflərin ifadəsi ilə desək:
“Haqq-Təala o qədər zahirdir ki, zühurunun şiddətindən qaibdir”.
Əlbəttə ki, idrak edə bilənə, hiss edə bilənə... Qəlb gözü kor olana isə Günəş də qaranlıqdır. O qafilin nəzərində kainatdakı mükəmməl ahəng, möhtəşəm tarazlıq, ağılları donduran qüdrət axışları, idrakı aşan hesab və ölçü sadəcə bir təsadüfün nəticəsidir. Bu mənada baxanda, idrak baxımından onun digər canlılardan bir fərqi yoxdur. Belələri ayeyi-kərimədəki “…Onlar heyvanlar kimidir, hətta (tutduqları) yol baxımından daha da çaşqındırlar (yollarını azıblar)”, (əl-Furqan, 44) – ifadəsinin çərçivəsinə daxil olmaqdadır.
Mövlana həzrətləri nəfsinin əsiri olub ruhani təfəkkürdən uzaq yaşayanların qəflət və axmaqlığını bu təşbeh ilə izah edir:
“Bir öküz Bağdada gəlir və şəhəri başdan-başa gəzib-dolaşır. (Bir çox mədəniyyətlərə qucaq açmış olan, ortasından şırıl-şırıl Dəclə çayı axan, ilahi sənətin müstəsna bir nümunəsi olan)Bağdad şəhərində xoşuna gələn nemətlər olaraq təkcə (zibilliyə atılmış) yemiş və qarpız qabıqlarını görür. Onsuz da, öküz ilə uzunqulağın seyrinə layiq olan da ya dağılıb yola saçılan saman, yaxud da yol kənarlarında bitən ot-alafdır”.
Allah-Təalanın “əl-Bari” və “əl-Musavvir” əsmasının təcəllilərindən ibarət olan kainatdakı qüdrət naxışları sanki səssiz və sözsüz ilahi şeirlərdir. Bu şeirləri oxuya bilmək qəlblərdəki hissiyyatın dərinliyi nisbətində mümkündür .
Ariflərdən biri nə gözəl deyir:
“Bu cahan ağıl sahibləri üçün seyri-bədayi (ilahi qüdrət naxışlarının qəlbən seyrangahı), axmaqlar üçün isə yemək və şəhvət mənbəyidir”.
Xülasə, bu kainat məktəbində laqeyd və mənasız baxışlarla dolaşmaq; güllərin, sünbüllərin, bülbüllərin, küləklərin, dərələrin və dağların hal lisanından heç nə başa düşməmək qəlbin viranəyə dönməsi deməkdir. Bu isə insana bəxş edilmiş olan ən qiymətli xəzinənin hədər edilməsidir.
Abdulqadir Gilani həzrətləri buyurur:
“Sizin dininizin ortadan qalxmasının dörd səbəbi var:
Birincisi: bildiklərinizlə əməl etməməyiniz,
İkincisi:bilmədiklərinizlə əməl etməyiniz,
Üçüncüsü: bilmədiklərinizi öyrənməyib cahil qalmağınız,
Dördüncüsü: digər insanların, bilmədikləri şeyləri öyrənmələrinə mane olmağınızdır”.
Haqq-Təalanın razı qalacağı istiqamətdə bir qulluq həyatı yaşamaq üçün əvvəla elmimizlə əməl etməyimiz, inandığımız dəyərləri həyatımıza tətbiq etməyimiz əlzəmdir. Yoxsa, Həzrət Ömərin t ifadəsi ilə: “İnandığınız kimi yaşamazsanız, yaşadığınız kimi inanmağa başlayarsınız”.
İkincisi, həddimizi bilməliyik.
Ayeyi-kərimədə buyurulur:
“…Sizin üçün daha xeyirli olduğu halda bir şeyi sevməməyiniz mümkündür. Sizin üçün daha pis olduğu halda bir şeyi sevməyiniz də mümkündür. Allah bilir, siz bilməzsiniz”. (əl-Bəqərə, 216)
Dolayısilə, biz hələ özümüz haqda nəyin xeyir, nəyin şər gətirəcəyini bilməkdən acizik. Bu səbəblə öz fikrimizi heç bir zaman Allah və Rəsulunun təlimatlarından daha üstün bilməməliyik. Öz naqis ağlımızın deyil, Quran və Sünnənin bildirdiyi əbədi səadət ölçülərinin rəhbərliyində yaşamalıyıq. Ağlımızın müəyyən bir hüdudu olduğunu unutmamalıyıq. Həzrət Mövlananın: “Ağıl Mustafaya qurban olsun!” – ifadəsini özümüzə düstur bilməliyik.
Üçüncüsü, cəhalətdən qurtulmalıyıq.
Hədisi-şərifdə buyurulduğu kimi: “Ya öyrədən, ya öyrənən, ya dinləyən, ya da elmi sevən/dəstəkləyən olmalı, beşincisi olmaqdan çəkinməliyik”.[3]
Bundan əlavə, nə qədər bilik sahibi oluruqsa olaq, elmin axırının, son nöqtəsinin olmadığını unutmamalıyıq. “Mən hər şeyi bilirəm!” demək bir naqislikdir.
Rəvayətə görə, Həzrət Musa u Firon və ordusunun Qırmızı dənizdə boğulmasından sonra qövmünü bir yerə yığdı. Onlara çox fəsih, bəliğ və həyəcanlı moizələr dedi. Qövmü Həzrət Musanın elm və irfandakı dərinliyinə heyran qaldı. Aralarından biri:
- Ey Allahın peyğəmbəri, yer üzündə səndən daha alim bir kimsə varmı? - dedi.
Həzrət Musa:
- Belə bir şəxs tanımıram, - deyə cavab verdi. Başqa bir rəvayətə görə isə, bu sual qarşısında Musa u susdu. Lakin susması ilə özünün ən alim kimsə olduğu fikrini qəbul etmiş oldu. Bu hadisədən sonra Haqq-Təala peyğəmbərini saleh bir qulunun yanına, yəni Xızır u-a göndərdi ki, lədünni elm təhsili alsın.
Demək ki, kim olursa olsun, hər bir insan bildiyinin müəllimi, bilmədiyinin tələbəsidir.
Peyğəmbərimiz r də, elmin sonsuzluğu və insan oğlunun bu xüsusdakı acizliyini ifadə etmək mənasında:
“…Allaha and içirəm ki, mənim bildiklərimi bilsəydiniz, az gülər, çox ağlayardınız… (Evlərinizdən) səhralara səpələnib Allaha yüksək səslə yalvara-yalvara durardınız”, - buyurmuşdur. (İbn Macə, Zöhd, 19)
Dördüncüsü də, həqiqi elm və irfanın təhsilinə mane olmayıb, əksinə, təşviq etməli, dəstək olmalıyıq.
Əsri-səadətdə iki qardaş var idi. Biri Rəsulullah r -in yanından ayrılmaz, Ondan elm öyrənər; digəri isə məişətlərinin təmini ilə məşğul olardı. İşləyən qardaş bir gün digər qardaşını Allahın Rəsuluna şikayət etdi. Peyğəmbərimiz r ona belə cavab verdi:
“Bəlkə də, sən onun sayəsində ruzi tapırsan!” (Tirmizi, Zöhd, 33/2345)
Üzülərək görürük ki, günümüzdə dünyəvi təhsilə verilən əhəmiyyət dini təhsilə verilmir. Halbuki Rəsulullah r 23 illik peyğəmbərlik həyatı boyunca İslam mədəniyyətini əshabına təlim etdi. Dolayısilə, övladlarımızı bir yay tətilində, qısa bir müddətdə məscidə və ya kursa göndərməklə onların dini təhsillərinin tamamlandığını düşünmək dini təhsili ciddi qəbul etməmək mənasına gəlir. Bu isə böyük bir qəflət əlamətidir.
İnsanın sevdiyi bir yaxınını itirməsi bu dünyadakı ən böyük acılardan biridir. Amma o hicran atəşi belə, bir müddət sonra sönər. Bundan daha acı olanı isə axirətdə yaşanacaq olan “yəvmul-fəsl”, yəni əbədi “ayrılıq günü”dür. Haqq-Təala saleh qullarını;
سَلَامٌ قَوْلًا مِنْ رَبٍّ رَح۪يمٍ
“Onlara mərhəmətli Rəbbin söylədiyi salam var” (Yasin, 58) ayəsində ifadə edildiyi kimi, böyük bir ikram və iltifatla Cənnətinə dəvət edəcək. Amma dini təhsildən məhrum yetişdikləri üçün o saleh bəndələrlə eyni könül dünyasını paylaşa bilməyən mücrimlərə isə, onlar ən yaxın qohum olsalar da:
وَامْتَازُوا الْيَوْمَ اَيُّهَا الْمُجْرِمُونَ
“Bu gün bir tərəfə ayrılın, ey günahkarlar!” (Yasin, 59) buyurulacaq. Bəkə də, orada neçə-neçə övladla ata-ana əbədi olaraq fərqli yollara düşəcək. Dünyəvi ayrılıqlarla müqayisə edilə bilməyəcək dərəcədə dəhşətli bir ayrılıq və hüzn günü gerçəkləşəcək…
Elə isə sabah axirətdə xüsrana düşməmək üçün bu gün həm özümüzün, həm yaxınlarımızın, həm də xüsusilə övladlarımızın dini təhsilinə əhəmiyyət verməliyik. Övladlarımızı Allah yolunda düzgün yetişdirməliyik. Çünki onlar bizə Allahın əmanətidir.
Allah-Təala qəlblərimizi qəflətdən mühafizə etsin. Qurani-Kərimin əhkamı ilə amil, əxlaqı ilə kamil olan, saleh və müttəqi qullarının cərgəsinə hər birimizi lütf-kərəmi ilə ilhaq eyləsin.
Amin!..
ŞƏRHLƏR