100 İL SONRA 100 İL ƏVVƏLKİ RUH

100 İL SONRA 100 İL ƏVVƏLKİ RUH

Necə ki bəzi görkəmli şəxsiyyətlərin dəyəri vəfatından sonra bilinirsə, eyni şəkildə bəzi hadisələr də var ki, dəyəri, mahiyyəti və daşıdığı ruh bir müddət sonra başa düşülür. 

Səmimiyyət kökü üzərinə bina edilən bütün hadisələr dünya var olduğu müddətcə insanlar tərəfindən təqdirlə qarşılanır və nümunə, qürur mənbəyi kimi dünyaya tanıdılır.

Ümumi olaraq islam tarixi və xüsusi olaraq türk-islam tarixi bu cür şəxsiyyət və hadisələrlə doludur. Bu hadisələrin yenidən gün üzünə çıxardılması və müasir gənc nəslə qərəzsiz şəkildə tanıdılması milli-mənəvi dəyərlərimizin mühafizə edilməsində və sonrakı nəsillərə çatdırılmasında çox əhəmiyyətli yerə malikdir.

Bu hadisələrdən biri də məhz 100 il əvvəl baş vermiş və hal-hazırda qürurla gənc nəslimizə anlatdığımız “Qafqaz İslam Ordusu” səfəridir.

Türkiyənin  Beynəlxalq Gənc Dərnəyi və Gəncliyə Yardım Fondunun təşkilatçılığı  ilə həyata keçirilən, “100 İllik Əmanət” layihəsi çərçivəsində “Qafqaz İslam Ordusunun izində” devizi ilə hərəkət edərək Türkiyədən yola çıxan 40 könüllünü Bakıda və Gəncədən Qubaya Azərbaycanın bir çox bölgələrində qonaq edərək yola saldıqdan sonra biz də səfərə hazırlaşdıq. Eyni məqsədlə, eyni ruhla biz də 40 könüllü tələbə ilə Bakıdan İstanbula doğru yola çıxdıq.

Əlbəttə, müasir vasitələrlə bu səfəri icra edərkən ata-babalarımızın at belində və yaxud piyada bu qədər məsafəni qət etməsini anlamaq çox çətin olur. Ancaq dərin təfəkkürə dalınca başa düşürük ki, din, duyğu və qan qardaşlığı, qərəzsiz məhəbbət insana güc qazandırır və hər cür çətinliyin öhdəsindən gəlir. Azərbaycandan Çanaqqalaya  heç düşünmədən canını verməyə aparan ruh məhz bu ruh, duyğu və məhəbbətdir. Həmçinin məşəqqətlərə sinə gərərək, “Qafqaz İslam Ordusu”na qatılaraq Bakını düşmənlərdən təmizləmək üçün canını fəda etməyə gələn qəhrəmanlardakı duyğular da bu duyğulardır.

“Əl-əli yuyar” deyib atalarımız. Tarix boyunca Anadolu türkləri ilə Azərbaycan türkləri bir-birinə sahib çıxıblar. İstanbuldakı Bosfor boğazı iki dənizi birləşdirir. Bu boğazın üst və alt qisminin suları bir-birinin əksinə axır. Necə ki bu iki əks istiqamətli axıntı dənizləri bir-birinə bağlayır, Anadolu və Azərbaycan xalqları arasındakı milli-mənəvi və siyasi mübadilələr də tarix boyunca onları bir-birinə bağlamışdır.

İstanbula səfərimizin məqsədlərindən biri də  “Qafqaz İslam Ordusu” komandiri Nuru Paşanın məqbərəsini ziyarət etmək və ruhuna dualar oxumaq idi. Böyük ərazini əhatə edən “Ədirnəqapı şəhidliyini” görüncə insan həm sevinir, həm də üzülür. Ona görə sevinir ki, dini, dili, vətəni uğrunda həyatından keçən gənclərimiz hələ də var. İslamın şəhidlik ruhu hələ də müsəlman gəncliyin damarlarında tüğyan edir. Ona görə üzülür ki, torpağın altında eyni yaşda olan gənc xəyallar yatır. Onlar kimi olma şərəfi bizə nəsib olmadı. O qəbiristanlıqda saysız şəhid məzarları yer alır. Hər bir şəhidin məzarını Türkiyə bayrağı bəzəyir. Onların arasında bir də bu gözəliyyə gözəllik qatan Azərbaycan bayrağını görmək insanın gözlərindən sevinc yaşları axıdır. O bayrağın kölgəsində Nuru Paşanın məzarı yer alır.

Nuru Paşanın Azərbaycan bayrağı ilə tanıdılması çox qürur vericidir. Hər iki bayrağın onun məzarı üzərində dalğalanması “Bir millət, iki dövlət” şüurunun əsrlər boyu davam etdiyini göstərir. Bir daha bizə məlum olur ki, aramızdakı sərhədlər sadəcə xəritədəki xətlərdən ibarətdir.

Ruhuna dua oxuyan gənclərin gözlərində “Nuri Paşa ola bilmək” arzusu açıq şəkildə özünü büruzə verirdi. 100 il sonra düşmənlərin əlindən qurtardığı bölgələrdən gələn gənc nəslin dua etməsi həm Nuru Paşanın ruhunu şad etmiş, həm də çəkilən əziyyətlərin puç olmadığını göstərmişdir.

“Kaş mən də belə qəhrəman olardım və mənə də dualar edilərdi” deyən gənclərin hər birinin öz vəzifələrini layqiylə yerinə yetirmələrinin labüd olduğu ifadə edildi, hər biri tərəfindən. Hər bir gənc öz sahəsində kamilləşib dünya səviyyəli mütəxəssis olmağa söz verdi. Milli-mənəvi ruhlu həkim, mühəndis, alim, zabit olmaq onların ən əsas hədəflərindən biri oldu.  Bu səfər bizə başa saldı ki, əgər təqdirəlayiq xarakterimiz olmazsa, vəzifəmizi layiqli şəkildə yerinə yetirməzsək, Nuru Paşanın ruhuna oxuduğumuz dualar öz dəyərini itirəcəkdir; onlar çəkdikləri əziyyətləri bizə halal etməzlər.

100 il əvvəl ata-babalarımızın daşıdığı ruhun gənclərimizin damarlarında hələ də canlılığını görüncə Qarabağı ən qısa zamanda geri qaytaracağımıza inamımız bir daha artdı. Hətta tələbələrimizin yekdilliklə: “Müəllim, buradan geri qayıdarkən Bakıya deyil, Qarabağa gedək!”- demələri, mən əminəm ki, həm Nuru Paşa və əsgərlərinin, həm də Çanaqqalada, Qarabağda şəhid olan ata-babalarımızın ruhlarını şad etmişdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz