Sözün Sirri
Söz insanın daxilindəkilərin zahirə yansımasıdır. Söz özdən çıxar. Söz deyib keçməmək lazımdır. Deyilən hər söz mühafizə altına alınmaqdadır. Sözü qeyd edən, mühafizə edən mələklər vardır.
(Qaf, 18) Allahın qatında mühafizə edilən söz heç bir şəkildə dəyişikliyə məruz qalmaz. (Qaf, 29) Ağızdan çıxan hər sözün qiyməti vardır. Buna görə də gözəl sözlər söyləmək lazımdır. Boş yerə danışmamaq, deyilən hər sözün məsuliyyətinin olduğunu dərk etmək gərək. Söz danışmaqdır. Allah da danışmışdır. Peyğəmbərlərin içində Allahın danışdığı vardır. (Bəqərə, 253) Allah Musa ilə açıqca danışmışdır. (Nisa, 164) Allah bir bəşərlə necə danışar? “Allah bəşər övladı ilə ancaq vəhylə, yaxud pərdə arxasından danışar. Və ya bir elçi (mələk) göndərər ki, o da Allahın izni ilə (göndərildiyi kimsəyə) Onun istədiyini vəhy edər. Həqiqətən, o (hər şeydən) ucadır, hikmət sahibidir!” (Şura, 51) Quran Allahın danışması (kəlamı)dır. (Tövbə, 6) Allah hər hansı bir mövzuda danışarsa (hökmünü verərsə), o iş mütləq şəkildə gerçəkləşər. (Yunus, 19)
Dünya məsuliyyət yurdu olduğu üçün insanlar istədikləri sözü söyləyə bilərlər. Lakin axirətdə belə olmayacaq. Orada dünyada dedikləri hər sözün hesabatını verəcəklər. Üstəlik Allahın izni olmadan heç kəs bir kəlmə də olsun danışmayacaq. (Hud, 105)
İnsan söylədiyi xoş sözləri ölüm gəlmədən həyata keçirməzsə ölüm anında o sözləri təkrar etməsinin ona heç bir faydası olmayacaqdır. (Muminun, 100) Ağızların möhürlənəcəyi, əllərin danışacağı, ayaqların edilən pis əməllərə şahidlik edəcəyi bir gün (Yasin, 65) heç şübhəsiz gələcəkdir.
Sözü ən gözəl söyləyən Allahdır. Bütün gözəl sözlər onundur. Onun sözləri yazmaqla bitməz. (Loğman, 27) Onun sözündə dəyişmə olmaz. (Kəhf, 27) Bütün gözəl sözlər ona yüksələr. (Fatir, 10)
Haqq onun sözləri ilə təcəlli edər, batil onun sözləri ilə məhv olub gedər. (Şura, 24) Bir qövm üçün –səbr etmələrinin müqabilində- gözəl söz söylədikdə o qövmün halı yaxşıya doğru gedər. (Əraf, 137) O, yalnız özünə qulluq etməyi, yəni müvəhhid olmağı, şirkdən uzaq qalaraq təmiz həyat yaşamağı İbrahim peyğəmbərdən bu yana həmişəlik sabit bir söz qılmışdır. (əz-Zuxruf, 27) Allah iman edənləri gözəl bir sözlə dünya həyatında sabitqədəm qılar. (İbrahim, 27) İman edənlər həqiqətən layiqli hərəkət edərsə Allah onlarla mücadilə aparan kafirlərin sözünü (kəlməsini) alçaldar. (Tövbə, 40) Allah tərəfindən sözü alçaldılmış kəslər əsla müvəffəq ola bilməz və mütləq surətdə məğlub olub gedərlər. Allahın sözü (kəlməsi) ən ucadır. İnsanlar da Allahın kəlməsinə sahib çıxdıqları ölçüdə ucalarlar.
Onun hər hansı bir şey haqda “ol” sözü gerçəkləşdimi, anında həyata keçər. (Nəhl, 40) İsa b. Məryəm Allahın bir sözü (kəlməsi) idi. Allahın sözü olduğu üçün çox gözəl danışardı. Çünki Ruhul-Qüds olan Cəbrayılla dəstəklənmişdi. Cəbrayıl (ə.s) bir kimsəni dəstəklərsə o, beşikdə olsa belə danışmağa başlayar. (Maidə, 110)
İlk insan olan Adəm (ə.s) xətaya düşdükdə Allahdan bəzi sözlər öyrəndi və o sözləri oxuyaraq tövbə etdi, qurtuldu. (Bəqərə, 37) Həzrət Yunus da Rəbbinin qəlbinə nazil etdiyi sözləri söyləməklə (təsbeh etməklə) xilas olmuşdu. (əs-Saffat, 142-143) Elə isə çətin anlarda Allahın dua və yalvarma ehtiva edən sözlərinə sarılmaq gərək. Uca Rəbbimiz ağır zamanlarda ona necə dua edəcəyimizi bir çox ayəsində bildirmişdir.
Sözün də imtahanı var. Sözü gözəl söyləmək çətin olduğu kimi sözlə imtahan da çox çətindir. Allahu təala İbrahim Peyğəmbəri də bəzi sözlərlə imtahan etmişdi. (Bəqərə, 124) İbrahim (ə.s) bu sözlərə sadiq qaldı, gərəyəni yerinə yetirdi. Əcəba, nə idi bu sözlər? Rəbbimizin onu sağlığı, zənginliyi, xanımı və övladı ilə imtahan etməsi idi. Həzrət İbrahim bu sınaqların hamısından üzüağ çıxa bildiyi üçün tərifə layiq görülmüşdür. Başqa şəkildə ifadə edərsək; İbrahim (ə.s)-ın ağzından bəzi sözlər çıxmışdı. Söylədiyi sözlər bir insanın altından qalxa bilməyəcəyi yüklərdi. Bu sözlərin qarşılığında canından, malından və övladından fədakarlıq etməli idi. İbrahim (ə.s) bu sözlərin gerçəkləşməsi üçün Allahdan yardım istədi. Allahın yardımı ilə verdiyi sözü tutdu. Sözlə bağlı buradan alacağımız böyük bir dərs vardır. Hər zaman öhdəsindən gələ biləcəyimiz sözləri vermək daha doğrudur.
Allah da söz vermişdir. Allah iman edib saleh əməl işləyənlərə məğfirət və böyük mükafat vəd etmişdir. (Fəth, 29) Rəhman olan Allah qullarına, onların gözləri ilə görmədiyi Adn cənnətini vəd etmişdir. (Məryəm, 61) Allahın verdiyi söz haqdır. Allahdan daha doğru danışan kim ola bilər!? (Nisa, 122)
Gözəl söz kökləri yerdə sabit olan, budaqları isə səmaya yüksələn ağac kimidir. Rəbbinin izni ilə hər zaman meyvə verər. (İbrahim, 24-25)
Rəbbimiz bizə danışdığımız zaman meyvəsini hər zaman verən gözəl sözlər söyləməyi, susduğumuzda da onun əzəmət və cəlalını təfəkkür etməyi nəsib etsin! Amin!
ŞƏRHLƏR