Quranla Həmhal Olmaq

Quranla Həmhal Olmaq

Qurani-Kərim Peyğəmbər (s.ə.s)-in timsalında bütün insanlığa göndərilmiş həyat düsturudur. Şairin ifadəsi ilə desək o nə ölülər üçün endirilmişdir, nə də məzarlıqda oxunmaq üçün.

 Əslində biz dirilər onu oxumalı və öyrətdiyi həyat düsturlarını öz həyatımıza tətbiq etməliyik. Quran Rəbbimizin kəlamıdır. Qurana bağlı həyat yaşamaq əlbəttə ki, nəticəsi Allah tərəfindən qiymətləndirilən bir həyat tərzidir. Quran nə tarix kitabı, nə coğrafiya, nə psixolojiya, nə də ədəbiyyat kitabıdır. Bir çox yönü ilə hamısını ehtiva edən və hamısından üstün xüsusiyyətə sahib olan ilahi kitabdır. O, uca Allahdan gələn, qulların həyatını necə tənzimləyəcəyini öyrədən kitabdır. Bu mövzuda yazacaqlarımdan daha faydalı olacağını düşündüyüm və bəlkə də çoxunuzun oxuduğu yaşanmış bir hekayə ilə sizi baş-başa buraxıram. Şübhəsiz ki, hamımızın bu hekayədən çıxaracağı ibrət və dərslər vardır. Abdullah bin Mübarəkin başına gələn bu hadisə Quran ilə həmhal olmağın ən gözəl nümunəsini ortaya qoyur.

Abdullah b. Mübarək nəql edir:

“Bir gün həccə gedirdim. İraq, Suriya torpaqlarından keçərkən tənha bir qadınla qarşılaşdım. Salam verdim. Salamımı “Rəhmli Rəbbdən (onlara) "salam" deyiləcəkdir.” (Yasin, 58) ayəsi ilə aldı. “Burada nə edirsən?” deyə soruşdum. “Allah kimi doğru yoldan sapdırsa, ona yol göstərən olmaz.” (əl-Əraf, 186) ayəsini oxudu... Başa düşdüm ki, yolu azıb. Hara gedirsən sualıma “Qulunu bir gecə Məscidi-Həramdan Məscidi-Əqsaya aparan Allah nöqsan sifətlərdən uzaqdır” (əl-İsra, 1) ayəsi ilə cavab verdi. Anladım ki, keçirdiyimiz həcc mövsümündə həccini tamamlamış, Qüdsə gedir. Yolunu nə vaxt azdığını soruşdum. “Düz üç gecədir (yəni üç gün)” (Məryəm, 10) dedi. Yeməsi üçün bir şey təklif etdim. “...Sonra gecəyə qədər orucunuzu tamamlayın” (əl-Bəqərə, 187) ayəsini oxudu. “Amma Ramazan ayı deyil” dedim, “Hər kəs (vacibdən əlavə) könüllü olaraq yaxşı bir iş görərsə, Allah (onun etdiyi yaxşı işdən) razı qalandır (əvəzini verəndir), (onu) biləndir.” (əl-Bəqərə, 158) ayəsini oxudu. Yolçuluqda oruc açıla bilər, dedim. “Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!” (əl-Bəqərə, 184) ayəsini oxudu. Niyə mənim kimi danışmadığını soruşdum. “Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!” (Qaf, 18) ayəsini oxudu. “Kimlərdənsən?” -dedim. “Bilmədiyin bir şeyin ardınca getmə. Çünki qulaq, göz və ürək-bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır.” (İsra, 36) ayəsini oxudu. “Səhv etdim, bağışla!” –dedim. “Bu gün sizə (etdiklərinizə görə) heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın!” (Yusuf, 92) deyərək cavab verdi. Dəvəmə mindirib qafiləsinə çatdırmağı təklif etdim. “Şübhəsiz ki, Allah etdiyiniz xeyirli işi biləndir.” (Bəqərə, 215) ayəsini oxudu. Minməsi üçün dəvəmi yanına gətirdikdə “Mö’min kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, naməhrəmə baxmasınlar.” (Nur, 30) ayəsini oxudu. Gözlərimi çevirdim və dəvəyə minməsi üçün gözlədim. Bu əsnada dəvə hürküb qaçdı və paltarının bir hissəsi yırtıldı. Dodağının altında “Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır!” (əş-Şura, 30) ayəsini oxudu. “səbr et, dəvəni bağlayım!” –dedim. “Biz Süleymanı anlayışlı və doğru qərarlı qıldıq” (Ənbiya, 79) ayəsini oxuyaraq dəvəmi istiqamətləndirmək xüsusunda mənim daha müvəffəq olacağımı qəsd etdi. Dəvəyə mindi və “Bunları bizə ram edən Allah pakdır, müqəddəsdir! (Əgər Allahın köməyi olmasaydı) bizim onlara gücümüz çatmazdı. Həqiqətən, biz (öləndən sonra) Rəbbimizin hüzuruna qayıdacağıq!” (əz-Zuxruf, 13-14) ayələrini oxudu.

“Haydi” deyib, dəvəni sürətləndirdim. “Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışında) səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!” (Loğman, 19) ayəsini oxuyaraq məni tənbehlədi. Yolda gedərkən şeir oxumağa başladım. “Qurandan sizə asan gələn yeri oxuyun!” (Müzzəmmil, 20) ayəsini oxudu. “Şeir oxumaq haram deyil ki.” dedim “Bunu ancaq ağıllı adamlar dərk edərlər!” (Bəqərə, 269) ayəsi ilə cavab verdi. Bir az getdikdən sonra evli olub-olmadığını soruşdum. “Ey iman gətirənlər! Sizə bəlli olunca qanınızı qaraldacaq şeylər barəsində soruşmayın.” (Maidə, 101) ayəsini oxudu. Bu əsnada qafiləsinə çatdıq. “Qafilənin içində kimin var?” dedim, “Mal-dövlət, oğul-uşaq (oğullar) bu dünyanın bər-bəzəyidir.” Ayəsini oxudu. Bildim ki, övladları var. adlarını soruşdum. “Allah İbrahimi (Özünə) dost tutmuşdur; Allah Musa ilə danışdı; Ey Yəhya! Kitabdan bərk yapış.” (Nisa, 125,164, Məryəm, 12) ayələrini oxudu. “Ey İbrahim, ey Musa, ey İsa!” deyərək qafiləyə səsləndim. Nur üzlü üç gənc gəldi. Onlara pul verib: “İçərinizdən birini göndərin ki, görsün ən təmiz təam hansıdırsa, ondan sizə ruzi (yemək alıb) gətirsin.” (Kəhf, 19) dedi. Yemək gəldikdə mənə: “Keçmiş günlərdə etdiyiniz (yaxşı) əməllər müqabilində yeyin-için!” (əl-Haqqə, 24) dedi. Uşaqlara, “Ananızın bu halını mənə izah etməsəniz yeməyə əlimi də vurmayacağam” dedim. Onlar da dedi ki:

- Anamız ağzından Allahın qəzəbinə gələcək yanlış bir söz çıxarma qorxusuyla 40 ildir ki, bu şəkildə - yalnız Quran ayəsi ilə danışır.

İbn Mübarək hər zaman bu hadisəni Quranda hər şeyin olduğuna dəlil gətirərək danışardı.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz