Ruhumuzun Xərçəngi - Qeybət
Maddi xəstəliklərimiz olduğu kimi ruhun da bəzi xəstəlikləri vardır. Ruhun xəstəlikləri xəsislik, iftira, düşmənçilik, qeybət, yalan, paxıllıq və s. dir. Bu yazıda qeybətdən söz açacağıq.
Qeybət böyük günahlardan biridir. Bir gün Rəsulullah (s.ə.s) əshabdan soruşdu:
- Bilirsinizmi qeybət nədir? Səhabələr:
- Allah və Peyğəmbəri daha yaxşı bilir dedilər.
Rəsulullah:
- Qardaşının arxasınca onu xoşuna gəlmədiyi şəkildə xatırlamaqdır, -dedi. Səhabələr:
- Əgər qardaşımda dediyim xüsus var isə? -deyə soruşdular. Rəsulullah (s.ə.s):
- Əgər qardaşında var isə onda o qeybət olar.Yoxdursa ona böhtan və iftira etmiş olarsan. -buyurdu.
Allahu təala qeybət etməyin mahiyyətini və zərərini bizə belə bildirir:
“...bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir).”
Uca Rəbbimiz bu ayədə qeybət etməyi ölü qardaşının ətini yeməyə bənzətməklə qeybətin nə qədər çirkin bir iş olduğunu, insanlara deyil, vəhşi heyvanlara xas bir xüsusiyyət olduğunu nəzərə çatdırır.
Qeybət həm də insanlarda başqasının qüsur və eyiblərini axtarmaq xəstəliyidir. Bəzi insanlar özlərindəki qüsur və eyiblərini görüb onları islah etmək əvəzinə, başqasının nöqsan və qüsurlarını axtarır, bunu camaata söyləyir, beləliklə özlərindəki nöqsanları ört-basdır etməyə, öz nöqsanlarına haqq qazandırmağa çalışırlar. Bu hərəkətin səhv olduğu onlara deyiləndə isə «Məgər mən yalan deyirəm? Mən yalnız olanı deyirəm» deyə özlərini müdafiə edirlər.
Qeybət edənin yalan söyləmədiyi bəllidir, əgər yalan desəydi qeybət deyil, iftira atmış olardı. İftira isə birində olmayan şeyi deməkdir.
Böyük alim İmam Qəzali qeybətin əsas səbəblərindən birinin kin olduğunu söyləyir. Onun fikrinə görə, insan başqasına kin bəslədiyinə görə, onun əleyhinə danışmaqdan zövq alır. Halbuki, mömin kin saxlamaz.
Aşağıdakı misal qeybəti çox gözəl izah edir. Hz. Aişə anamız bir gün Peyğəmbərimizə deyir:
- Ey Allahın Elçisi, Safiyyənin boyu o qədər qısadır ki? Peyğəmbərimiz (s.ə.s):
- Ya Aişə, sən elə bir şey dedin ki, əgər o söz dənizin suyu ilə qarışsa, hər halda onu pozardı,- deyə buyurmuşdur.
Qeybət etmək günah olduğu kimi, qeybətə qulaq asmaq da günahdır. Bir müsəlmanın yanında qardaşının arxasınca nalayiq sözlər danışılarsa buna mane olmalıdır.
Müsəlman qardaşının arxasınca danışaraq günaha batan bir insanın günahdan xilas olması üçün tövbə etmək kifayət deyildir. Bunun üçün tövbə ilə yanaşı həm də qeybət olunandan halallıq almaq lazımdır.
ŞƏRHLƏR