Sadəcə Diplomlu Olmaği Fikirləşməyin !

Sadəcə Diplomlu Olmaği Fikirləşməyin !

Bundan əvvəlki yazımızda ali məktəblərə girmək istəyən abituriyentlərin diqqət edəcəyi məsələlər haqqında məlumat vermişdik. Diqqət ediləcək xüsusların çoxluğu və mövzunun genişliyini nəzərə alaraq qaldığımız yerdən davam edirik.

Fakültə və ixtisas seçməmişdən əvvəl o sahədə gələcəkdə nə edəcəyimiz haqqında fikirləşmək və bundan sonra qərar vermək lazımdır. Çünki əvvəlcədən gələcəyə yönəlik plan qurmamaq və hədəflərin nə olacağını müəyyənləşdirməmək təhsil müddəti ərzində tələbənin dərslərinə və özünü ixtisasına uyğun şəkildə hazırlamasında problemlərə səbəb olmaqdadır. Bu problemlərin ən əsası isə ondan ibarətdir ki, institutu qurtarıb məzun olan kadr o sahədə bir çox çatışmayan cəhətlərinin olduğunu görərək geri addım atmağa və ya bəzi şeyləri yenidən öyrənməyə məcbur olur. Bu isə əlavə zəhmət və zaman itkisinə gətirib çıxarır.

Yaşadığımız mühit və cəmiyyəti nəzərə alaraq onu da deyə bilərik ki, ixtisas seçimində abituriyentlərə valideynlərin də təsiri böyükdür. Bəzən valideynlər övladlarına vaxtilə özlərinin arzuladığı, lakin qəbul ola bilmədikləri və ya cəmiyyətdə böyük rəğbətlə qarşılanan fakültələrdə oxumağı israrla təlqin edirlər. Bəzən abituriyentlər düşünür ki, “filan fakültə daha məşhurdur və onu qurtardıqdan sonra daha çox pul qazana bilərəm.”  Qəti olaraq bu fikirləri başdan atmaq lazımdır. Çünki sırf bu məqsədlə yanaşmanın nəticəsi çox vaxt müvəffəqiyyətsiz olur.

Burada diqqət edilməsi lazım olan iki cəhət vardır.

1.      Abituriyentin orta məktəb və ya özəl müəllimləri tərəfindən hansı sahəyə daha çox marağının olduğu və o sahədəki hazırlıq, bilik səviyyəsi ilə əlaqədar məlumatlar alınmalıdır. Lakin nəticədə fakültə seçilməsi yeniyetmənin özünə həvalə edilməlidir.

2.      Yaxın adamların təsiri ilə seçilmiş olan ixtisas unutmayın ki, sizin gələcəyinizi həll etməktədir. Bu yoldan geri dönmək və ya onu dəyişdirmək çox da asan olmayan bir həqiqətdir.

 

Çox vaxt isə abituriyentlər rəsmi kağızlar üzərində fakültə müəyyənləşdirərkən kodların yazılışında bəzi səhvlər edir ki, bu da əksərən istəmədikləri fakültədə oxumalarına səbəb olur.

Nəticə olaraq onu demək lazımdır ki, abituriyent əvvəlcə özünü tanımalı, sonra isə maraqlandığı və özünə münasib olan fakültəni seçməlidir. Bu mövzuda ona ən çox kömək edəcək şəxs isə müəllimdir. Buna görə də ali məktəb namizədləri öz müəllimləri ilə yaxın əlaqə saxlayaraq onların fikirlərini və məsləhətlərini gözardı etməməlidir. Yaxın günlərdə qəbul imtahanına girəcək bütün şagirdlərə uğurlar və müvəffəqiyyətlər arzulayırıq. Hansı fakültədə və hansı sahədə olursa olsun əsas vəzifəmiz dövlətimizin və millətimizin inkişafı olmalıdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz