Hz. Peyğəmbərin Bir Günü
“Bu sayı üçün nə yazım”-deyə qarşımdakı qızıl güllərə baxaraq fikrə dalmışkən qəflətən ağlıma bu məşhur cümlə gəldi. “Bu gün Allah üçün nə etdin?” Bir neçə kəlmədən ibarət bu qısa cümlə o qədər məna kəsb edir ki, cavab verməkdə acizlik çəkdim. Nəhayət, dərk etdim ki, bu sualın cavabını ancaq Peyğəmbərlə bütünləşdikdən sonra vermək mümkündür. Bununçün həyatın hər anını mənalı keçirən Peyğəmbərimizin bir gününü iki səhifəlik yazı ilə sizinlə paylaşmaq qərarına gəldim. Hər hansı bir insanın həyatından iyirmi dörd saatlıq qısa bir zamanı anlatmaq, o şəxsi tanıtmaq üçün kifayət etməz. Sıravi insanlar üçün bunu söyləmək mümkünsə, bir peyğəmbəri təsvir etməyin çətinliyini siz düşünün. Zira heç bir şəxsin iki günü eyni deyildir. Bu məqaləmizdə peyğəmbərimizin bir gününü ibadət vaxtlarına görə təsnifləndirərək beş başlıq halında incələməyə çalışdıq.
SƏHƏR
Yer üzündə gündəlik həyat, günəş doğmadan başlayır. Hz. Peyğəmbər də gününə sübh namazı ilə başlayardı. Məlum olduğu kimi Peyğəməbərin sadə (mütəvazi) evi məscidin həyətində yerləşirdi. Sübh namazı vaxtının girməsi ilə Rəsulullahın müəzzinləri azan oxuyar, bunu eşidən Peyğəmbər də sünnəsini evdə qılaraq fərz namazını qıldırmaq üçün məscidə gedərdi. (Buxari, Azan 11;13)
Hər gün sübh namazını qıldıqdan sonra, günəş müəyyən səviyyəyə yüksələnə qədər adət halına gətirdiyi gündəlik zikrlərini edərdi. Sonra üzünü əshabı tərəfə çevirərək bardaş qurar və onlara söhbət edərdi. Bu söhbətdə gündəlik suallar və problemlər öz əksini tapar, bir sözlə, elm və irfan məclisi qurulardı. (Müslim, Məsəcid 286)
Bəzi rəvayətlərdə həzrət Peyğəmbərin quşluq vaxtına qədər məsciddə oturduğu və quşluq namazını qıldıqdan sonra oradan ayrıldığı qeyd edilir. Necə ki, bunu tövsiyə edən hədisdə belə buyurulur: “Kim sübh namazını qıldıqdan sonra yerində oturar və iki rükət quşluq namazı qılana qədər sadəcə xeyirli işlər haqqında danışarsa, günahları dənizin köpüyü qədər də olsa bağışlanar. (Tirmizi, Vitr 15.)
GÜNORTA
Günorta, gündüzün zirvə saatları, günəşin zenit nöqtəsinə çatdığı zamandır. Bu baxımdan gündəlik işlərin müəyyən səviyyəyə gətirildiyi günorta vaxtı iş yorğunluğundan uzaqlaşaraq istirahət ehtiyacının hiss edildiyi vaxtdır. Ruhun istirahətə möhtac olduğu bu ağır saatlarda həzrət Peyğəmbər bir müddət dincələr və yatardı. İslam terminologiyasında buna “qaylulə”-deyilir.
Həzrət Peyğəmbər böyük bir sevgi və məhəbbətlə məscidə tələsən əshabına günorta namazını qıldırardı. Əgər o gün cümə günü isə bayrama hazırlaşırmış kimi namaza hazırlaşardılar. Dırnaqlar kəsilər, qüsl alınar, yeni paltarlar geyilər, ətirlənər və həmişəkindən daha erkən namaza gedilərdi. Rəsuli-Əkrəmin xütbəsi cani-könüldən dinlənər və namaz qılınardı.
İKİNDİ
İkindi vaxtı il içində payız fəslinə, insan ömründə ahıllığa, peyğəmbərlik silsiləsində isə son peyğəmbərin səadət əsrinə bənzəyir.
İkindi vaxtı, gündəlik işlərin sona çatmağa başladığı, gün ərzində əldə etdiyimiz səhhət, sağlıq və xeyirli xidmət kimi ilahi nemətlərin meyvəsinin alındığı zamandır. Günəşin zühura yaxınlaşması insana bir daha, bu dünyada müvəqqəti qonaq olduğunu və heç bir şeyin daimi olmadığını xatırladır. Bu anlayış içində, əbədiyyət arzusunda olanlar əsr namazını qılaraq Allahın sonsuz rəhmətinə yönələrlər. Qarşılıqsız verdiyi nemətlərə şükür borclarını yerinə yetirərlər.
Hz. Peyğəmbər bu namaza Quranın işarəsi ilə ((Fərz, vacib) namazlara, (xüsusilə) orta namaza (günortadan sonrakı əsr namazına, ikindi namazına) riayət (əməl) edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun). Bəqərə 238) sanki daha çox önəm verər və həzrət Bilalın yanıq səsiylə əshabını məscidə dəvət edərdi. İkindi vaxtı möminləri qorumaqla vəzifəli olan mələkələrin növbələrini dəyişdikləri vaxtlardan biri olduğu üçün, namazdan sonrakı dua və zikri də uzun-uzadı edərdi. İkindi vaxtının əhəmiyyəti bir hədisdə belə xəbər verilir: “Gecə bir qrup, gündüz də başqa bir qrup mələk yanınızda olarlar. Bunlar sübh və əsr namazları vaxtında bir yerə toplanır və növbələrini dəyişərlər. Allah, namaz qılmış bəndələrin halını bildiyi halda yenə də o mələklərə: “Bəndələrimi nə halda tərk etdiniz?-deyə soruşar. Onlar da: “Biz onları namaz qılarkən tərk etdik və yanlarına da namaz qılarkən getmişdik”-deyərlər. (Buxari, Məvaqitus-salət 555).
Eyni zamanda Peyğəmbər (s.ə.s)-in heç vaxt tərk etmədiyi bir adəti vardı. Hər əsr namazından sonra xanımlarını ziyarət edər, onların hal-əhvalını soruşar, ehtiyaclarını müəyyənləşdirərək həll etməyə çalışardı. Axşam da növbə hansı xanımına gəlmişsə, o xanımın otağında digər bütün xanımlar da toplanar və söhbət edərdilər. Daha sonra hər kəs oz otağına çəkilərdi. Bu ziyarətlər əsnasında bütün xanımlar Rəsulullah (s.ə.s)-i əllərində olana qonaq edərdilər. (Müslim, Rada 46)
Peyğəmbərin gündəlik həyatındakı axşam və gecə vaxtını necə dəyərləndirdiyini də gələcək sayımızda incələməyə çalışacağıq.
Allah bizə Peyğəmbərin ibadət həyatına bənzər həyat sürməyi və ona ümmət olmağı nəsib etsin. Amin!
ŞƏRHLƏR