Hz. Zeynəb (R.A.)
Zeynəb (r.a) Rəsulullah (s.ə.s)-in ilk qızı idi. Kiçik yaşda İslamla şərəflənən ilk gənc qız hz. Zeynəb olmuşdur. Anasından aldığı üstün tərbiyə sayəsində evinə, yoldaşına bağlı, bacarıqlı, nəzakətli və ədəbli idi.
Məkkədə anadan olmuşdu. Kainatın sərvəri Məhəmməd (s.ə.s) bu xəbəri eşidib sevinmiş, hətta müjdə gətirənə muştuluq da verərək öz məmnuniyyətini bildirmişdi. Yeni doğulan qızını sevinclə qucağına almış və ona Zeynəb adını qoymuşdu.
Günlər bir-birini əvəz edir, Zeynəb bu minvalla sürətlə böyüyürdü. Artıq ev işlərində anasına kömək edir, özündən kiçik bacı-qardaşına baxmaqla onun yükünü yüngülləşdirirdi.
Evlərinə tez-tez ziyarətə gələn xalası oğlu Əbul As onun bu nəzakətini, bacarığını görür, ona heyran qalırdı. Əbul As hər kəsin sevgisini qazanmış, dürüst və əmin bir tacir idi. Şam və Yəmənə ticarət edərdi. Hər gələndə də xalasına və xalası uşaqlarına hədiyyələr gətirərdi.
Bir gün Əbul As hz. Zeynəbə olan istəyini xalasına bildirərək onun və Peyğəmbər (s.ə.s)-in bu barədə fikrini almaq istədi. Hz. Xədicə anamız bu təklifi Peyğəmbərimizə çatdırdıqda o, bu məsələyə razılığını bildirərək Zeynəbin də fikrinin soruşulmasını istədi. Bu təklif qarşısında Zeynəb (r.a) susaraq öz razılığını bildirdi.
Məsud və xoşbəxt bir ailənin təməli qurulmuşdu. Zeynəb həyat yoldaşı Əbul Asa xanımlıq vəzifəsini layiqincə yerinə yetirirdi. Əbul As ticarət üçün səfərə çıxanda Zeynəbi atası evinə qoyardı. Atası evində qaldığı günlərdə atasında bəzi dəyşiliklər müşahidə edən Zeynəb (r.a) anasına bunun səbəbini soruşmuş, o da hz. Məhəmmədə peyğəmbərlik verildiyini və özünün də Allaha və onun Peyğəmbərinə iman etdiyini söyləmişdi. Zeynəb (r.a) bu söz üzərinə «Mən də sizin inandığınıza inanıram» deyərək, Kəlmeyi-şəhadət gətirmiş və İslamı qəbul edən xanımların ilklərindən olmuşdur. Səfərdən qayıdan Əbul As hz. Məhəmmədə göndərilən yeni din haqqında eşitmiş, eyni zamanda xanımının da bu dini qəbul etdiyini öyrənmiş, lakin ona bu işdə əngəl olmamışdı.
Zeynəb (r.a) bir tərəfdən hər gələn yeni vəhyi əzbərləyib öyrənir, digər tərəfdən də həyat yoldaşının İslamı qəbul etməsi üçün gecə-gündüz dua edirdi. Möminlərə hicrət əmri verildikdən sonra bütün müsəlmanlar tək-tək və ya ailəvi olaraq Mədinəyə köçmüş, lakin Zeynəb (r.a) əri Əbul Asın icazəsi olmadığına görə bu hicrətdə iştirak edə bilməmişdi. Atasından və müsəlmanlardan ayrı qalmaq hz. Zeynəbə çox pis təsir etmişdi.
Hicrətdən bir il sonra məkkəli müşriklər müsəlmanlara qarşı savaş açmış və bu savaşda Zeynəbin yoldaşı Əbul As da iştirak edərək əsir düşmüşdü. Mədinəli müsəlmanlar əsirlərin fidyə qarşılığında sərbəst buraxılacağını bildirdikdə Əbul As da həyat yoldaşına xəbər edərək ondan fidyə olaraq bir şey göndərməsini istəmişdi. Zeynəb (r.a) da toy günü anası Hz. Xədicənin ona hədiyyə etdiyi boyunbağısını göndərmişdi. Boyunbağını azad olmaq üçün Peyğəmbər (s.a.s)-ə verəndə Rəsulullah sevimli xanımının qızına vermiş olduğu bu hədiyyəni tanımış və gözləri dolmuşdu. Hz. Xədicə ilə aralarında keçən xatirələri gözləri önündə canlandıran və buna hüznlənən Rəsulullah (s.ə.s) əshabına:
“Əgər etirazınız yoxsa, bunu geri qaytaraq. Bu boyunbağı Xədicənin qızına yadigarı idi.” demiş, əshabsa bir ağızdan “Qaytaraq, ya Rəsulallah” deyərək öz razılığını bildirmişdi. Yalnız Əbul Asın sərbəst qalması üçün Rəsuli-Əkrəm bir şərt qoymuşdu. Qızı Zeynəbi boşayaraq onu Mədinəyə göndərməli idi. Əbul As müşrik olsa da ailəsini çox sevirdi. Lakin sərbəst qalması üçün hz. Peyğəmbərə verdiyi sözün üstündə durmalı idi. Məkkəyə gələrək həyat yoldaşını və qızını Mədinəyə yola saldı. Yolda müşriklərdən Habbər bin Əsvəd və yoldaşları Zituva bölgəsində onları haqlayaraq işgəncə verməyə başladılar. Zeynəb (r.a)-nı və qızını dəvədən salaraq onlara işgəncə verdilər. Zeynəb (r.a)-nın qaynı, eyni zamanda xalası oğlu Kinanə onun yaralandığını görüb, müşriklərin də təzyiqini nəzərə alaraq onları təkrar Məkkəyə qaytardı. Bir neçə gün sonra da Zeynəb (r.a) və qızını gecə ikən Məkkədən çıxarıb onları gözləyən müsəlmanlara təhvil verdi. Uzun çəkən səyahətdən sonra Zeynəb (r.a) atasına və bacılarına qovuşmuşdu. Hz. Peyğəmbər onları görəndə Əbul As üçün “Mənə verdiyi sözü yerinə yetirdi” deyərək onun dürüstlüyünü dilə gətirdi. Əbul As sonradan müsəlman olaraq Mədinəyə hicrət etmiş və ailəsinə qovuşmuşdur.
Aradan cəmi bir il keçmişdi ki, Zeynəb (r.a) xəstələnib yatağa düşdü və bu xəstəliklə də dünyasını dəyişdi. Hz. Peyğəmbər öz köynəyinin kəfən olaraq qızına geydirilməsini istəmişdi. Qızının cənazə namazını qıldıraraq qəbrinin yanında bir müddət yaşlı gözlərlə fikrə dalan Peyğəmbərimiz hüznlə qəbrə enmiş və orada dua etmişdi. Sonra isə əshabına belə dedi: “Zeynəbin zəifliyini düşünərək Allah təaladan onun qəbrinin genişlənib sıxıntısının uzaqlaşdırılmasını istədim. Allah duamı qəbul etdi və qəbrini genişlədib sıxıntını ondan uzaqlaşdırdı.”
Hz. Zeynəbin Umamə adında bir qızı vardı. Hz. Peyğəmbər ilk qız nəvəsi olan Umaməni çox sevərdi.
Allah bütün müsəlman xanımlara hz. Zeynəbin nümunəvi əxlaqı ilə əxlaqlanmağı nəsib etsin! Amin!
ŞƏRHLƏR