Qafqaz Dağlarinin Quran Bülbülləri
Hələ 1996-cı ildə Altınoluk jurnalının nəşr olunan 129-cu sayında qapaq mövzusu olaraq “Doğudan Batıya İslam Açlığı” ifadəsilə müjdələnmişdi Azərbaycanın ilk hafizləri, ilk Quran bülbülləri, hafizi-Quranlar.
Əbədi bir işdə, həm də fəzilətli bir işdə öndər olmaq, birinci olmaq necə də gözəldir. Bir bölgənin səmasına səpələnən ulduz kimi parlamaq…
Həm də xeyirlərin ən xeyirlisi olan bu yolda. Yetmiş ildən sonra, keçən yetmiş ilin öncəsinin və sonrasının ilki olmaq nə böyük səadət...
Altınolukun o günkü tarixi qapağını hamımız xatırlayırıq. O gənclərin üzündəki nur, parıltı hər şeyi anlatmağa kifayətdi. O tarixi şəkil hamımızın qəlbində sevinc əsintiləri əsdirmiş, ən çox da Qafqaz Müsəlmanları Idarəsinin sədri və bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə həzrətlərini, Qafqaz Müsəlmanları Idarəsinin Şəki Bölgə Qazısı Hacı Səlim Əfəndini sevindirmişdi. Çünki övladlarını Quran hafizi olaraq görmək həm onun, həm də Azərbaycan xalqının çoxdankı arzusu idi. Həm də həsrətə çevrilən arzu.
Əlbəttə ki, xeyirli bir işin öndəri olmaq, sonrakı nəsillər üçün cığır açmaq ən böyük səadətdir.
Bir hafiz nə ifadə edirdi? Islam mədəniyyətində və nəbəvi anlayışda özünəxas yeri və əhəmiyyəti olan hafizlik müəssisəsi Rəsullar Rəsulunun xüsusi əhəmiyyət verdiyi bir qurumdur. Bütün Islam cəmiyyətləri hafizlərə və hafizlik qurumlarına xüsusi dəyər vermiş və Quranın bu günümüzə gəlib çatmasında böyük rol oynamışlar. Qurani-Kərimin həm ləfzən, həm də mənən hamisi olmaq nə ilə müqayisə edilə bilər ki?! Mədh olunan şəxs hafiz, mədh edənsə kainatın rəhbəri isə əcəba “hafiz” kəlməsi bizim dəyərlər dünyamızda hansı mövqedə durmalıdır?
Heç şübhəsiz ki, hafizlər Allah qatında ən böyük lütflərə nail olacaqlar. Ən dəhşətli gündə Rəsulullahın bayrağı altında hər biri bir şəfaətçi olaraq yaxın və uzaqlarına şəfaət edəcəklər.
2007-ci il, 30 may tarixdə Azərbaycanda möhtəşəm və təqdirəlayiq bir hafizlik mərasimi təşkil olunmuşdu. Azərbaycanın dörd bir yanından gələn xalqın iştirakı və üzlərindən oxunan sevinc və qürur hissi bu millətin gözəl ənənələri yaşatmaq naminə göstərdiyi səylərin nəticəsi idi. Azərbaycanın seçkin guşələrindən olan Şəkidə Qafqaz Müsəlmanları Idarəsinin nəzdindəki Şəki Hafizlik Məktəbinin 30 hafizinin hafizlik mərasimi keçirilirdi. Şəkinin ən böyük məscidində təşkil olunan hafizlik mərasiminə çox sayda iştirakçı qatılmışdı. Başda Qafqaz Müsəlmanları Idarəsinin Sədrinin birinci müavini Müftü Hacı Salman Musayev, Şəki bölgəsinin qazısı Hacı Səlim, Şəki Icra başçısının yardımçısı, Zaqatala qazısı və Bakı Islam Universitetinin dekanı Ibrahim Ibrahimov, Dini Qurumlarla Iş Üzrə Dövlət Komitəsinin Şəki-Zaqatala bölgəsi üzrə şöbə müdiri Nizami Məmmədov, Azərbaycanda bir çox xeyriyyəçilik fəaliyyətlərinə imza atmış, xüsusilə bir milyondan çox qaçqın və məcburi köçkünləri hədəf alan bir çox xeyirxah layihələr gerçəkləşdirmiş Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim, Azərbaycan xalqının yaxından tanıdığı Osman Nuri Topbaş bəy, Əziz Mahmud Hüdayi Vəqfinin sədri, Mərmərə universiteti ilahiyyat fakültəsinin üzvü Prof. Dr. Hasan Kamil Yılmaz, Altınoluk jurnalının təsisçisi Abdullah Sert, Istanbul Beynəlxalq Qardaşlıq və Yardımlaşma Dərnəyinin sədri Bünyamin Çil, Dr. Alican Tatlı olmaq üzrə valideynlər, tələbələr və Şəki xalqı bu tədbirdə iştirak edirdi.
Şəki bölgə qazısı Hacı Səlim Əfəndinin açılış nitqi ilə başlayan proqramda o, Şəki Hafizlik məktəbinin indiyədək 139 hafiz yetişdirdiyini ifadə edərək bu gənclərin Azərbaycanın milli və mənəvi dəyərlərini davam etdirəcək vətənpərvər igidlər olduğunu vurğuladı. Qafqaz Müsəlmanları Idarəsi sədrinin birinci müavini müftü Hacı Salman Musayev nitqində Azərbaycanın hər yöndən inkişaf etdiyini və artıq dünya arenasında sözü keçən bir dövlət olduğunu ifadə edərək, Azərbaycanın müstəqilliyinə qovuşduqdan sonra hər il dünya dövlətləri arasında keçirilən Quran yarışmalarına öz hafizləri ilə iştirak etdiyini və bunun da qürurverici hal olduğunu söylədi.
Qafqaz Müsəlmanları Idarəsinin Türkiyədən dəvəti ilə mərasimdə iştirak edən möhtərəm Osman Nuri Topbaş bəy Peyğəmbər (s.ə.s)-in hafizlərə nə qədər dəyər verdiyini ifadə etdi. Islam tarixinin ən acı hadisələrindən olan Biri-Maunə faciəsini xatırladaraq Islamın yaşanmasında hafizlərin rolunu anlatdı.
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim də qısa nitq söyləyərək Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyevin 1998-ci ildə Bakıda Islam Konfransının tərtib etdiyi Qafqazda Islam adlı konfransdakı çıxışından sitatlar gətirərək Heydər Əliyevin Azərbaycan xalqının mənəviyyatına nə qədər diqqət yetirdiyini vurğuladı. Azərbaycanda milli və mənəvi dəyərlərin yaşadılmasının mərhum prezident Heydər Əliyevin göstərdiyi istiqamətdə yürüməklə ola biləcəyini ifadə edərək bu gün işğal altında olan Qarabağın bir gün geri alınacağını və Quran hafizlərinin işğal olunmuş bütün rayonlarda, xüsusilə də Şuşada Gövhər Xatun məscidində, azanlar oxuyacağını ifadə etdi. Çıxışının sonunda belə bir mərasimə dəstək verdikləri üçün Şəki Icra Hakimiyyətinə, Dini Qurumlarla Iş Üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucova, Qafqaz Müsəlmanları Idarəsinə və bütün iştirakçılara təşəkkür etdi.
Proqram hafizlərə diplom və hədiyyələrin verilməsi ilə sona çatdı.
ŞƏRHLƏR