Quran Xidmətində Musab Olmaq
Fədakarlıqdan heç bir zaman geri durmamış, İslamda ilklərdən olmuş, hicrətə hamıdan öncə getmiş, cahil insanlara Quranı təbliğ etmiş, Bədr və Uhudda İslamın bayrağını daşımış abidə şəxsiyyət...
Səhabə dedikdə hansından bəhs edəcəyini bilmir insan. Çünki hər biri öz zamanında yaşamış, lakin bütün zamanlara nümunə olan parlaq ulduzlardır. Onları müqayisə etmək idrakımızın fövqündədir. Məhz bunun üçün də hər zaman dillərdə dastan olmuş, könüllərdə yaşamış və yeni nəsillərə örnək olmuşlar. Hər kəsin şəxsi və fərdi keyfiyyətlərinə görə bir səhabə idealı olmalıdır. Şəxsən bu sətirləri yazarkən onları tanıdıqdan bu yana hz. Ömərə bənzəmək istədiyimi fərq etdim. Lakin içində olduğumuz zaman və şərtləri göz önündə tutaraq bu gün biz gənclərin Musab b. Ümeyri örnək almalarının zəruriliyini düşünürəm. Niyə məhz Musab? Çünki o bir Quran aşiqi idi. Yolunu azmış insanlara Quranla yol göstərmək üçün həyatı boyu mücadilə aparanlardandı. Düzdür, dünyanın bu günkü gedişatında hər kəs Ömər ədalətinə olan ehtiyacdan bəhs edir. Heç şübhə yoxdur ki, dünyanı viranəyə çevirən zülm və imperializmin önünə keçib “İnsanları nə zamandan bəri kölə etdiniz? Halbuki analar onları hür olaraq doğmuşdur.” deyən Ömərlərə möhtacdır əsrin insanı. Amma şərtləri nəzərə alarsaq, güclünün zəifi əzdiyi bu günlərdə, bu gerçəyi Ömərcə söyləmək çox erkən, imkansız, bəlkə də yanlış.
Hər şeyin pul ilə ölçüldüyü, kapitalist zehniyyətin hakim olduğu bu günlərdə Musab ola bilmək çox çətin, lakin şərəflidir. İnsanlıq maddə ehtirasında boğularkən biz gənclərin əsil və zəngin ailədən olan, amma hər şeyi Haqq naminə əlinin tərsi ilə rədd edən məkkəli Musabı örnək almasının zəruriliyini düşünürəm. Onun Rəsulullaha olan təslimiyyəti, bizim böyüklərimizə təslimiyyət anlayışımıza işıq tutmalıdır. Hər kəsin maddiyyat dərdində olduğu və lüks həyata ehtirasın zirvəyə çıxdığı bu günlərdə səhabə deyildikdə nədənsə yamaqlı əbasıyla insanlara Quranı çatdırmağa çalışan Musab gəlir ağlıma. “Məna adamına maddə yaraşmaz” demişlər. Yaraşmadı da...
Dünyanın hər tərəfinə yayılmış, gizli planları ilə insanlığı istismara alət etməyə çalışan, imperialist ruhlu missionerliyin var gücü ilə fəaliyyət göstərdiyi sahələrdə hər birimiz Musab olmalıyıq. Musab da yəhudi istismarına məruz qalan Yəsribə hicrət etmişdi. İnsanları Quranın nuru ilə aydınlatmaq üçün mal sevgisini bir kənara atmalı, qınayanın qınağından qorxmamalıyıq. Xidmətə möhtac insanlara layiqli xadimlər lazımdır. Bu gün zehni aydınlanmamış o qədər uşaq, yeniyetmə və yaşlılar var ki, onları İslamla aydınlatmaq gərək. Adı müsəlman olub, İslamdan bixəbər o qədər insan var ki, onlarla Quran arasında körpü olmalıyıq. Bu gün kimsəsiz və səfil uşaqlarla dolu qaranlıq küçələrə İslamın nurunu əks etdirəcək insanlar lazım. Həyatı uyuşduru maddələrdə görən o qədər zavallı gənclərimiz var ki, onlara Musab kimi qucaq açmalı və insanlığı Quran təbirincə “Atəş çuxuru”nun kənarından döndərməliyik. Bu gün İslam adına Mədinələri fəth üçün göndərilmiş Musablara ehtiyac var. İslamın da hədəfi bu olmuş hər zaman. O qədər ölkələri onlarla fəth etmədikmi? Görəsən hər an bizə “həytə lək!” (yaxın gəl) deyən dünya zinətlərinə qarşı Musabın yamaqlı əbasını tərcih edə biləcəyikmi?! O, bizdən daha geniş imkanlara sahib olmasına baxmayaraq bu fədakarlığı etməyi bacarmışdı. Hər gün önünə çeşidli yeməklər gətirilən, Mədinənin ən şıq geyinən gənci, keçdiyi küçələrdən gələn ətrin qoxusundan onun keçdiyi bilinən və başına qızların pərvanə kimi dolandığı Musab (r.a) bir dava uğruna hər şeydən bir anda vaz keçmiş, Uhudda şəhid olarkən bu qədər imkanlara rəğmən doğru-dürüst kəfənlənə bilməmiş Quran xadimi idi. Fədakarlıqdan heç bir zaman geri durmamış, İslamda ilklərdən olmuş, hicrətə hamıdan öncə getmiş, cahil insanlara Quranı təbliğ etmiş, Bədr və Uhudda İslamın bayrağını daşımış abidə şəxsiyyət...
Digər tərəfdən məzhəb çəkişmələri və fikir ayrılıqlarının İslam birliyini bir rüzgar kimi sovurduğu bu günlərdə Evs və Həzrəc qəbilələrini barışdıran Musab kimi barışdırıcı mövqedə durmalı, bu qədər ortaq nöqtələr varkən kiçik ixtilaflar səbəbilə parçalanmağa qarşı durmalı və bu uğurda mücadilə etməliyik. Ondakı təqva və ixlas duyğusunu həyatına əks etdirən dəvətçilər lazım. Rəvayət olunur ki, Musab (r.a) Uhudda bayraq tutan əli kəsildikdə bayrağı o biri əlinə almış, o da kəsildikdə kəsik qolları ilə sinəsinə sıxmış və yerə düşməyə qoymamış. Şəhid olduqda isə bir mələk bayrağı almış və irəliləmiş. Hətta bir an Rəsulullah (s.ə.s) belə onu Musab sanmış. Ondan nümunə götürərək biz də davamıza elə sarılmalıyıq ki, İslam bayrağı daima dalğalansın və bu uğurda biz ölərsək bir mələk olmasa da mütləq birisi qaldığımız yerdən davam etsin. İslamın bayrağı, Allahın kəlamı əsla ayaqlar altına düşməsin.
“Möminlər içərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər.” (Əhzab, 23)
ŞƏRHLƏR