Bir Dəfə Mərhəmət Etmək
Uca Rəbbimizin rəhmət və mərhəmət süfrəsi o qədər genişdir ki, inananlar da, inanmayanlar da o süfrədən nəsibini alar. “Kafirlər Allahın nə qədər mərhəmətli olduğunu bilsəydilər, cənnətə girəcəklərini ümid edərdilər.
Çünki Allah təalanın rəhməti qəzəbini keçmişdir.” (Buxari, Tövhid 15) Aləmin yaradılışından tutmuş dünyanın bəşər övladının xidmətinə verilməsinə qədər hər şey Allahın Rəhman olmasından qaynaqlanır. Məhz buna görə də uca Rəbbimizin bütün isimlərinin başında ər-Rəhman ismi yer alır.
Rəhman ismi Allahın digər adlarından öncə gələrək həm onun zatını, həm də sifətini ifadə edir. Sifət olaraq çox bağışlayan və mərhəmətli mənasına gəlsə də eyni zamanda zatına aid özəl isim olduğu üçün tam tərcümə edilməsi mümkün deyildir. Allah ismindən sonra ən çox zikr edilən isim “Rəhman”dır. Bununla da Allah təala mərhəmətinin ön planda olduğunu qullarına bildirməyi murad etmişdir. Necə ki, Qurani-Kərimdə “Ayələrimizə iman gətirənlər yanına gəldikdə onlara de: "Sizə salam olsun! Rəbbiniz Özü-Özünə rəhmli olmağı yazmışdır…” (əl-Ənam, 54) buyurulur.
Quranda əlli yeddi yerdə keçən Rəhman ismindən əvvəl və sonra çox vaxt ya Allahın təkliyindən, ya da bənzərinin olmadığından bəhs olunur. Bəzən də bu isimdən sonra Allah təalanın hidayət bəxş etməsindən, insanlara möhlət verməsindən və ehtiyaclarını qarşılamasından bəhs edilərək Rəhman sifətinin canlı və cansız olan hər şeyi əhatə etdiyi vurğulanmışdır. “Mərhəmətim hər şeyi ehtiva etmişdir.” (əl-Əraf, 156) ayəsi də buna işarədir. Bunu nəzərə alaraq içində rəhmət izi olmayan heç bir varlıq düşünmək mümkün deyildir. Vəhşi bir heyvanın belə öz balasını əmizdirərkən onu tapdalamamaq üçün ayağını qaldırması bunun bir təzahürüdür.
Mərhəmətin təzahürlərindən biri də acıma duyğusudur. Bircə dəfə acımaq bir çox şeylərin ardarda həyata keçməsinə vəsilə olar. Möhürlənmiş qatı qəlbləri bir anda yumşaldacaq, onları şəfqətə gətirəcək yeğanə duyğu məhz bu duyğudur. Həzrət Peyğəmbərin hədislərində keçən biri mömin, digəri isə fahişə olan iki qadının qissəsini mövzu ilə əlaqəli olduğu üçün qeyd etmək yerinə düşərdi.
Hz. Peyğəmbər keçmiş ümmətlərdə yaşamış bir fahişənin qızmar istinin hər tərəfi yandırdığı bir gün su quyusunun ətrafında dolaşan və susuzluqdan dilini çıxarıb ləhləyən bir köpək gördüyündən bəhs edir. Bu qadın ayağından məstini çıxararaq quyuya düşmüş və oradan su çıxarıb itə içirmişdi. Onun bu əməlinin müqabilində isə Allah günahlarını bağışlamışdı. (Müslim, Tövbə, 155)
Başqa bir hədisdə isə həzrət Peyğəmbər mömin olan qadının bir pişiyi evdə həbs etdiyini və yerdəki həşəratı belə yeməsinə icazə vermədiyini, bununla da ölümünə bais olduğunu, bu əməlinə görə də cəhənnəmə getdiyini ifadə etdmişdir. (Buxari, Ənbiya, 50)
Mərhəməti və acıması səbəbilə günahları bağışlanan və cənnətə gedən fahişə qadın və buna müqabil olaraq mərhəmətsizliyi və acımasızlığı səbəbilə cəhənnəmə gedən mömin qadının misalı mərhəmətin gücünü göstərmək baxımından çox mənalıdır. Əcəba, bir köpəyə su verərək mərhəmət edən bu fahişə qadın necə olur ki, cənnətə girir. Bir də ki, sadəcə bir əməl insanın cənnətə girməsi üçün yetərlidirmi? Nə hikmətsə hədisin davamında buna aid hər hansı bir şərh verilməmişdir.
Yuxarıda ifadə olunduğu kimi bir dəfə acımaq, mərhəmət etmək insanın qəlbini son dərəcə münbit hala gətirər. Artıq orada Rəhman isminin təcəlliləri görünər. Gözlərdən pərdə qalxar, qəlblərin möhürü açılar. Gözlərdən axan yaşlar könüldəki işıq şüalarının önündə yeddi rəng halına gələr. Qəlb acımaqdan və mərhəmət göstərməkdən zövq alar. Bu irəliləyiş imanla nəticələnir və mükafatı da cənnət olur.
Bunun əksini də düşünmək olar. İkinci hədisdən yola çıxaraq bircə dəfə mərhəmət etməməyin insanı həlaka aparacağını söyləyə bilərik. Kiçik bir pişiyin ölümünə səbəb olduğu üçün mərhəmətsizlik göstərən imanlı bir qadının cəhənnəmə atılması çox maraqlıdır. Yenə eyni məntiqlə hərəkət edərsək mərhəmətsizliyin qəlblərə möhür vuracağı və onu qatılaşdıracağı məlumdur. Qatılaşmağa başlayan qəlb hidayətdən də uzaq qalar. Hər bir mərhəmətsizlik qəlbdə silinməsi çox çətin bir iz qoyar. Hər bir acımasızlığın ardınca digər mərhəmətsizliklərə yol açılar. Mərhəmətdən uzaqlaşmanın acınacaqlı aqıbəti isə imansızlıq və cəhənnəmdir. Bəqərə surəsinin yetmiş dördüncü ayəsində qəlbləri qatılaşan və daşlaşan insanlarla daşlar arasında çox incə bir müqayisə edilərək biz insanlara öyüd verilir.
“Bundan sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da qatı oldu. Həqiqətən, bəzi daşların içərisindən nəhrlər axar, bəzisi yarılıb içindən su fışqırar və bəzisi də Allahın qorxusundan (uca yerlərdən, dağdan) yuvarlanıb düşər. Allah sizin etdiklərinizdən, əlbəttə, qafil deyildir!”
ŞƏRHLƏR