Mesaj - Həyat
Ən böyük mesajı və xəbəri peyğəmbərlər gətirmişdir. Tarixdə 124 000 peyğəmbərin yaşaması və ilk insan olan Adəm (ə.s)-ın eyni zamanda ilk peyğəmbər olması həyat-mesaj və insan arasındakı bağı göstrəməsi baxımından diqqətçəkicidir. Bəşər tarixinin elə bir mərhələsi yoxdur ki, o mərhələdə ilahi mesaj (vəhy) gəlməmiş olsun. Heyvanlar aləmində mesaj-məna-mədəniyyət məfhumları yoxdur. Bu səbəblə də hüdudsuz sərbəstlik anlayışı canlılar içərisində yalnız heyvanlara məxsusdur.
İslam peyğəmbəri yeni dil açan uşağın ilk sözlərinin kəlmeyi-tövhid olmasını tövsiyə edir. Dünyaya yeni gələn uşağın qulağına azan oxumaq da sünnədən sayılır. Zehnin yeni inkişafa başladığı, hətta gözlərin tam açılmadığı uşaqlıq mərhələsində edilən mesaj təlqini diqqətçəkicidir.
İmam Qəzali həzrətləri vəhy məhsulu olan İslam əsaslarının mahiyyətini anlamasalar da uşaqlara öyrədilməsinin zəruriliyini belə ifadə edir:
“… Etiqad əsasları yeni-yeni böyüyən uşağa öyrədilməlidir. Bunları səthi olaraq öyrənən və əzbərləyən uşaq zaman keçdikcə hər bir iman əsasının nə demək olduğunu qavrayar. Yəni, əvvəlcə əzbərləmək, sonra anlamaq, nəhayət qəti qənaətə gələrək təsdiq etmək (iman) mümkündür.” (İhyau ulumiddin I, Etiqad risaləsi)
Dini təhsildə elmihal metodu var. Bu metodla uşağa öyrədiləcək dini əsaslar qəliblər halında əzbərlədilər, lakin mənası üzərində təfərrüatı ilə durulmaz. Mənanın anlaşılması üçün həyatda yaşanacaq təcrübəyə ehtiyac var. Məsələn imanın 6 şərtini elmihal metodu ilə əzbərləyən bir uşaq axirətə imanı, cənnəti, cəhənnəmi və bu kimi mövzuları yaşa dolduqca və həyatın keşməkeşlərindən keçdikcə anlayar. Bu xüsus digər fənlər üçün də keçərlidir. İbtidai sinifdə oxuyarkən öyrəndiyimiz biliklərin əhəmiyyətinə inanar, lakin həyatda bizə lazım olacağını o qədər də düşünməzdik. O vaxt öyrəndiklərimizi təbiri caizsə həyat təcrübəsindən keçən böyüklərimizin təlqini, bir az da məcbur etməsi ilə sinfi keçmək üçün öyrənmişik.
Həyat məktəbi deyə məşhur bir söz var. Həyatın bütün mərhələlərində; əsgərlik, evlilik, ata-ana olmaq, nənə və baba olmaq, dul qalmaq, yetim qalmaq, kasıblıq, həbsxanaya düşmək insana məktəbdəkindən daha çox şey öyrədir. Bəlkə də hz. Məhəmmədə peyğəmbərlik vəzifəsi hər bir insan üçün həyat təcrübəsinin zənginlik dönəmi və kamillik yaşı dediyimiz 40 yaşında verilməsinin səbəbi də budur.
Mesaj verən ayə, hədis, hikmətli söz və rəvayətlərin təsirli və qalıcı ola bilməsi üçün münasib zaman və məkan böyük əhəmiyyət kəsb edir. Hər zamana və məkana məxsus sözlər və rituallar vardır. Bu xüsus dilimizə “likulli məqamin məqal” (hər məqam üçün bir söz vardır) şəklində keçmişdir. Ancaq elə mesajlar da var ki, hər məqam və zaman üçün keçərlidir. Hər həftə məscidlərdə minlərlə xütbədə, milyon dəfələrlə təkrarlanan “Allah sizə ədaləti və yaxşılığı əmr edir…” ayəsindəki ədalət və yaxşılıq məfhumları bu qəbildəndir. Ədalətin və yaxşılığın olmadığı zaman və məkanları nələrin dolduracağının xəbərini hər axşam Bağdaddan seyr edirik.
Hər cür mesajın anlaşıla bilməsi üçün fiziki, sosialoji və psixololoji cəhətdən hazır olmaq lazımdır. Hz. Mövlananın “sən nə qədər bilirsən bil, sənin bildiyin qarşındakı adamın anladığı qədərdir.” sözü də bu mənaya gəlir. Hz. Ömərin Rəsulullah (s.ə.s)-in vəfat etdiyi gün keçirdiyi şokdan “Məhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz?” (Ali-İmran, 144) ayəsini hz. Əbu Bəkrdən duyaraq sakitləşməsi və “bu ayəni sanki ilk dəfə duyurdum” deməsi bu mənanı dəstəkləyir. Heç şübhəsiz ki, hz. Ömər bu ayəni dəfələrlə okumuşdu, amma mesajın dəqiqliklə anlaşıla bilməsi üçün lazım olan sosial və psixoloji şərtlər (Rəsulullahın vəfatı) o gün gerçəkləşmişdi. İnsan baş verən bir hadisədən sonra duyduğu mesajı (vəhy, atalar sözü, hekayə…) daha asan dərk edir. Quranın əksər ayəsi bir hadisə üzərinə (səbəbi-nüzul) nazil olmuşdur. Bir dəfə zəlzələdən sonra is Zilzal (zəlzələ) surəsinin təfsirinə baxdım. Zilzal surəsinin 99-cu surə olması diqqətimi çəkdi. Birdən ona qədər olan sayların ən kamili doqquzdur. Doqquzdan sonra sıfır, yəni əvvələ qayıdış başlayır. 99-a 1 rəqəmi əlavə etdikdə 2 sıfır və 1 rəqəmi meydana gəlir. Zəlzələ zamanı da elə deyilmi? Şiddətli zəlzələnin ardından hər kamil əşyanın bütünlüyü pozulmurmu?
Nəticədə bunları ifadə edə bilərik: Bir halı yaşarkən o hala uyğun ölümsüz həqiqətlərdən çıxan mesajlara öz halımızdan rəng qatmalıyıq. Haldan təsirlənmə hikmətli sözlərlə, atalar sözü ilə də ola bilər. Məsələn, bu isti yay günlərində soyuq bir şey içib sərinlədikdən sonra ağlıma Şeyx Sədinin: “İlıq su içsən dilinlə həmd edərsən, amma soyuq su içsən saçının tellərindən bədənindəki bütün zərrələrə qədər hər şey həmd edər” sözü gəldi. Buyurun qazlı su deyil, mesajlı suya… Nuş olsun… Sudan çıxardıqlarınız xeyirli olsun…
ŞƏRHLƏR