Həyat Eşqi / Mahsa Dəşti

Həyat Eşqi / Mahsa Dəşti

Soyuq bir qışın sonu idi. Uguldayan küləklər susmuş, baharın isti nəfəsi duyulurdu. Artıq günəş şüaları hər səhər buludların ardından deyil, birbaşa əks olunurdu yer üzünə.

 Torpağı örtən qar təbəqəsi və suların buzu artıq əriməyə başlamışdı. Ağacların rəngi dəyişmiş, qara torpaq yenidən həyat qazanmışdı. Bahar gəlirdi.

Uzaqda, qara torpaq altında nəsə bir şeyin tərpənişi sezilirdi. Var olmaq kimi bir şey, ya da var olmağa çalışmaq. O, baharın gəlişi ilə oyanan cılız bir toxum idi. Nə toxumu olduğu hələ bəlli deyildi. Gülmü, ağacmı, nə oldugu bilinmirdi. Sadəcə torpağın altında hərəkət edirdi yavaş-yavaş. Səssizliyi, sükutu pozmaq və bahar kimi doğulmaq üçün... Var gücü ilə mücadilə edirdi torpağı dəlmək üçün. Necə də qəribədir, qışın son günlərində, ətrafdakıların hamısı oyanmadan və bir çoxları dərin yuxuda ikən kiçicik bir toxum torpağın bağrında, yerin altında hərəkətə gəlmiş və yeni həyata, yeni günə qədəm qoymaq üçün can atırdı.   

Gecələr soyuq, səhərlər isə isti keçirdi. Artıq hər gecə açıq səmada bərq vuran parlaq ulduzları görmək mümkün idi. Əsən səhər mehi isə təbiətə başqa bir gözəllik və torpağa təravət verirdi. Amma kiçik toxum nə gecənin səssiz gözəlliyini, nə də gündüzün istisini görürdü. Bəzən həyatın nə olduğunu düşünürdü. Bəzənsə ətrafdakı toxumlardan eşidirdi həyat adlı məchulu. Buna baxmayaraq dərk edə bilmirdi nə olduğunu, çünki hələ həyatın içində deyildi.

Tanımadığın, bilmədiyin bir şey üçün səy göstərmək çox çətindir. Üstəlik yanındakılar da yuxuda isə gecə-gündüz dayanmadan mücadilə aparmaq çətindən də çətindir. Bir çoxu daha yolun başında vaz keçirdi həyata doğulmaqdan. Bəziləri isə daha dünyaya gəlmədən yorğunluqdan bir kənarda qalıb çürüyürdü. Bir çoxu “nə də olsa isti torpaq altındayıq” deyərək vaz keçirdi cücərərək həyata qədəm qoymaqdan. Kiçik toxumsa digərlərini heç dinləmədən, həyat eşqi ilə öz mücadiləsinə davam edirdi. Bəzən yorğun və halsız düşürdü, amma yenə də həyat mübarizəsindən əl çəkmirdi. Öz-özünə “Bu qaranlığın bir sonu olmalıdır” deyərək işinə davam edirdi. Zorla vücudunu torpaq məsanələri arasına keçirib bütün varlığıyla çabalayır, işığa çıxmaq üçün can atırdı. Bəzən çox çətin, böyük bir maneə, böyük bir daş, ya da bərk torpaq parçası önünə çıxaraq kiçicik toxumun yolunu kəsir, amma müvəffəq olmurdu. O, qarşısına çıxan maneələrə məhəl qoymadan yolunu dəyişir və işığa doğru başqa istiqamətdə hərəkət edirdi...

    Səhər açılmış, qızmar günəş yenə də təpələrin ardından çıxaraq hər tərəfi işıqlandırırdı. Uzaq diyarlarda insanlar “yenə səhər oldu, yenə gün doğdu, yenə iş başına” deyib, gileylənərək evdən cıxırdı. Həyat yenidən başlayırdı. Heyvanlar, quşlar, ağaclar, dənizlər yenidən oyanırdı. Amma başqa bir yerdə, torpaq altında dinlənmək nədir bilməyən bir toxum vardı. Anidən dayandı. Nə edəcəyini bilmədi, çaşıb qaldı. Dəhşətli bir isti, yanğı hiss etdi. Çünki qızmar günəşin şüalarını bədənində hiss edirdi. Buna baxmayaraq günəşin nə olduğunu bilmədiyi üçün olanları dərk edə bilmirdi. Lakin artıq torpaqdan heç bir əsər-əlamət yox idi. Başının üstü açıq və işıqlıqdı. Bir müddət dayandı və ətrafına göz gəzdirdi. Yavaş-yavaş günəşin hərarətini daxilində hiss etdi və nəyinsə çatladığını duydu. Aman Allah! Nəhayət ki, toxum qabığını yararaq cücərməyə başladı. Kiçicik toxum nələr olduğunu artıq anlamağa başlamışdı. İşığa qovuşmağın sevincini yaşayırdı. Minlərlə toxum torpaq altında yatarkən, kiçik toxum günəş şüaları altında doğulur, həyata göz açırdı...

 

                                                                       *****

Bu nədir görəsən!? Bir çiçəkmi? Yox, çiçəyə bənzəmir. Ağac da deyil. Belə quraq yerə tərəvəz də olmazdı. Bu bir tikandır. Kiçicik, batmayan bir tikan. Necə də qəribədir... Bir bahar günü uzaq diyarlarda, yer üzündə bir tikan ayağa qalxaraq işıqdan nəsibini doya-doya alarkən minlərlə ağac, çiçək və tərəvəz toxumları ölməkdəydi qaranlıqda...

           

“Bütün toxumların bir gün işığa qovuşması ümidi ilə...”

 

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz