Səni Anlaya Bilmədik Ki...

Səni Anlaya Bilmədik Ki...

Sən Hiradan o müqəddəs ağır yüklə qayıdanda, “necə çatdıracağam insanlara bu həqiqəti” deyə düşündün və səni anlayanın kim və necə anlayacağını da götür-qoy etdin öz içində uzun-uzun.

Bəli çətin bir iş idi bu.

Bir həqiqəti özünün anladığın kimi ifadə etmək insanlarına...

Bəs insanlar! Onlar səni sənin kimi anlayacaqlarmı?

Çətin...!

Sənə yüklənən o məsuliyyəti özləri üçün yük edəcəklərmi ki sənin yükünün yüngülləşməsi üçün.

Oldu anlayan və yükünü özünə yük bilən o hər biri bir ulduz misalı insanlığa yol göstərən səhabələrin və dərhal getdilər sənin ardından. Sonralar az-az da olsa yerdə qoymamağa çalışdılar sənin aşiqlərin. Amma nə çarə çox azaldılar biri yetişən kimi üçü köçürdü dünyadan bu müqəddəs yükü yetişənə əmanət edərək.

Bəs bizlər..! Səni tam olaraq dərk edə bildikmi?

Həmişə bir xüsusiyyətini mənfəətimizə uyğun olanını qəbul etdik və yaşadıq. Ya təkcə saqqal saxlamaq deyib digərini, ya namaz deyib bir digəri, ya da ki çox evliliyini yanlış olaraq qəbul edərək digərlərini atdıq. Bunları say, say bildiyin qədər. Bəs harda qaldı insanların qəlbini qırıb incitməmək şərtiylə sənin dediklərini yaşayıb sonra yaşatmaq ətrafındakılara. Əgər sənin kimi etməyib, qəlb qıraraq ən gözəl əməli belə işləsək heç bir dəyəri olmayacaq insanlar arasında.

Bəs sən! İndi gəlsən və bizə baxıb nə deyəsən bu halımıza Ya Rəsul!

Sənin göstərdiyin yoldan uzaq olanlarımıza baxaxaraq özlərini sənin yolunda zənn edən bir çoxumuza: “Məni siz anlamağa çalışsanız da səhv anladınız” deyərək elə bir “Ah” çəkərək uzaqlaşarsan ki, Ey Rəsul! “Ad”, “Səmud” qövmləri və Əbrəhə ordusunun həlak olduğu yerlərdən uzaqlaşdığın kimi.Çünki biz ağzımızı açanda sanki bir “Allah dostu” oluruq  amma çevrilib əməllərimizə baxsaq özümüz belə Allaha sığınarıq öz əməllərimizdən. Elə biz özümüz çirkin əməllərimizlə sədd olmamışıqmı o gözəl İslamla insanlar arasında. Səni anlayıb yaşamağımız bir yana öz davranışımıza görə sənə və Rəbbimizə dil uzatmaq qəflətinə düşmələrinə belə səbəb oluruq insanların.  

Səni anlaya bilmədik sənin kimi...! 

Dünya bizi aldattı öz  yalançı dəbdəbəsiylə.

Qadınlarımız göstərişi seçdi özlərini gizləmək əvəzinə. Kişilərimiz isə günah olduğunu bilərək onlara tamah saldı.

Biz səni anlaya bilmədik sənin kimi.

Kimimiz ev, maşın, rahatlıq, bir sözlə dünyaya dəyişdik sənin bizə əmanət edib getdiyini. Hakim olardıq dünyaya əgər sənə verilən o əmanətə sahib çıxsaydıq. Sadəcə əynindəki paltarı, quru çörəyi və suyuyla kifayətlənən “Sən”ə ümmət həqiqi ümmət ola bilmədik. Bəli biz Səni anlaya bilmədik sənin kimi. Yazanlarımız yazdı sənin həyatını duyğulandırdı oxucularını amma özü hissə ala bilmədi yazdıqlarından. Danışanlarımız da insanların diqqətini çəkməyi bacarsa da dedikləriylə öz diqqətini çəkəbilmədi.

Sətirlər deyil səhifələrlə belə yazsam yenə qurtara bilmərəm sənin bizə verdiyin əmanətə sahib çıxmaq mövzusunda özümüzü aldatdığımızı.

Amma sən tərk etməzsən bizi bu halımızla çünki sən bizi bizdən çox sevirsən Ey “Ümmətim, ümmətim, ümmətim!” deyən mərhəmət və sevgi peyğəmbəri.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz