Sabahlar Gəncliyin Ürəyindəki Sevdadan Keçir

Sabahlar Gəncliyin Ürəyindəki Sevdadan Keçir

İstanbulun fəth olunmasından sonra Fatih Sultan Məhəmmədən soruşurlar;

- "Sultanım! Niyə İstanbulu fəth etdiniz?"

Ulu Xaqan bu cavabı verir;

- "İstanbul məni fəth etdiyi üçün..."

İstanbulun fəthi əvvəlcə Fatihin gənc yaşda ürəyində tamamlanmış, sonra bir əməl kimi həyata keçirilmişdir. Gələcəyimiz, sahib olduğumuz gəncliyin ruhundakı sevdaya bağlıdır.

Gənclik, insanın könlünün coşduğu, ruhunun yüksəkliklərdə qanad çırpdığı dəmdir. Ən şirin günlərin, ən dəli sevdaların yaşandığı andır. Onda neçə bitməyən nəğmələrin usanmayan həsrəti vardır. Həsrət, gözyaşı və ümid belə dəmlərdə insanoğlunun ruhunun dərinliklərində özünə yer tapar.

Gənclik çağı kimi ifadə edilən 15-30 yaş arası, ömrün ən əhəmiyyətli çağı, dinamizmin və ümidin bahar mövsümüdür. İnsanın dəyərlərinin, xarakterinin, şəxsiyyətinin və cəmiyyətlə münasibətlərinin formalaşdığı dövrüdür.

Bir millətin gələcəyi onun gəncliyinin təfəkkürünün mükəmməlliyinə, ümidinə, idealarına bağlıdır. Milli, dini, elmi duyğularla dolmuş, bayrağını, toprağını, millətini, vətənini sevən bir gəncliyə sahib bir ölkə ən böyük sərvətə və xəzinəyə sahibdir. Belə bir gəncliyə sahib olan ölkənin gələcəyi çox parlaqdır.

"İnkişaf etmiş ölkələrlə, inkişaf etməmiş ölkələr arasında çox az bir qram fərqi vardır. O da yetişmiş bir gənclikdir." Gələcəyinə qiymət verən millətlər, gənclərin yetişməsinə böyük diqqət göstərməli və bunun üçün əlindən gələni əsirgəməməlidir. Gənclərin xarakterini bir zərgər dəqiqliyi ilə formalaşdırmağa çalışmaq lazımdır. Gənclərin yetişməsində bədən-ruh, maddi-mənəvi, dünya-axirət tarazlığının qorunması çox əhəmiyyətlidir. Gənc; sevgi və dinamizim dolu, qayğısız, təmiz qəlbli, səbirli, özüylə və yaşadığı cəmiyyətlə barışmış olmalıdır.

Bu gün gənclərin qarşısında bir çox maneələr və problemlər durur. Bunların bir çoxu da müasir dünyanın və qloballaşmanın doğurduğu problemlərdir. Bunlardan ən əsasları; narkotika, QİÇS (AİDS) xəstəliyi, şou-biznes mədəniyyəti, amalsız, özünə yaxşı model insan seçə bilməməsi, satanizm, missionerlik fəaliyyətləri, israfçılıq və iqtisadi problemlərdir. Bütün bunların nəticəsində gənclərin dinamizmi sönür və onlar ruhdüşGünlüyü yaşayır. 20 yaşlı gənc 70 yaşında təqaüdə ayrılmış insanın ruh halını yaşayır.

"Gənclik bir millətin gələcəyinin aynasıdır". Gənclik bir millətin ümidi və gələcəyidir. Gəncliyin xarakterinin inşa edilməsində mötəbər bir modelə, nümunəyə ehtiyac vardır. Gənclikdə dost seçimi çox əhəmiyyətlidir. Pis dost, bir gəncin başına gələcək ən böyük fəlakətdir.

Gənclərə nümunə götürəcəkləri öndərlər və şəxsiyyətlər təqdim etməliyik. Belə nümunələr bizim tariximizdə həddindən çoxdur.

Ruhu sağlam bir gənclik üçün; hər gəncin həyatda yerinə yetirə biləcəyi öhdəliklər üçün lazımi ixtisas potensialı və bir şəxsiyyət üçün lazımi milli-manevi tərbiyyə verilməlidir. Bu sintezin nəticəsində mükəmməl bir şəxsiyyət formalaşacaqdır. Burada yeganə məqsəd ölkənin sağlam gələcəyi üçün lazımlı insanların yetişdirilməsidir.

Əhalisinin əksəriyyətini gənclərin təşkil etdiyi Azərbaycanda, gənclərin təhsilinə, təlim-tərbiyyəsinə və sözün əsl mənasında bir vətəndaş kimi formalaşmasına böyük diqqət və qayğı göstərilir. Bununla əlaqədar olaraq dövlət tərəfındən 10 illik proqram belə qəbul edilmişdir. Azərbaycanda fəaliyyət göstərən gənclik təşkilatlarınının fəaliyyətini koordinasiya etmək, gənclərin hüquqlarını müdafiə etmək və onların ictimai fəaliyyətinə dəstək vermək məqsədilə 1995-ci il noyabr ayında 10 təşkilat Azərbaycan Resbublikası Gənclər Təşkilatları Milli Şurasını (ARGTMŞ) yaratmışlar. Hal-hazırda Milli Şura 60-dan çox gənc qeyri-hökumət təşkilatını öz sıralarında birləşdirir. Gəncliyə Yardım Fondu da ARGTMŞ-ın tamhüquqlu üzvüdür.

Qeyd etmək lazımdır ki, indiyə qədər 4 dəfə 1996, 1999, 2003 və 2005-ci illərdə Resbublika Gənclər Forumu keçirilmişdir ki, bu tədbirlərdə dövlət başçısı ilə yanaşı yüksək rütbəli şəxslər də iştirak etmişdir. 2004-cü il, dekabr ayında  ARGTMŞ və Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının təşəbbüsü ilə Bakı şəhərində İslam Konfransı Gənclər Forumu yaradılmışdır. 

Azərbaycan hökuməti, xüsusən də mərhum prezident H. Əliyev dövründə, gənclər siyasətinə xüsusi diqqət göstərilmişdir. Bunun bariz nümunələri kimi prezident H. Əliyevin fərmanı ilə 1994-cü ilin iyulunda Gənclər, Turizm və İdman Nazirliyinin təsis edilməsni və yenə mərhum prezident H. Əliyevin 1999 -cu ilin iyulunda "Dövlət Gənclər Siyasəti Haqqında"  fərman imzalamasını, gənclər üçün yeni iş yerlərinin açılmasını, idman sahəsinə diqqətin artırılmasını göstərmək mümkündür. Gənclərinə qiymət verən cəmiyyətlər və ölkələrin gələcəyə güvənmək haqqı vardır.

Rəvayət edildiyinə görə faciyəli qətillərin törədildiyi günlərdə İspanya`da (Əndülüs İslam Mədəniyyətinin son günlərində) müsəlman bir alimin xristiyan bir tələbəsi var imiş.  Yarımadanın hər yanından qətl və sürgün xəbərlərinin gəldiyi bir gündə, xristiyan tələbə müsəlman müəlliminə sual etmiş:

"- Müəllim nə deyirsiniz, müsəlmanları qətlə yetirirlər, Məhəmməd gəlib sizi qurtara bilməz mi?" Tələbənin "Məhəmməd" dediyi Hz. Peyğəmbər imiş və məqsədi müəlliminin qüruru ilə oynamaqmış. Təcrübəli alim bu iynəli suala:

"- Məhəmməd indi Bizansı mühasirə etmiş, fəthlə məşğuldur" cavabın verir.

Alimin qəsd etdyi "Məhəmməd" isə İstanbulu eyni dövürdə fəth edən 22 yaşındaki Fatih Sultan Məhəmməd imiş. Ispanya müsəlmanlarının son qalası olan Granada 1492-ci ildə tutulmuş, amma eyni tarixlərdə Anadolu və Rumelidə müsəlmanlar mədəniyyətin zirvəsinə yüksəlməyə başlamışlar.

Gənclərinə, doğru zamanda doğru dinamizm qazandıra bilən millətlər gələcəkdən ümidvardır. Gəncliyin ürəyinə toprağı, milləti, bayrağı, vətəni, dini və dili üçün atılan toxumlar, əlbətdə, gələcəkdə tumurcuqlayıb, bir gün çiçək açacaqdır.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz