Gələcəyimiz haqqında bir az düşünək...
"Gənclik bir millətin gələcəyidir" aforizm-aksiyomanı yəqin eşitməyən yoxdur. Həqiqətən də gənclik bir millətin həm də ümidli gələcəyidir. Elə Azərbaycan gəncliyi də, Azərbaycan xalqının gələcəyi hesab olunur.
Yəni xalqımızın köklü-tarixi mədəniyyəti, adət-ənənələri gəncliyinin ürəyində və əməllərində gələcəyə daşınacaq. Ən böyük sərvətimiz olan müstəqilliyimiz, dövlətçiliyimiz və tariximiz bu gəncliyin çiyinlərində gələcəyə ötürüləcəkdir. Bu mənada Azərbaycan gəncinin bu gün üzərinə böyük vəzifələr düşür. O, həm tarixini, mədəniyyətini, dilini, adət-ənənələrini, milli-mənəvi dəyərlərini mükəmməl bilməli, həm ölkəsinin iqtisadı potensiyalını, siyasi qüdrətini və strateji əhəmiyyətini qavramalı, həm də yaşadığı cəmiyyəti; onun sosial-iqtisadi, sosial-psixoloji və milli-mənəvi dəyərləri sahiblənmədəki problemlərini yaxından bilməlidir. Bunun üçün də gənclərimiz, bu gün yaradılmış şəraitdən istifadə edərək bu sahədə öz potensialını ortaya qoymalıdır. Təbii, ancaq necə?..
Görəsən bu gün Azərbaycan gəncliyi öz üzərinə düşən vəzifəni yerinə yetirə bilir mi? bu suala konkret cavab vermək (qısaca "bəli" və ya "xeyir" demək) subyektiv səslənməklə yanaşı, yəqin ki, gənclərə də müəyyən mənada haqsızlıq olardı. Fikrimizcə bu sualı obyektiv şəkildə cavablandıra bilməkdən ötrü bu günün Azərbaycan gəncliyini müəyyən qruplara bölərək; onun iqtisadi, milli-mənəvi, elmi-mədəni durmunu müəyyənləşdirmək, problem və qayğıları təhlil etmək lazım gəlir.
Respublika əhalisinin əhəmiyyətli hissəsini təşkil edən və qanunla müəyyən olunduğu kimi 18-35 yaş aralığını əhatə edən gəncləri belə qrublandırmaq mümkündür:
Tələbə-Gənclər: Əslində bu qrupa aid edilənləri də yenə alt kateqoriyalara bölmək olar:
1. Ölkə daxilində təhsil alanlar: Ali və orta ixtisas təhsili ilə məşğul olan gənclərin bu qrupunun üzərinə yuxarıda qoyulmuş missiya baxımından böyük vəzifələr düşür. Bu kateqoriyanın gəncləri (təxminən 200 mindən çox) ölkə gəncliyinin əsas hissəsini təşkil edir. Bunların əsas problemi isə təhsildə rüşvətxorluq, keyfiyyətsiz təhsil və məzun olduqdan sonra işsiz qalmaq təhlükəsidir. Ali təhsilin müxtəlif pillələrin bitirmək də bu real təhlükənin qarşısını ala bilmir. Əslində bu gün cəmiyyətdə çox sayıda "diplomlu işsiz" gənc var və bunlar nəinki gənc kimi öz vəzifələrini icra etmək iqtidarındadırlar, hətta gələcəkdən ümidlərini belə itirmişlər.
2. Xaricdə təhsil alanlar (qərb ölkələrində, Türkiyə və.s): Ölkədəki tələbə gənclərdən fərqli olaraq keyfiyyətsiz təhsil, təhsildə rüşvətxorluq kimi problemləri olmasa da, təhsilini başa vurub vətənə qayıtdıqdan sonra işsiz qalmaq kimi problemləri var. Qürbətdə yaşamaq insanı millətçi yetişdirir, ancaq ölkəmizin reallıqları ilə üzləşən xaricdə təhsil alan gənclər ruh düşgünlüyü yaşayırlar. Ya da bütün bunları nəzərə alaraq vətənə qayıqmaq istəmirlər. Nəticədə Azərbaycan xalqı itirir.
Beləliklə, dayanıb düşünək; görəsən bu gənclərə gələcəyimizi tam mənasında əmanət edə bilərikmi?
Sadə Gənclər: Söhbət bu və ya digər şəkildə təhsillə məşğul olmuş və ya olmamış və gündəlik məişət problemlərini həll etməyə çalışan Azərbaycan gəncindən gedir. Bu kateqoriyanı təşkil edənlər, müəyyən şirkətlərdə və özəl iş yerlərində bəzi hallarda insan kimi dəyər verilmədən öz yaşayışını təmin etmək üçün bir çox şeyə dözən və beləcə psixoloji olaraq "sındırılmış" və mövcud reallıqların yaratdığı problemlər qarşısında öz missiyasında uzaqlaşmış gənclər və milli-mənəvi dəyərlərindən yadlaşmış, güya avropasayağı həyat tərzini mənimsəmiş,ömrü-Günü barlarda keçən və öz dilində danışa bilməyən - əslində öz mənsubiyyətini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalan gənclərdir. Bunlar görəsən gələcəkdə bu məmləkət üçün nə isə edə bilmək iqtidarındadılar?!
Dindar Gənclər: Əslində gənclərin dindarlığa meyilli yetişməsi milli-mənəvi irsimizin qorunması və yaşadılması baxımından çox əhəmiyyətlidir. Lakin burda diqqət edilməsi lazım gələn bir məqam var; Bu dindarlıq, islam dinini istədiyi dindarlıq anlayışı ilə üst-üstə düşməlidir.
Bu gün çox təəssüf ki, bir qrup gənclərimiz missionerlərin tələsinə düşmüşdür. Bunlar öz dinlərindən üz döndərməklə, eyni zamanda milli-mənəvi dəyərlərindən uzaqlaşırlar. Bundan başqa bəzi gənclərimiz də İslam dini içərisində zamanla meydana çıxmış və bu gün ölkəmiz üçün təhlükə mənbəyi kimi görünən cərəyanlara qapılmışlar. Belələri çox hallarda milli və dövlətçilik maraqlarımıza lazımi əhəmiyyəti vermir. Unutmayaq ki, bu ölkədə biz yaşayırıq və buranı cənnətə çevirəcək olanlar da bizlərik.
Çox həzin bir mənzərə yaranır elə deyilmi?
Hasili-Kəlam: Bu gün Azərbaycanda sosial problemlərin ağırlığı altında əzilən, öz milli-mənəvi dəyərlərini yetərincə bilməyən, digər mədəniyyətlərin təsirinə düşmüş gənc lər ölkə gəncliyinin böyük bir qismini təşkil etsə də, hamsını əhatə etmir. Bu müəyyən mənada sevindirici haldır. Amma bir halı da qeyd etmək lazımdır ki, milli ruhda yetişən gənclərin böyük əksəriyyətində milli-mənəvi dəyərləri əsaslı şəkildə bilməmək problemi vardır.
Fikrimizcə, bu gün, cəmiyyət və dövlət olaraq gələcəyimizi düşünürüksə, gənclərin problemlərinin həllinə yönəlməliyik. Onlara milli-mənəvi dəyərlərimiz tam və düzgün şəkildə təbilğ olunmalı, vətənpərvərliyin sözdən əmələ necə keçiriləcəyi öyrədilməli, bayraq və torpaq sevgisi, millətinə və məmləkətinə səqadət hissi aşılanmalı, dövlətçilik və milli maraqlarımızın nədən ibarət olduğu və buna necə xidmət olunacağı təlqin olunmalı, ümummilli bəlamız olan Qarabağ dərdinin çarəsinin yalnız özümüzdə, öz ruhumuzda olduğu inamı yaradılmalıdır.
Bir sözlə, Azərbaycan gənci elə formalaşmalıdır ki, o, fəxr etsin ki, bu ölkənin vətəndaşıdır. Bax belə gənclik gələcəyimiz hesab olunur.
ŞƏRHLƏR