Nəyi Xatırlayır Bu Dəli Könül?!
Qəlbim tarixçidir, mənsə savadsız,
Nəyi xatırlayır bu dəli könül
Hansı xatirəylə çırpınır tez-tez,
Nəyi xatırlayır bu dəli könül
Hərdən qan ağlayır ələmdən coşur,
Kövrəlir isti göz yaşa bulaşır,
Baxır şair beyni düşünür çaşır
Nəyi xatırlayır bu dəli könül
Bəzən fərəhlənir qürurla vurur,
Bilmirəm hardandır onda bu qürur,
Yenə dərin ağlım çarəsiz durur,
Nəyi xatırlayır bu dəli könül
Səma buludlansa məndən tez duyur,
Ürəyim od tutur, cismim soyuyur,
Yağışdan nə torpaq, nə qəlbim doyur,
Nəyi xatırlayır bu dəli könül
Bu şair ürəyi bir başqa gözdür,
Kimsə bilmədiyi hikmətdir, sözdür
Mənim yadigarım Elgündən izdir,
Nəyi xatırlayır bu dəli könül
ŞƏRHLƏR