Ölümü Xatırlamaq
Ölümü xatırlamaq. Bəlkə də xatırladığımız şeylər arasında ən az xatırlanan, amma xatırlanmasına ən çox ehtiyac duyulan bir şey. "Bütün ləzzətləri kökündən yox edən ölümü çox xatırlayın" - buyurur Peyğəmbərimiz (s.ə.s).
Ölümü ən çox bir məzarı ziyarət etdikdə vəya bir ölünü məzara yola saldıqda xatırlayıram. Sadəcə mən deyil yəqin ki, hamı o zaman daha çox xatırlayır. Yan-yana düzülmüş məzarlara baxdıqda gözlərim onların arasındakı yerimi görür.
Ölümü xatırlamq demək bir gün öləcəyini şüur altına yerləşdirməkdir. Amma bunu da "şüurlu" bir şəkildə yerləşdirməkdir. Ölmək istəmirəm amma "ölümü seçmək hürriyyətim" olduğu halda "ölməmək hürriyyətim" əlimdə deyil. Hürr olmadığım üçün ölümü xatırlamağa məcburam. Xatırlamaq istəmirəm, amma o məni tərk etmir. Hara getsəm də, harada olsam da o məni izləyir. Mən sürətlə qaçıram bəlkə aramızdakı məsafə gözdən itər deyə. Amma bu məsafə gözdən itmir ki, itmir. O daim mənimlə bərabərdir. Bəzən özümdə cəsarət tapıb "ondan" qorxmadığımı "ona" söyləyirəm. Ancaq onu bu şəkildə "kiçik görmək" belə məni rahatlatmır. Çünki onu kiçik görsəm də, böyük görsəm də nəticə dəyişmir və sonda onun mənə qalib gələcəyini anlayıram.
Çünki o hər zaman bu garşılaşmadan qalib çıxmışdır. Onun qalib gələcəyinə yəqin olduqdan sonra artıq onu "unutmaq" istəyirəm. Onsuz da nəticə dəyişməyəcək deyirəm. Bu dəfə "unutmaq hürriyyətinə" sahib olduğum üçün sevinirəm. Yenə bacarmıram. Onu unutmaq üçün xatırlamağı tərk etmək istəyirəm. Amma unudarkən belə onu xatırlayıram. Xatırlayıram, çünki ölüm yer üzündə qoca cavan, pis yaxşı, zəngin kasıb, gözəl çirkin demədən hər kəs üçün eyni olan ən "adil hadisə"dir. Buna görə də Montegnin dediyi kimi" ölümün bizi harada gözlədiyi bilinmir, yaxşısı biz onu hər yerdə gözləyək".
"Ölümdən niyə qorxum ki? Mən varkən o yoxdur, o gəlincə də mən olmayacağam" – deyir Lucritus. Mən də elə onun varlığında mənim olmaycağımdan qorxuram. Ölümü xatırladığım zaman hər şeyin qiymətini anlamağa başlayıram, mənim də insan deyilən bir məxluq olduğumun fərqinə varıram. Başqalarının da dəyərli məxluqlar olduğunu düşünməyə başlayıram. Etdiyim günahlar bir-bir gözlərimin önündən keçir. Həyatda qalıcı işlər görmə həvəsim daha da artır. Bütün bunlarla yanaşı öz həyatıma bir məna qazandıra bilirəm. Başı boş buraxılmadığımı dərk edirəm. Dünyanın bir oyun və əyləncə üçün yaradılmadığına qərar verirəm.
Harda olsam da, hətta hündür qalalar içərisində olsam da o məni haqlayacaq. Ölməkdən vəya öldürülməkdən qaçsam belə qaçmaq mənə heç bir fayda verməyəcək. Ölüm məni mütləq yaxalayacaqdır. Sonra gizlini də aşkarı da bilən Allahın hüzuruna dönəcəm. Və mənə dünyada nələr etdiyim xəbər veriləcək. Ölüm gəlib çatdığı zaman "Ey Rəbbim məni geri qaytar. Bəlkə zay etdiyim ömrün müqabilində yaxşı bir iş görüm" - desəm də "yox artıq gecdir və söylədiyin də boş (faydasız) bir sözdür - deyiləcək. Məndən əvvəl də heç bir bəşərə əbədiyyət verilmədi. Hətta peyğəmbərə belə verilmədi. Çünki hər kəs ölümü dadacaqdır. Mütləq dadacaqdır.
ŞƏRHLƏR