RƏHMAN VƏ RƏHİMLİ OLAN ALLAHIN QƏZƏBİ
Bir çoxumuz cümə və ya başqa zamanlarda məscidlərdə verilən vəzləri dinləyəndə istifadə olunan dilin kəskinliyindən, İslamın şəfqət dilinin işlədilməməsindən şikayətlənirik. Onlarca müjdə ayəsi, yüzlərlə cənnətlə əlaqəli ayə olduğu halda, davamlı şəkildə cəhənnəmdən və oradakı insanların çəkdikləri əzablardan bəhs edilməsini doğru qarşılamırıq. Bu yanaşmada haqlı olduğumuz qədər obyektivliyimizi də müzakirə etmək lazımdır.
Bu sətirlərdən niyyətim fəlakət dəllallığı etmək deyil. İslamın şəfqət dilinin labüdlüyündən bir şübhəm də yoxdur. Allahın ən asi qullarını əfv edəcəyindən də. Hətta Allahın günah işləyib tövbə edən bir qulunun bu tövrü qarşısındakı sevincinin, səhrada dəvəsini itirib sonra tapan adamın sevincindən qatbaqat çox olduğundan da şübhəm yoxdur.
Ancaq Rəbbimizin mərhəmət dəryasına sığınarkən bəndə olmağımızdan irəli gələn xətalarımızın "nə olsa Allah Rəhimlidir, Rəhmandır, əfv edər" düşüncəsinə düşüb bir rahatlıq içinə girmənin də yanlışlığına diqqət çəkmək istəyirəm.
İman gətiririk: Allah rəhimdir, rəhmandır. İslam mərhəmət dinidir. Peyğəmbərimiz isə Rəhmət Peyğəmbəridir. İslam mərhəmət ideyası ətrafında bir həyat tərzini seçər.
İslam insanın başda özünə, ailəsinə, əqrəbalarına və birlikdə yaşadığı insanlara, hətta digər məxluqlara həmişə bir mərhəmət pəncərəsindən baxmasını istəyir.
İslam təfəkküründə yaradılana Yaradandan ötrü mərhəmət göstərilir. İslam heç bir məxluqa fitrətin xaricində davranılmasını istəmir.
Mərhəmətin qaynağı Allahdır. Ondan yaratdıqlarına sirayət edən mərhəmət işığı, varlıq aləmini üzərinə qurulduğu təməl fəlsəfəni meydana gətirir. İslamın qurduğu insani münasibətlərdə həmişə dözümlülük düşüncəsi vardır. Həmsöhbəti incitməmək, əvf etmək vardır. İslam insanının əfvediciliyi mərhəmətindən irəli gəlir.
Rəbbimizin bizi quşdan sonsuz mərhəmətinin yanında əzəmətinin təcəllisi olan qəzəb sifəti də qulluq şüurumuzun bərkiməsində bizi xətadan caydıran bir haldır.
Hamımızın aşina olduğu bu hədisi-qüdsini xatırlamada fayda vardır. Rəbbimiz belə buyurur: "Rəhmətim qəzəbimi keçmişdir (əhatə etmişdir)" (Buxari, Tövhid, 15, 22, 28, 55; Müslim, Tövbə, 14-15).
Burada bəhs edilən rəhmət və qəzəb dünya həyatında möminlər üçündür. İnkar edən və kafirliyində israr edənlər üçün qəzəbi keçməsindən söhbət getmir (İhya, c. 1, səh. 266).
Qəzəb- qızmaq, hirslənmək mənalarına gəlir. Ümumiyyətlə, riza və həlim məfhumlarının qarşılığı olaraq işlədilir. Qəzəb məfhumu Quranda və hədisi-şəriflərdə həm Allaha, həm Peyğəmbərimizə, həm də digər insanlara nisbət edilərək işlədilmişdir.
Quranda möminlərin xüsusiyyətləri sadalanarkən hirsləndiyi zaman belə qüsurları bağışladıqlarından təriflə bəhs edilir (Şura, 42/37). Dini, əxlaqi və ictimai mövzularda görülən səhvlər qarşısında mövqe və davranışlarında həddi aşmağa yol açmasa belə, Peyğəmbərimiz (s.ə.s) qızdığı, yəni qəzəbləndiyi, hətta bu vəziyyəti üzünün qızarmasından başadüşüldüyü rəvayət edilir (Buxari, Ədəb, 75; Müslim, Fəzail, 127). "...İgid qəzəbləndiyi vaxt özünə hakim olan kimsədir" (Buxari, Ədəb, 76, 102; Müslim, Birr, 107, 108) hədisində və başqa hədislərdə qəzəb duyğusunun fitri olması səbəbilə yox edilməsi deyil, bu duyğunun təsiri ilə yanlış hökm və ya iş görülməsindən çəkinməsi lüzumunun üzərində durulur.
Allahın qəzəbi dünyaya təcəlli edər. Əzabı isə axirətdə inkarçılara və asilərə qarşı göstəriləcəkdir. Qəzəbini cəlb edən əməlləri Rəbbimiz Qurani-Kərimdə ifadə etmişdir. Qurani-Kərimdə ilahi qəzəb ilə əlaqəli təxminən iyirmi beş ayeyi-kərimə vardır.
Bu ayeyi-kərimələrə nəzər yetirdiyimiz zaman inkar edənlərə, imandan sonra küfrə düşənlərə və Allahın qullarına verdiyi nemətləri qarşısında nankorluq edənlərə Rəbbimizin qəzəbləndiyi görülür.
Rəbbimiz buyurur:
"Allahın dəvəti qəbul olunduqdan (iman gətirdikdən) sonra Onun barəsində (bizim kitabımız sizinkindən əvvəl nazil olmuşdur, bizim peyğəmbərimiz sizinkindən daha əfzəldir deyə) mübahisə edənlərin dəlili Rəbbinin yanında batildir. Onlar (axirətdə) qəzəbə və şiddətli əzaba düçar olacaqlar!" (Şura, 16)
"Sizə verdiyimiz ruzilərin təmizindən (halalından) yeyin, lakin bunda həddi aşmayın (israfçılıq, xəsislik və nankorluq etməyin, ehtiyacı olana şəri qayda üzrə kömək göstərin), yoxsa qəzəbimə düçar olarsınız. Qəzəbimə düçar olan isə mütləq uçuruma düşüb bədbəxt (cəhənnəmlik) olar" (Taha, 81).
"Onların (kitab əhlinin) bir çoxunun kafirlərlə dostluq etdiyini görürsən. Gör nəfslərinin əvvəlcədən onlar üçün hazırladığı şey (küfr) necə pisdir ki, Allahın onlara qəzəbi tutmuşdur. Onlar əbədi əzaba düçar olanlardır!" (Maidə, 80)
"Allahın rizasını qazanmaq ardınca gedən şəxs, Allahın qəzəbinə düçar olmuş şəxs kimi ola bilərmi? Onun (qəzəbə düçar olanın) yeri Cəhənnəmdir. O yer necə də pisdir!" (Ali-İmran, 162)
Mömin Rəbbinin qəzəbini çəkəcək davranışlardan uzaq durmalıdır. Rəbbi ilə arasına məsafə qoyacaq hər cür əməl və niyyətdən uzaq durmalıdır. Çünki Allahın verdiyi bütün bu nemətlər qarşısında şükür etməmək qəzəbə səbəb olar. Dünyaviləşmək qəzəbi cəlb edər. Müvəffəqiyyətləri özündən bilmək, mən etdim, mən olmasam olmazdı duyğusunu daşımaq fəlakətə səbəb olar. Nəfsani arzular bir cəhənnəm çüxuru kimi insanları içinə çəkərkən onlara biganə qalmaq və İslamı öz həyat rahatlığına uyduraraq yaşamaq və bunu da qayda-qanun kimi görmək qəzəbə vəsilə olur. Özünü qurtarıcı görmək, İslamın sahibi kimi görmək, nəsihətləri həmişə başqasına etmək, amma bu nəsihətlərdən öz payına düşəni ala bilməmək qəzəbi cəlb edər.
Xülasə, əvvəlki ümmətlərin necə və nə şəkildə dünyada Allahın qəzəbini, axirətdə də əzabına düçar olduqları ayeyi-kerimələrdə açıq-aydın ifadə edilmişdir. Mömin fərasət sahibi olacaq və eyni xətalara düşməyəcək. İslamın mərhəmət dili olduğu qədər xəbərdar etmə və qorxutma dili də haqdır. Çünki Peyğəmbərimizə nazil olan ikinci vəhy: "Ey (libasına) bürünüb sarınan (Peyğəmbər)! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut!" (Müddəssir, 1-2).
ŞƏRHLƏR