İLİSU SULTANININ ƏHLİ-BEYT SEVGİSİ

İLİSU SULTANININ ƏHLİ-BEYT SEVGİSİ

     İslam ümməti Quran və Sünnəyə müvafiq Peyğəmbərə və onun ailəsinə həmişə sadiq qalmış, onlara olan hörmətini həmişə Allah rizası möhtəvasında göstərmişdir. Bir qismi dilinin döndüyü qədər dua və salavatlarla, bəziləri övladlarına qoyduğu adlarla, bəziləri də şeir və qəsidələrlə onları yad etmişdirlər. Ancaq bir nümunə də var ki, bu Allaha və Əhli-Beytə olan təvəccöhün nadir timsallarındandır. Qax-İlisu sultanı Sultan Danyalın (?-1873) xüsusi möhrünə həkk olunmuş ərəbcə yazılar məhz bu cür tarixi bir nümunədir.

      Dövrün din aliminə ünvanladığı məktubda nəsx hüsn-xətti ilə işlənmiş möhrün surəti dahi sərkərdənin daxili aləmi və duyğularından kifayət qədər xəbər verir.  Möhür, bir böyük dördkünc orta hissə, və səkkiz kənar hissələrdən ibarət olub doqquz hissəyə bölünmüş və hər bir xanaya müvafiq yazı yazılmışdır. Böyük orta hissədə عبده دانيال  (abduhu Danyal) – Onun (Allahın) bəndəsi Danyal sözü yazılmışdır.

     Künclərdəki həcmcə ən kiçik dörd hissədə hər birində ayrı-ayrı,  الله – Allahربي-Rabbi, و محمد - və Muhammədرسولي – Rasuli ; yəni, Rəbbim Allah, Rəsulum Muhamməddir cümləsi yazılıdır.

     Qalan kənar dörd hissədə isə məğribli Fas şairi Həmdun ibn Hac əs-Suləminin qəsidəsindən iki sətrlik şeir parçası həkk edilmişdir. Onların transkripsiya və tərcüməsi aşağıdakı kimidir:

     عَلَى اللهِ فِي كُلِّ الأمُورِ تَوكُّلِي

     -Aləllahi fi kullil-umuri təvəkküli-

     Bütün işlərdə təvəkkülüm yalnız Allahadır,

     وَبِالخَمْسِ أصْحَابِ العِبَادِ تَوَسُّلِي

     -və bil-xəmsi əshabil-ibadi təvəssüli-

     Bəndə əhlinin beşi də, təvəssülümdür.

     Qəsidə və onun müəllifinə gəlincə, Həmdun ibn Abdurrahman bin əl-Hac əs-Suləmi əl-Maliki (ölümü 1817) İslam alimləri arasında yetişmiş böyük ədib, müfəssir və fəqihdir. Osmanlı şairi kimi tanınmış Həmdun ibn əl-Hac əs-Suləmi daha çox qəsidələri ilə məşhurdur ki, onun “Allaha Təvəkkül” adlı iki beytlik şeiri Peyğəmbər nəsli haqqında yazılmış ən gözəl beyt olaraq hələ şair həyatda ikən dillər əzbəri olmuşdur.

     Şeirdə iki təlim öz əksini tapmışdır; Bunlar təvəkkül və təvəssül məfhumlarıdır. İlk misrada işlərini Allaha həvalə edən şair, bütün varlığı ilə ona panah apararaq hər bir işində ona necə təvəkkül etdiyini əks etdirmiş, digər misrada isə hər işində peyğəmbər və onun dörd əzizinin xətri və hörmətinə, onları vəsilə (təvəssül) edərək Allahdan necə nəzr – niyaz etdiyini tərənnüm etmişdir.

     Xəmsəyi-ali əba (beş əba əhli), Hz. Peyğəmbər əleyhissalam ilə birgə qızı Hz. Fatimə anamız, kürəkəni Hz. Əli və nəvələri Hz. Həsən və Hz. Hüseyindən ibarət Əhli-Beyt üzvləridir. Hz. Peyğəmbər əleyhissalam geydiyi əbasını qeyd edilən səhabə həzrətlərinin üstünə örtərək xüsusi dua etdiyinə görə bu adla məşhurlaşmışdır. Alimlərin izahına görə Həzrət Peyğəmbər Həzrət Əlini ümmət nəzərində təmiz və təbərrü etmək, Həzrət Hüseyini təsəlli etmək, Həzrət Həsəni təbrik etmək ve mühüm bir fitnəni qaldırmaqla şərəfini və ümmətə olan faydasını elan etmək və Həzrət Fatimənin zürriyyətinin təmiz və şərəfli olacağını və Əhli-Beyt kimi ali ünvana layiq olacaqlarını elan etmək üçün, o dörd şəxsə, özü ilə birgə “Xəmsei-ali-Əba” ünvanını bəxş edən o əbanı örtmüş və dua etmişdir. Əba altında peyğəmbər duası alan bu əshab əhli-əba adlanır. (Müslim, Fəzailus-Səhabə, 61; İbn Əbi Şeybə, əl-Müsənnəf, 6/370; Səid əl-Maraşi, İhqaqul-Həqq, 2/568.)

     Şeirin möhürdə qeyd edilməmiş qalan iki misrası isə aşağıdakı kimidir;

     مُحَمَّدٍ المَبْعُوثِ حَقاً وَبِنْتِهِ

     -Muhammədin əl-məbusi haqqan və bintihi-

     Həqq olaraq göndərilən Muhamməd və onun qızı,

     وَسِبْطَيْهِ ثُمَّ المُقْتَدَى المُرْتَضَى عَلِي

     -və sibteyhi summəl-muqtəda əl-Murtəza Ali-

     və onun iki nəvəsi, sonra Murtəza Əli

     Səlatu-salam, tahiyyətul-kiram, hər ehtiram onlara! Ya Rəbb!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz