HAQQ DOSTLARINDAN HİKMƏTLƏR İmam Rəbbani q.s -6-

HAQQ DOSTLARINDAN HİKMƏTLƏR İmam Rəbbani q.s -6-

         İmam Rəbbani Həzrətləri buyurur:

         “Allah-Təalanın qəzəbini söndürmək üçün « Lə iləhə illəllah » sözündən daha faydalı heç nə yoxdur. Bu söz cəhənnəmə girməyə səbəb olan qəzəbi söndürürsə, başqa qəzəbləri daha tez söndürər. Çünki digər qəzəblər cəhənnəm əzabını doğuran qəzəbdən daha xəfifdir. Necə söndürməsin ki, insan bu sözü təkrarlayaraq masivadan üz çevirmiş, onları rədd etmiş və qəlbinin qibləsi Haqq-Təala olmuşdur. Zatən qəzəbin səbəbi də qulun başqa tərəflərə meyil etməsidir. Kəlmeyi-tövhidlə bunlar aradan qalxdığı üçün əzab da sükunət tapar…[1]

         [Allah-Təalanın qəzəbini ən çox cəlb edən və ilahi əfvdən uzaq qalan ən ağır günahlar “küfr, şirk və nifaq”dır. Yəni Allahı inkar etmək, Ona şərik qoşmaq və ya zahirən Ona iman etmiş kimi görünüb qəlbən inkar etməkdir.

İslam fitrəti üzrə və Allaha qulluq üçün yaradılan insanın haqq yolu qoyub, batil yollara düşməsinin başlıca səbəbləri nəfsə, şeytana və ya şeytanlaşmış insanlara tabe olaraq öz əliylə özünü cəhalət qaranlığına məhkum etməsidir. Bu xüsusda insanın ağlını və qəlbini pərdələyən də çox vaxt imtahan üçün qarşısına çıxarılan müxtəlif mənfəətlər olur.

         Bu xüsusda Fəridəddin Əttarın nəql etdiyi qissə çox ibrətlidir:

         Padşahın çox sevdiyi bir ov iti vardı. Ovçuluqda çox mahir idi. Padşah ona hədsiz dərəcə dəyər verir və hər dəfə ova çıxanda onu özü ilə aparırdı. Xaltasını ləl-cəvahiratla bəzəmiş, ayaqlarına qızıl və gümüş halqalar taxdırmışdı. Belinə də atlas çul salınmışdı.

         Bir gün yenə padşah onu da götürüb saray əyanları ilə ova çıxmışdı. Xaltanın ipək ipi əlində, at üstündü vüqarla irəliləyən sultan çox sevincli idi. Lakin birdən üzündəki təbəssüm ifadəsi yox oldu. Çox sevdiyi köpəyi padşahını unutmuş halda başqa bir işlə məşğul idi. Padşah əvvəlcə hüznlə əlindəki ipi çəksə də köpək dirəndi, qarşısındakı sümüyü gəmirməyə davam etdi. Bu hal qarşısında padşah heyrət və hiddətlə qışqırdı:

         “- Hüzurumda məni unudaraq başqa işlə məşğul olmaq! Bu nə haldır?”

         Çox kədərləndi. Köpəyinin bu nankorluq, vəfasızlıq və duyğusuzluğu ona çox təsir etmişdi. Bir köpək də olsa etdiyi hərəkəti üzrlü sayıb bağışlamağı düşünmədi. O qədər izzət, ehsan və lütf müqabilində köpəyinin bir anda, üstəlik sümük parçası üçün onu unutması bağışlanacaq qəbildən deyildi. Qəzəblə:

“- Bu ədəbsizə yol verin!”,- dedi.

         Qafil köpək bu hiddətin mənasını dərk etdiyi zaman iş işdən keçmiş, başqa çarə qalmamışdı. Hətta ətrafdakılar padşaha:

         “- Sultanım, üstündəki ləl-cəvahirat, gümüş nə varsa çıxaraq, elə qovaq”,- dedikdə padşahın cavabı bu oldu:

         “- Yox, qoy elə getsin”,- dedi və əlavə etdi:

         “- Elə getsin ki, ucsuz-bucaqsız səhralarda ac-susuz qalanda onlara baxaraq itirdiyi ehsan və lütflərin acısını yaşasın!..”

         Allah-Təalanın qəzəbini ən çox cəlb edən xüsus da Uca Zatına qulluq üçün yaratdığı insanın, insan üçün yaratdığı fani varlıqlara könül verərək Ondan üz çevirməsidir. İnsanın Yaradıcısını, əsl sahibini və Rəzzaqını unudub başqa qapılardan kömək ummasından daha böyük bir nankorluq ola bilməz!..

         Unutmamaq lazımdır ki, bütün insanlar Haqq-Təalanı inkar etsələr, Onun şəninə zərrə qədər xələl gəlməz. Bunun əksinə, insanlar Allahın varlığına və birliyinə iman ilə şərəflənsə, yenə də Onun şəninə zərrə qədər təsir etməz. Allahın bizim qulluğumuza ehtiyacı yoxdur. O, bütün ehtiyaclardan münəzzəhdir. Nəticə olaraq da bəşəriyyətin imanı və ya inkarı Haqq-Təalaya deyil, yalnız özlərinə fayda və ya zərər verə bilər.

         Bununla yanaşı Allah-Təala sonsuz mərhəməti nəticəsində yaratdığı insanların hidayətini və səadətini istəyir. Onların iman ilə şərəflənmələrini, beləliklə də ilahi mükafatlara layiq olmasını murad edir. Bu səbəblə Allahdan başqa ilah olmadığı həqiqətinin qəbulu sayılan kəlmeyi-tövhid Allah-Təalanın ən çox sevdiyi kəlmədir. Zira bu kəlmənin layiqincə idrak edilib, qəlbən təsdiq olunması:

          İnsanın günahlardan və bütün fani qapılardan üz çevirib yalnız Allahın dərgahına sığınması mənasına gəlir.

         Yuxu və xəyal mövqeyində olan batil ilahları rədd edib yeganə gerçək olan Allaha təslim olduğunu dilə gətirər.

          İnsanın gözündə və könlündə bütləşdirdiyi şeytani və nəfsani bütün bağları qoparıb ataraq yalnız Haqqa qulluqda dada biləcəyi həqiqi hürriyyətə qovuşması deməkdir.

         Ona görədir ki, Allah-Təala əzaba layiq olan neçə-neçə insanı kəlmeyi-tövhidi söyləyib onun istiqamətinə girmələri səbəbilə əfv və məğfirətinə məzhər etmişdir. Həzrət Peyğəmbər r də uzun illər zülm və işgəncələrinə məruz qaldığı müşrikləri kəlmeyi-tövhidi söyləyərək uca hüzura üz sürtmələri xətrinə əfv etmiş, onları da mübarək əshabının arasına qəbul etmişdir.

         Məsələn, Rəsulullahın əmisi Həzrət Həmzə (r.a) şəhid edən həbəşli Vəhşi kəlmeyi-tövhidin həqiqətini idrak etdikdən sonra nail olduğu iman həyəcanı ilə ürəyindəki peşmançılıq iztirabını bir azcıq da olsa təsəlli etmək üçün peyğəmbərlik iddia edən Müseyləməni öldürmüşdü. Nəticədə qiyamətədək gələcək möminlər tərəfindən Həzrət Vəhşi adıyla yad edilən mübarək bir səhabə olmuşdur.

          Bu baxımdan ilahi əfv istəmək üçün təvəssül ediləcək ən gözək vəsilə “Allahdan başqa ilah yoxdur” sözüdür. Bir çox tövbə və istiğfar duasında bu cümlə yer alır.

         Necə ki, Həzrət Yunus (ə.s)-ın tövbəsində də tövhid ilə təvəssül etdiyi üçün cavab verilmişdir. Ayeyi-kərimələrdə buyurulur:

         “Zün-Nunu (balıq sahibi Yunisi) da xatırla! Bir zaman o (küfr etməkdə həddi aşmış ümmətinə qarşı) qəzəblənərək çıxıb getmiş və (Bizə xoş gəlməyən bu səbrsizliyinə görə) onu möhnətə düçar etməyəcəyimizi (gücümüz, yaxud hökmümüzün ona yetməyəcəyini) güman etmişdi. Amma sonra qaranlıqlar içində (balığın qarnında; gecənin, yaxud dənizin zülmətində): “(Pərvərdigara!) Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm eləmişəm)”, -deyib dua etmişdi. Biz onun (Yunisin) duasını qəbul buyurduq və (balığın qarnından çıxartmaqla) onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk!” (əl-Ənbiya, 87-88)]

         İmam Rəbbani həzrətləri buyurur:

         “Kəlmeyi-tövhidin fəziləti qarşısında bütün bu dünya heç bir qiymət ifadə etmir. Kaş böyük bir okeana nisbətlə bir damla hökmündə ola biləydi. Ancaq bu kəlmeyi-tayyibənin qiymət və əzəməti onu söyləyənin mənəvi dərəcəsi nisbətindədir. Söyləyənin dərəcəsi nə qədər yüksək olarsa, bu kəlmənin əzəməti də o qədər təcəlli edər…”[2]

         [Kəlmeyi-tövhidin Haqq qatındakı qiymətini və ilahi əfvi cəlb etmə xüsusundakı müstəsna təsirini bu hədisi-şərif nə gözəl ifadə edir:

         Səhabədən Şəddad bin Övs (r.a) buyurur:

         Həzrət Peyğəmbər (s.ə.s) yanında olduğumuz bir vaxt belə dedi:

         “– Aranızda yad bir adam varmı?”,- deyə soruşdu. Buradakı “yad” sözü ilə əhli-kitabı qəsd etmişdi. Biz də:

         “– Xeyr, yoxdur, ya Rəsulallah!”,- dedik.

         Bunun üzərinə Allah Rəsulu (s.ə.s) qapıların bağlanmasını əmr edərək:

         “– Əllərinizi qaldırın və: Lə iləhə illəllah deyin!”,- buyurdu.

         Şəddad bin Övs (r.a) bu zikr məclisinin davamını belə nəql edir:

         “– Əllərimizi qaldırıb bir müddət söylənildiyi kimi zikr etdik. Sonra Allah Rəsulu r əllərini saldı və belə dua etdi:

         “– Allahım, Sənə həmd olsun! Rəbbim, məni “bu cümlə” ilə göndərdin. Onu (söyləməyi və lüzumunu yerinə yetirməyi) mənə əmr etdin. Bunun müqabilində mənə cənnəti vəd etdin. Sən vədindən əsla dönməzsən!”

Daha sonra Allah Rəsulu (s.ə.s) əshabına belə buyurdu:

         “– Müjdələr olsun sizə! Şübhə yoxdur ki, Allah sizi bağışladı”. (Əhməd bin Hənbəl, Müsnəd, IV, 124)

         Kəlmeyi-tövhidin Allah qatındakı yüksək qiymətini bu hadisə də nə gözəl ifadə edir:

         Allah tərəfindən böyük imkanlara nail olan Həzrət Süleyman (ə.s) cinlər, insanlar və quşlardan ibarət möhtəşəm ordusuyla bir bölgədən keçirdi. Orada bir qarışqa vadisi vardı. Qarışqaların başçısı Həzrət Süleyman və ordusunu görüb:

         “– Ey qarışqalar! Yuvalarınıza girin, Süleyman ve ordusu fərqində olmadan sizi əzməsin! Həzrət Süleymanın səltənəti çox böyükdür, tapdaq altında qalarsınız! Yuvalarınıza çekilin!” dedi.[3]

Allahın lütfüylə heyvanların da dilini bilən Həzrət Süleyman ə.s bu sözləri eşitdi və belə dedi:

         “– Xeyr, mənim səltənətim geçicidir! Bir kəlmeyi-tövhidin getirəcəyi səadət və səltənət isə əbədidir!..”

Necə ki, bir hədisi-şərifdə də:

         “Kim son nəfəsində (xalis qəlblə) kəlmeyi-tövhidi söyləyərsə,  cənnətə girƏr...” buyurulmuşdur. (Hakim, Müstədrək, I, 503)

         Bu nəbəvi müjdəyə nail olub əbədi səadət və səltənətə yüksələ bilmək üçün ömür boyu kəlmeyi-tövhidin məzmunu çərçivəsində yaşamağa cəhd göstərmək şərtdir. Yəni qul Allahdan qeyri zahiri və batini bütün ilahları rədd edib könlünü Allah inancıyla doldurar və son anına qədər bu minval üzrə bir həyat yaşayarsa, imanla can verib cənnətə nail olacağına ümid edilir. İstisnalar xaric, bu həqiqətin əksinə həyat yaşayan kimsənin son nəfəsdə “Lə iləhə illəllah” deyə bilməsi çox çətindir. Çünki başqa bir hədisi-şərifdə də:

         “Necə yaşasanız elə ölərsiniz, necə ölsəniz o şəkildə həşr olunarsınız”,- buyurulmuşdur. (Münavi, Feyzul-Qadir, V, 663)

         Übeydullah Əhrar həzrətləri nəql edir ki:

         “Mübarək bir şəxs Nəqşbənd həzrətlərini vəfatından sonra yuxusunda görüb ondan:

         “- Əbədi qurtuluşumuz üçün nə edək?”,- deyə soruşur. Xacə həzrətləri bu cavabı verir:

     “- Son nəfəsdə nə ilə məşğul olmaq lazımdırsa, onunla məşğul olun!”. Yəni necə ki, son nəfəsdə tamamilə Haqq-Təalanı düşünməlisiniz, həyatınız boyunca da o cür ayıq olun.[4]

Ona görə də ömür boyu son nəfəsi iman ilə verə bilməyə hazırlıq görməliyik. Əks təqdirdə, yəni tövhid çərçivəisndə qulluq həyatı yaşamadan, sadəcə kəlmeyi-tövhidi söyləməklə xilas olacağını düşünmək boş bir xəyaldır.

        Necə ki, tabiun nəslinin böyük alimlərindən İmam Zöhridən Rəsulullahın  “Kim « Lə iləhə illəllah » deyərsə cənnətə girər” hədisi-şərifi haqqında sual verilmişdi. İmam:

        “– Bu hökm, İslamın ilk günlərində, fərzlərin, əmr və qadağaların nüzulundan əvvələ aiddir”,- buyurdu. (Tirmizi, İman, 17/2638)

         Yəni din kamala çatdıqdan sonra Kitab və Sünnənin bütün hökmlərinə riayət edilib tövhidə uyğun bir həyat yaşanması zəruridir. Necə ki, Haqq-Təala:

         “İnsanlar yalnız: “İman gətirdik!” – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar?” (əl-Ənkəbut, 2) ayəsi ilə sırf sözdən ibarət və həyata tətbiq edilməyən bir kəlmeyi-tövhidin təkbaşına əbədi qurtuluşu təmin edə bilməyəcəyini bəyan buyurmuşdur.

         Digər tərəfdən bu ayeyi-kərimənin imanları səbəbiylə müxtəlif zülm və işgəncələrə məruz qalan bəzi səhabələr haqqında nazil olduğu rəvayət edilir. Bu rəvayət də həqiqi imanın bəzi qurbanlar istədiyini açıqca ortaya qoymaqdadır. Bunun üçün də Haqq-Təala Qurani-Kərimində imanlarını qurtarmaq üçün canlarını fəda edən fironun sehrbazlarından, imanlarından dönmədikləri üçün xəndəklərə atılıb yandırılan Əshabi-Uxduddan, tövhidi müdafiə uğrunda daşlanaraq şəhid edilən Həbibi Nəccarda bəhs edir.

         Eyni zamanda İmam Rəbbani həzrətlərinin də ifadə buyurduğu kimi kəlmeyi-tövhidin ilahi mizandakı qiymət və əzəməti, onu söyləyənin mənəvi dərəcəsi nisbətində olacaqdır. Bu baxımdan könlü kəlmeyi-tövhidin məna və həqiqətində dərinləşdirmək lazımdır. Necə ki, nəbəvi tərbiyə altında mənən səviyyə qət edən səhabələrdən Abdullah ibn Meəsud (r.a): “Biz boğazımızdan keçən loğmaların zikrlərini eşidəcək hala gəlmişdik!”,- buyurmuşdur.[5]]

         İmam Rəbbani həzrətləri buyurur:

         «Lə iləhə illəllah » zikrindən məqsəd afaqi və ənfusi, yəni ətrafdakı və daxilimizdəki batil ilahları yox etməkdir. Afaqi ilahlar Lat və Uzza kimi kafirlərin batıl ilahlarıdır. Ənfusi ilahlar isə nəfsə aid arzulardır. Necə ki, Haqq-Təala “Nəfsini özünə tanrı edəni gördünmü?» (əl-Casiyə, 23) buyurur. Şəriətin insanları mükəlləf tutduğu və qəlbən təsdiq etmekdən ibaret olan “iman” üçün afaqi ilahların yok edilmesi kifayətdir. Ənfusi batil ilahların yox edilə bilməsi üçünsə nəfsi-əmmarənin təzkiyə edilməsi lazımdır. Əhlullahın yoluna girmeyin məqsədi və nəticəsi də budur. Həqiqi imana nail olmaq bu hər iki növ batil ilahları yox etməyə bağlıdır...”[6]

         [Kəlmeyi-tövhid zikri “Lə iləhə” ilə, yəni bütün batil ilahların rədd edilməsiylə başlayır. Ətraf mühitdəki bütlər və batil ilahlar aşkardır. İmanın şəri cəhətdən sabit olması üçün kafir, müşrik və ya bütpərəstlərin batil ilahlarını rədd edib, bir olan Allaha inanmaq kifayətdir. Fəqət bu, tövhidin həqiqətinə nail olmağa nisbətlə bəlkə də işin ən asan tərəfidir. Əsas çətinlik və mühüm olan isə daxili aləmdəki bütləri devirib yalnız Allaha təslim ola bilməkdir.

         Rəsulullah(s.ə.s)-in ağır səfər olan Təbukdan qayıdarkən əshabına “…İndi kiçik cihaddan ən böyük cihada, yəni bəndənin nəfsinə qarşı olan cihadına gəldiniz”[7] buyurmasının məna və hikməti də budur. Nəticə etibarilə nəfsi təzkiyə edərək daxili aləmi batini bütlərdən də təmizləmək çox çətin, lakin lüzumlu bir vəzifədir.

Ayeyi-kərimədə buyurulur:

         “(Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır. O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar!” (əl-Əla, 14-15)

         İbn Abbas v bu ayədə keçən “təzəkkə / təmizlənən” sözünü “İnsanın Lə iləhə illəllah deməsidir” olaraq təsfir edir.[8] Çünki təzkiyədə ilk addım qəlbin küfr və şirkdən təmzilənməsidir.

         Elə isə qulun daxilindən təmizləməli olduğu bütlər nələrdir?

          Bunlar bəzən qula Allahın əmrini ifadan daha əhəmiyyətli gələn nəfsani arzulardır.

          Bəzən Allah üçün tərk edilə bilməyən fani mənfəətlərdir. Dünya ilə axirət qarşılaşdıqda dünyanı tərcih etməkdir.

         Bəzən qulu Rəbbindən uzaqlaşdıran bir vəzifədir.

          Bəzən Allahı unutduran şan-şöhrət və sərvətdir.

         Bəzən də qarşı cinsə duyulan şəhvani hisslərdir.

         Haqq-Təala ilahi imtahan sirrinə görə haramlara və günahlara güclü cazibə vermişdir. Bunların cazibəsindən nəfsi qoruya bilmək böyük bir iman istəyir.

         Necə ki, məkkəli müşriklər də Həzrət Peyğəmbərin yanına gələrək sitayiş etdikləri bütləriylə mübarizədən imtina etməsi üçün bu təklifləri etdilər:

         “- Zəngin olmaq istəyirsənsə, sənə istədiyin qədər mal verək! Rəislik arzusundasansa, səni özümüzə başçı təyin edək! Əsil-nəcabətli bir qadınla evlənmək fikirindəsənsə, sənə Qüreyşin ən gözəl qadınlarından hansını istəsən verərik! Nə istəsən etməyə hazırıq. Yetər ki, gəl bu iddiandan vaz keç!"

         Allah Rəsulu r isə o bütpərəstlərə bu cavabı verdi:

         “- Bəhs etdiyiniz şeylərin heç biri məni maraqlandırmır! Mən sizə gətirdiyim şeylərlə nə mallarınızı istəmək, nə aranızda şan-şöhrət qazanmaq, nə də başınıza rəhbər olmaq üçün gəlmişəm. Lakin Allah məni sizə bir peyğəmbər olaraq göndərdi və mənə kitab endirdi. Sizin (qəbul edənləriniz) üçün (cənnətlə) müjdələyici, (qəbul etməyənləriniz üçün də cəhənnəmlə) qorxudan bir carçı olmamı mənə əmr etdi. Rəbbimin mənə verdiyi risalət vəzifələrini sizə təbliğ etdim və sizə nəsihət etdim! Sizə gətirdiyim dini qəbul etsəniz, o, dünyada və axirətdə nəsib və azuqəniz olar! Əgər onu qəbul etməz, rədd etsəniz, mənim edəcəyim Uca Allah mənimlə sizin aranızda hökmünü verənə qədər Allahın əmrini yerinə yetirmək üzrə, bütün çətinliklərə səbr etməkdir.”[9]   

  Şübhəsiz ki, zahiri bütləri rədd etmək qədər nəfsləri batini bütlərdən də təmizləmək vəzifəsiylə göndərilmiş olan Həzrət Peyğəmbərmizə edilən bu kimi təkliflər Ona zərrə qədər təsir edə bilmədi. Lakin insanlıq tarixi dünyanın nəfslərə səslənib onları özünə çağırması və axirəti unutdurub fani həvəsləri oyatması qarşısında əriyən neçə-neçə cılız iradələr və saysız aldanışlarla doludur. Necə ki, bir hədisi-şərifdə belə buyurulur:

    …Mən sizin (bundan sonra) Allaha şərik qoşacağınızdan qorxmuram. Amma dünya ehtirasına qapılıb bir-birinizlə didişmənizdən qorxuram”. (Buxari, Məğazi, 17; Müslim, Fəzail, 31)

         Xülasə, insanın Rəbbini unudub ən çox qulluq etdiyi batil ilah öz nəfsidir. Allahın əmrini ifa etməyə mane olan nəfsi qərarlarıdır. İlahi həqiqətlərə zidd olan “mənə görə”lərdir. İslamın hökmlərinə uymayan “məncə”ləridir. İbadətləri sırf Allahın əmri olduğu üçün deyil, fanilərin gözünə girmək və ya gözündən düşməmək kimi bayağı və dünyəvi niyyətlərə bulaşdıraraq ifa etməsidir.

         Necə ki, ayeyi-kərimədə belə buyurulur:

         “Nəfsini özünə tanrı edəni gördünmü? Onun vəkili (zamini) sənmi olacaqsan?” (əl-Furqan, 43)

Bir hədisi-şərifdə də belə buyurulur:

         “Allaha görə mavi səma altında ibadət edilən saxta ilahlar arasında ardınca düşülən nəfsdən daha ağırı və daha pisi yoxdur”. (Heysəmi, I, 188)

         Bu baxımdan, mənəvi tərbiyə ilə nəfsin təzkiyə edilib mənfiliklərdən təmizlənilməsi son dərəcə vacib bir vəzifədir. Çünki kəlmeyi-tövhidin həqiqətinə ancaq bu sayədə nail olmaq mümkündür.]

         Allah-Təala hər birimizi gerçək mənada kəlmeyi-tövhidi zikr edə bilməyə müvəffəq etsin. Tövhidin hikmət və həqiqətlərinə vaqif ola bilməyi, bütün hal və davranışlarımızla tövhid ölçüləri içində yaşayıb yenə tövhidin könül hüzuruyla son nəfəsimizi verə bilməyi hamımıza nəsib və müyəssər etsin.

Amin!..


[1] İmam Rəbbani, Məktubat, II, 591-594, № 37.

[2] İmam Rəbbani, Məktubat, II, 591-594, № 37.

[3] Bax. ən-Nəml, 17-18.

[4] Rəşahat, s. 130.

[5] Bax. Buxari, Mənaqib, 25.

[6] Maarifi Lədünniyyə, s. 69, 24-cü Bölüm.

[7] Bax. Beyhəqi, əz-Zühdül-Kəbir, s. 198/374; Süyuti, Cami, II, 73/6107.

[8] Qurtubi, əl-Cami, XX, 22.

[9] İbn İshaq, Sirət, s. 179; İbn Hişam, I, 295-296; İbn Kəsir, əl-Bidayə, III, 99-100.

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz