MÖMİNİN MAL-DÖVLƏTLƏ İMTAHAN OLUNMASI

MÖMİNİN MAL-DÖVLƏTLƏ İMTAHAN OLUNMASI

     Rəşidi-xəlifələrdən ikincisi olan Hz. Ömərin (r.a.) belə bir hikmətli sözü var: "Çox gülməyi tərk edənə heybət, çox danışmağı tərk edənə hikmət, çox yeməyi tərk edənə ibadətlərin ləzzəti, çox zarafat və lağlağını tərk edənə incəlik, dünya və mal-dövlət sevgisini tərk edənə isə axirət sevgisi verilər". Yenə tarix və siyər kitablarının qeyd etdiyinə görə, Hz. Ömərin (r.a) xəlifəliyi zamanında Sasani İmperiyası müsəlmanlar tərəfindən süquta uğradılaraq zəfər qazanılıb, Kisra saraylarının qəniməti Mədinəyə yola düşüncə, bir çapar bu müjdəli xəbəri tələm-tələsik Hz. Ömərə (r.a) çatdırır. Ədalət və hikmət sahibi olan böyük xəlifə bu xəbərə sevinsə də, "Hər nemətin bir külfəti, bir imtahanı var" düşüncəsi ilə xəyallara dalır və bir neçə gün fikirli gəzir. 

     Bunu hiss edən səhabələr bikef olmasının səbəbini soruşurlar. Ədalət abidəsi o insan, bu hikmətli və düşündürücü cavabı verir: "Biz Rəsulullahın (s.ə.s) zamanında yoxluq və qıtlıqla imtahan olunduq və bu imtahandan keçdik, indi isə bolluq və varlılıqla imtahan olunuruq, qorxuram ki, müsəlmanlar bu imtahandan üzüağ çıxa bilməsinlər".

     Bəlkə də, müsəlman üçün ən böyük dünya imtahanı zənginlik, mal-dövlət və imkanla olunan imtahandır. İmkansız, kasıb və yoxsul müsəlmanın nəfsani və şeytani arzu və həvəslərinin və dünya malının əsiri olması, o qədər də şahidi olduğumuz hadisələrdən deyil. Belə insanlar, adətən, öz dolanışıq və ruzilərini qazanmaqla və ibadət həyatına önəm verməklə, bir ömrün hesabatının və axirət həyatının fikrini edir. Amma zəngin və imkanlı müsəlmana gəlincə vəziyyət tamam başqa cürdür. Biz burada, həqiqətən, dünya sevgisini qəlbindən çıxarıb, Allah üçün özünün, ailəsinin ruzisini qazanıb, imkan daxilində qazancı ilə, malı ilə zəkat, infaq, sədəqə və yetim-yesirlərə əl tutan qardaşları istisna edirik. Allah belələrinin qazancına bərəkət versin.

     Dünya malına həris olan adamlar gecə-gündüz obyektlərinin, borcunun, xərcinin, gəlirini və gedərini hesab etməkdən axirət hesabını etməyə, ibadət və axirət həyatına lazım olan diqqət və əhəmiyyəti verməyə vaxt tapa bilmirlər. Allah haqqına (ibadət), qul haqqına, xanımının, övladlarının, ata-ana və qohum-qonşularının haqqına lazımi şəkildə riayət edə bilmirlər. Ticarət həyatına, dünya malına, mal-dövlət yığmaq yarışına başı o qədər qarışır ki, başqa işlərə vaxt ayıra bilmir. Qəlbini maddiyyat zəbt etdiyi üçün zəkat, infaq, sədəqə və comərdlik kimi mənəvi duyğular orada özünə yer tapa bilmir.

     Allah Rəsulu (s.ə.s) hədisində belə insanların gələcəklərindən xəbər verərək deyirdi: "...Mən sizin, məndən sonra şirkə düşmənizdən qorxmuram. Lakin mən sizin ehtiras ilə dünya xəzinələrini əldə etmək üçün bir-birinizlə didişircəsinə yarışa girmənizdən qorxuram"  (Buxari, Cənaiz, 100).

      Dünyalığa, mal-dövlətə o qədər hərislik artır ki, belə insanları dindirməyə qorxursan. Nə badə yanında pul adı çəkəsən və kiməsə yardım etməyi deyəsən. Elə danışacaq, elə dil töküb ağlayacaq ki, çıxarıb beş-on manat ona vermək istyərsən ki, gedib problemlərini həll etsin. Belə yerdə Rəsulullahın (s.ə.s) bir hədisini xatırlayırsan: "Əsil zənginlik mal və pulda deyil, əsl zənginlik qəlbin zəngin olmasıdır" (Buxari, Riqaq,15).

    Bəzən isə elə kasıb, imkansız və yatağında xəstə yatan insanlara rast gəlirsən ki, Allaha minlərlə şükür və dua edir. "Nəyəsə ehtiyacınız varmı?" deyəndə and aman edir ki, "heç nəyə ehtiyacım yoxdur, xahiş edirəm əziyyət çəkməyin". Bir şey vermək istəyəndə də utana-utana verirsən. Bu da bunu göstərir ki, bəli, bu insanın qəlbi zəngindir, necə deyərlər, gözü toxdur. O birinin isə əli, qarnı, kassası dolu olduğu halda, gözü və könlü acdır. Belə düşündürücü bir sözə rast gəlmişdim: "Dünya ona görə bu vəziyyətdədir ki, (dünyanın bir tərəfində aclıq, digər tərəfində isə əyləncə, israf çılğınlığı və ağır çəkidən əziyyət çəkən xəstələrlə dolu) biz acları yox, toxları doyura bilmirik".

     Bu gün, həqiqətən də, müsəlmanlarda mal-dövlətin, maşınların, obyektlərin, ev və bağların sayı çoxalır. Geyim-keçim, pal-paltar, bər-bəzəklər də çoxalıb. Hara baxsan ticarət, oyun və əyləncə mərkəzləri, cazibədar və insanı alış-veriş etməyə zorla çəkən vitrinlərdir. Belə bir ortamda heç axirəti, ibadəti və imtahan olunmaq üçün gəldiyimizin fərqinə vara bilərikmi? Və yenə belə bir yerdə Rəsulullahın (s.ə.s) on dörd əsr əvvəl dediyi hədisini xatırlayıram: "Hər bir ümmətin bir fitnəsi (imtahanı) vardır. Mənim ümmətimin də fitnəsi (imtahanı) mal-dövlətditr" (Tirmizi, Zühd, 26).

        Yaxşı bu imtahanı necə qazana bilərik? Bu sualın cavabı uzun və geniş izahlarla verilə bilər. Ancaq qısacası belə cavab vermək olar:

     Əvvəlcə, hər bir nemətin bizə Rəbbimizin bir lütfü və əmanəti olduğunu biləcəyik. Qazancımız Allah rizasına çevrilməsi üçün niyyətimiz gözəl olacaq. "Ya Rəbbi, ailəmin və uşaqlarımın ehtiyacını təmin etmək üçün halalından qazanıb-xərcləməyi qismət et"- deyə Uca Rəbbimizə dua edəcəyik. Halal-harama, qul haqqına, tərəziyə, faizə, sələmə, aldatmamağa və yalan yerə and içməməyə riayət edəcəyik. Qazancımızın zəkatını, infaqını, sədəqəsini və yetim-yesirin haqqını verəcəyik. Dünyalıq işlərlə zahiri aləmimiz, yəni vücudumuz və orqanlarımız məşğul olduğu halda, batini aləmimiz, yəni qəlbimiz zikirlə məşğul olacaq. "Əl karda (qazancda), könül yarda (Allah ilə) olacaq. Yenə gücümüz çatdığı qədər dinimizin inkişafı üçün, məscidlərimiz, tələbələrimiz üçün xeyir və yardımlarımızı əsirgəməyəcəyik. Unutmayaq ki, verilən zəkat, sədəqə və yardımlar əvvəlcə Allah qəbul edir. Bəlkə, bu şəkildə mömin mal ilə verdiyi imtahandan üzüağ çıxar. Allah hamımızın yardımçısı olsun! Amin!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz