MATƏM ŞÜURU
Vəfat edənin və ya itən bir əşyanın arxasından üzülmək və ağlamaq, yas və hüzn... Cahiliyyə dövründə əri ölmüş qadın bir il mağara kimi bir yerə qapanar, heç kimlə əlaqəsi olmaz, yuyunmaz, saçlarını daramaz, dırnaqlarını kəsməzdi. Hətta həmin dövrün ərəbləri arasında bəziləri öz ölümündən sonra yaxşılıqlarını dilə gətirərək çığır-bağırla ağlamaları üçün vəsiyyət edənlər də var idi.
Belə yas tutmağı Hz. Peyğəmbərimiz (s.ə.s) qadağan etmiş, sadəcə ölənin xatirəsinə hörmət olaraq yaxın qohumlar üçün üç gün, əri ölmüş qadınlar üçün dörd ay on gün, bir növ, yas saxlamağa icazə vermişdir. Bu mövzu ilə əlaqədar olaraq bir hədisdə belə buyurulur: “Allaha və axirət gününə iman gətirən bir qadına ərindən başqa bir ölü üçün üç gündən artıq yas saxlaması halal deyildir. Ancaq əri ölərsə, qadın dörd ay on gün matəm saxlayır” (Təcridi-Sarih Tərcüməsi, IV, səh. 363).
Ölüm böyük bir hadisədir. Belə bir hadisədən ötrü insanın kədərlənməsi, hüznlənməsi normaldır. Hətta dinimiz səssiz şəkildə ağlamağı və göz yaşı axıtmağı da uyğun görür (icazə verilir).
Necə ki, Peyğəmbərimiz (s.ə.s) də oğlu İbrahim (ə) vəfat edəndə gözlərindən yaş axacaq şəkildə ağlamışdı. Lakin Peyğəmbərimizə (s.ə.s) ağlamağı qadağan etdiyini xatırlanınca göz yaşının axması ilə Allahın əzab etməyəcəyini, ancaq mübarək dilini işarə edib ölənə əzab ediləcəyini bildirmişdir: “Şübhəsiz ki, ölən alisəninin ondan ötrü qışqırıb-bağırmasından (ağlamasından) əzab çəkər” (Buxari, Cənaiz, 42, 43).
Yenə Peyğəmbərimiz (s.ə.s) bir cənazə mərasimində qəbrin kənarında oturmuş, göz yaşları torpağa damlayacaq dərəcədə ağlamış, qızı Ruqiyənin (ə) vəfatında yanında səssiz şəkildə ağlayan Hz. Fatimənin (ə) göz yaşlarını öz əli silmiş, onun bu şəkildə ağlamasını qadağan etməmiş və bir cənazədə ağlayan qadına əsəbləşən Hz. Ömərə (r.a): “Ona toxunma, ağlasın, şübhəsiz ki, göz yaşarar”,- deyə buyuraraq səssiz ağlayanın sərbəst buraxılmasının lazım olduğuna işarə etmişdir. (İbni Macə, Zühd 19, Cənaiz 53).
İslamda təziyənin, yəni başsağlığı vermənin müddəti üç gündür və üçüncü gündən sonra təziyə xoş qəbul edilməmişdir. Buna baxmayaraq, cahil bir davranış şəkli olan matəm, sonrakı əsrlərdə qarşısı alınmayacaq dərəcədə yayılmış bidətlərdən bir bidət halına gəlmişdir. Miladi 680-ci ilin Məhərrəm ayının 10-da Kərbəlada Hz. Hüseynin (ə) şəhid edilməsi insanlar tərəfindən matəm mərasimləri ilə anılmaqdadır. Lakin bu və buna bənzər davranışlar Rəsulullahın (s.ə.s) müsbət qarşılamadığı əxlaqi amillərdən sayılmışdır.
Ölən insanlar üçün matəm saxlamaq, baş-gözünə döyüb və yüksək səslə ağlamaq İslamın əsla qəbul etmədiyi və xoş görmədiyi davranışlardır. İslam dini ölümü mütləq mənada kədərli bir hadisə kimi deyil, Allah-Təalanın hər kəs üçün təqdir etdiyi bir qədər olduğu üçün bu ölçülər xaricinə çıxıb ölənə sitayişə yol açacaq dərəcədə matəm saxlamalarına icazə verməmişdir. Ölüm təqdiri ilahidir (ilahi qədər). Allahın bu təqdirinə üsyan isə heç vaxt doğru qəbul edilmir. Burada bizim üzərimizə düşən sadəcə tarixdən ibrət almaq və bəzi xoşagəlməz hadisələrin təkrarlanmasına bir daha yol açmamaqdır. Bu gün bir müsəlman olaraq oturub Hz. Hüseynə (ə) matəm saxlamaq, ağlamaq əvəzinə Onu dərk etməli, Onun mübarizəsindən dərs çıxarmalı, ibrət almalıyıq. Bu gün, unutmayaq ki, bizim Qarabağ kimi bir problemimiz var. Heç olmazsa, Hz. Hüseynin mübarizəsindən bu xüsus üçün örnək alaq. Duyğularımızı bu istiqamətdə cəmləşdirək.
Bizim əsas vəzifəmiz Onun həyat tərzindən, gözəl əxlaqından örnək almaq olmalıdır. Şəhid olmamışdan əvvəl Hz. Hüseynin (ə) bacısı Zeynəbə etdiyi nəsihəti diqqətdən qaçırmamaq, ən azından Onun bu vəsiyyətinə görə davranmaq lazımdır. Vəsiyyət edib deyirdi: “Ey Bacım! Sənə and verirəm. Bu andımdan çəkin və mən öldüyüm zaman üst-başına döyüb cırma, üzünü cırmaqlama, mənim üçün ah-vay edib özünə əziyyət vermə”. Hz. Hüseynin son vəsiyyəti budur. Matəm şüurunda olanlar buna mütləq diqqət etməlidirlər.
ŞƏRHLƏR