BİR HƏDİS

BİR HƏDİS

عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ، قَالَ: رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِي حَجَّتِهِ يَوْمَ عَرَفَةَ وَهُوَ عَلَى نَاقَتِهِ القَصْوَاءِ يَخْطُبُ، فَسَمِعْتُهُ يَقُولُ:  يَا أَيُّهَا النَّاسُ إِنِّي تَرَكْتُ فِيكُمْ مَا إِنْ أَخَذْتُمْ بِهِ لَنْ تَضِلُّوا: كِتَابَ اللَّهِ، وَعِتْرَتِي أَهْلَ بَيْتِي

     Cabir ibn Abdullahdan (r.a) rəvayət olunduğuna görə, o, belə demişdir: “Rəsulullahı (s.ə.s) həcdə Ərəfə günü Qasva adlı dəvəsinin üzərində xütbə verərkən gördüm. Onun (s.ə.s) belə dediyini eşitdim: “Ey insanlar! Sizin üçün iki şey qoyub (gedirəm). Əgər onlara tabe olsanız əsla yolunuzu azmazsınız: Allahın kitabı və yaxınlarım olan əhli beytim” (Tirmizi, Mənaqib, 32; İbn Macə, Mənasik, 17).

     Allah Rəsulu (s.ə.s) bu hədisi-şərifdə Quranın insanlar üçün aldanmayan və aldatmayan bir rəhbər olduğunu bildirmişdir. O, Qurani-Kərim kimi bənzərsiz bir rəhbərdən məhrum olan bir cəmiyyətin qaranlıqlar içində çapalayan və hara gedəcəyini də bilməyən zavallı bir kütlədən ibarət olduğunu bildirmişdir. Rəsulullah (s.ə.s) Allahın bu rəhbərsiz kütləyə rəhmi gəldiyini və gedəcəkləri yolu aydınlatmaq üçün onlara bir işıq qaynağı olan Quranı göndərdiyini, onun işığı ilə gedənlərin əsas hədəfə rahatlıqla çatacaqlarını xatırlatmaqdadır. Bir hədisi-şərifdə Allah Rəsulu (s.ə.s) Quranı Allahın ipi olaraq tərif etmişdir. Allah Rəsulu (s.ə.s) buyurur: “O, Allahın ipidir. Ona yapışan doğru yolu tapar. Onu buraxan da yolundan azar” (Müslim, Fezail, 37).

     Hədisi-şərifin vurğuladığı ikinci əsas nöqtə Əhli-beytə bağlılıqdır. Allah Rəsulu (s.ə.s) bu və buna bənzər bir neçə hədisi-şəriflərində əhli-beytinə hörmət edilməsini istəmişdir. Ailə mənasına gələn əhli-beyt məfhumu haqqında alimlər arasında fərqli fikirlər vardır. Bəzi alimlərə görə, əhli-beyt deyərkən bundan Hz. Əli, Hz. Fatimə (r.a), Hz. Həsən (r.a) və Hz. Hüseyn (r.a) qəsd olunur.  Bunlara əhli-əba da deyilmişdir. Digər alimlərə görə isə əhli-beytdən məqsəd Rəsulullahın (s.ə.s) zövcələri, qızı Fatimə (r.a), nəvələri Hz. Həsən (r.a) və Hz. Hüseyn (r.a), əmisi Hz. Abbas (r.a) və əmioğulları Hz. Əli (r.a), Aqil (r.a) və Cəfərin (r.a) ailələridir. Hər iki tərəfin əhli-beyt məfhumu haqqında əsaslandıqları bir çox rəvayətlər vardır.

     Allah Rəsulu özündən sonra Qurana və əhli-beytə hörmətlə yanaşıb onların izi ilə gedənlərin axirət yoluçuluğunda hər hansı bir maneəyə rast gəlməyəcəklərini və onların rəhbərliyindən ayrılanların da yollarını azacaqlarını bildirmişdir. Əhli-beyt bu ümmətə Rəsulullahın (s.ə.s) əmanətidir. Onları sevmək, dəyər vemək, hörmət göstərmək hər bir möminin borcudur. Allah və Rəsulunun (s.ə.s) bu ümmətə əmanət olaraq verdiyi bu iki rəhbəri baş tacı edib həyatın hər sahəsində daim öndər kimi qəbul etmək və onların izi ilə addımlamaq ən etibarlı həyat yolu olacaqdır. Allahım! Quranı həyatımızın rəhbəri, Rəsulullah (s.ə.s) və əhli-beytini də həyat yolçuluğumuzun öndəri et! Amin!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz