HƏZRƏT HÜSEYN ƏDALƏT NAMİNƏ MÜBARİZƏNİN SİMVOLUDUR!
İrfan: Əvvəlcə özünüz haqda oxuculara məlumat verərdiniz mümkünsə.
Prof. Dr. Hüseyin Algül: 1945-ci ildə Konyada dünyaya gəlmişəm. İbtidai təhsilimi aldıqdan sonra Konya Topraklık Məscidinin imamı Mərhum Mustafa Asim əfəndinin yanında hafizliyimi bitirərək Konya İmam Xətib məktəbinə daxil olmuşam. Buradan məzun olduqdan sonra 1964-cü ildən etibarən İstanbul Yüksək İslam İnstitutunda ali təhsilə başlamışam və 1968-ci ildə buradan məzun olmuşam. Bir müddət İmam Xətib Məktəblərində müəllimlik etdikdən sonra 1975-ci ildən etibarən Bursa Yüksək İslam İnstitutunda “Siyəri Nəbi və İslam Tarixi” müəllimi olaraq işə başladım.
Beləcə akademiklik fəaliyyətim başladı. Bundan sonra Bursa Uludağ Universiteti İlahiyyat Fakültəsində 1983-cü ildə İslam Tarixi Kafedrasında “doktor”, 1990-cı ildə “dosent” və 1996-cı ildə “professor” elmi dərəcəsini aldım. 1996-2000-ci illər arasında Qazi Universiteti Çorum İlahiyyat Fakültəsində dekan olaraq işlədim. 2004-2007-ci illər arasında isə Uludağ Universiteti Bursa İlahiyyat Fakültəsində dekanlıq etdim. Eyni dövrdə universitetimizin nəzdində qurulan TÜDAM “Türk Devletleri ve Akraba Birlikleri Araştırma Merkezi”ndə müdir vəzifəsini icra etdim. 2011-ci ildən etibarən təqaüdə çıxmışam. İslam Tarixi sahəsində nəşr edilmiş əsərlərim vardır. “İslam Tarixi (3 cild), Aləmlərə Rəhmət Həzrət Məhəmməd, Peyğəmbər Əfəndimizin Şəmaili Əxlaq və Ədəbi, Bir Hüzur İqlimi Əsri Səadət, Nəbəvi Müjdənin İzində, Həzrət Peyğəmbər və Ana, Qanayan Bir Yara Könül Sızladan Bir Faciə - Kərbəla” bunlardan bəziləridir.
İrfan: Məlum olduğu kimi Məhərrəm ayı İslam dünyası üçün bir sıra xüsusiyyətlərə sahibdir. Lakin eyni zamanda ürəkləri dağlayan ağrılı Kərbəla hadisələri də bu ayda yaşanmışdır. Və sizin “Qanayan Bir Yara Könül Sızladan Faciə - Kərbəla” kitabınız var. Sizi Azəri Türkcəsinə də uyğunlaşdırılan belə bir kitabı yazmağa sövq edən nə oldu? Niyə məhz Kərbəla?
Prof. Dr. Hüseyin Algül: Hz. Hüseyn və Kərbəla Faciəsi haqda yazma istəyimin uşaqlıq dövrünə uzanan bir hekayəsi var. Əvvəla bunu qeyd edim: Anamın adı Fatimə, mənim adım Hüseyndir. Yəni anam adını Fatimə anamızdan, mən də Şahi-Şəhidani-Kərbəla Həzrət Hüseyndən almışam. Beləliklə kiçik yaşlardan etibarən bu mövzuya maraq göstərirdim. Yəni hiss etdim ki, bu mövzuda nə isə qələmə almaq Allah-Təala tərəfindən mənim qədərimə yazılıb, mən bu mövzuda əsər yazmaqla qədərimdə mənə verilmiş olan bir məsuliyyəti yerinə yetirmiş olduğuma inanıram. Lakin belə mühüm bir mövzu üzərində uzun araşdırmalar etmədən bir kitab yazmaq asan deyildi və doğru olmazdı. Bu səbəblə mən İmam Xətib Məktəbində oxuyarkən və daha sonra Yüksək İslam İnstitutu İlahiyyat Fakültəsində təhsilimi davam etdirdiyim illərdə xüsusilə Siyəri-Nəbi, Əshabi-kiram, ənsar-mühacir, Əhli-Beyt mövzularına ciddi maraq göstərirdim. Həmin illərdə təbii ki, bu sahədə yazılan əksər kitabları da mütali etməyə davam edirdim. Ayrıca İstanbul Yüksək İslam İnistutundan məzun olarkən bəzi müəllimlərimin mənə Həzrət Hüseynlə əlaqəli araşdırma aparmağı tövsiyə etmələri də bu sahədəki işlərimi sürətləndirdi. Mən həmişə bu sahədə araşdırma apara biləcək elmi mühiti mənə nəsib etməsi üçün Allaha dua edərdim. Bursa Yüksək İslam İnstitutunda / Uludağ Universiteti Bursa İlahiyyat Fakültəsində “İslam Tarixi Kafedrası”nda müəllim olaraq vəzifəyə başladıqda istədiyim zəmini, gözlədiyim iş mühitini əldə etdim. Allah-Təala mənim dualarımı qəbul etmiş və mənə elmi işlə məşğul ola biləcəyim bir vəzifə nəsib etmişdi. Kərbəla faciəsi ilə əlaqədar tədqiqlərim bundan sonra sürətləndi. Amma hələ bu sahədə çox məsafə qət etmək lazım idi. Çünki mövzu əhəmiyyətli idi, həssas idi, fərqli-fərqli izahatlar vardı, mövzu ətrafında müsəlmanların başı qarışıq idi. Məhz belə bir mövzuda bəsirət və fərasətli müsəlmanların birlik və bərabərliyini nəzərə alaraq tarixi mənbələrə əsaslanan ciddi bir iş görmək lazım idi. Ərsəyə gələn əsər həm elmi dəlillərə əsaslanmalı, həm də könüllərə xitab etməli idi. Həmçinin oxuyanları müştərək bir məqsəddə birləşdirməli idi. Nəhayət, bu işim 1998-2009-cu illər arasında kamala çatdı, yetkinləşdi və böyük zəhmətin məhsulu olaraq yazılan əsər 2009-cu ildə oxucusuyla görüşdü. Rəbbimə həmd olsun, istər Türkiyədə, istərsə də xaricdə kitaba maraq çox böyük oldu.
İrfan: Tarixi bir hadisə olan Kərbəla faciəsi üzərinə bir çox kitab yazılmış və çox söz deyilmişdir. Müsəlmanlar olaraq Kərbəla faciəsini necə oxumalıyıq, Kərbəla faciəsindən hansı dərslər alınmalıdır? Həzrət Hüseynin əsrlərdən bəri ümməti-Muhəmmədə mesajı nə olmuşdur?
Prof. Dr. Hüseyin Algül: Bu suala cavab vermədən əvvəl belə bir sual qoyaq ortaya: “İstiqamət sahibi bir şəxsiyyət olaraq Hz. Hüseyn nə etmişdir?” Hz. Hüseyn İslami dəyərlərə uyğun olmayan, əvvəlki idarəçilərin tətbiq etdiyi İslamın siyasət ənənəsinə zidd olan, təxribatı cəmiyyətin bütün qruplarını və müsəlmanların gələcək əsrlərini əhatə edəcək olan bir səhvə haqq və ədalət hissi ilə qarşı çıxmış və mübarizəsi uğrunda şəhid olmuşdur.
Məşrəbimiz və məzhəbimiz nə olursa olsun, bizim üzərimizə düşüən vəzifə bir müsəlman olaraq Sevimli Peyğəmbərimizin dünyadakı reyhanlarından / çiçəklərindən bir çiçək və cənnət gənclərinin seyyidi olan Əhli-Beytin göz bəbəyi Həzrət Hüseynin şəhidliyinin mənasını, onun haqsızlığa qarşı çıxışındakı şüuru qavramaq və -özünün də dediyi kimi- mübarizəsi uğrunda canını fəda etməsinin müsəlmanlara məhəbbət və birlik-bərabərlik olaraq əks etməsini təmin etməkdir. Necə ki, ölmədən əvvəl onun son sözlərindən biri məna etibarilə belədir:
“Uca Rəbbim! Göydən mərhəmətinlə mənə güc-qüvvət endirərək məni düşmənlərimə qalib gətirməyəcəksənsə, şəhidliyimi Muhəmməd ümmətinin xeyirinə, nicatına vəsilə qıl. Haqsızlığa, zülmə qarşı, haqq adına getdim. Lazım olsa bu uğurda canımı verərəm. Əgər qalib gələ bilməyəcəyəmsə, kürəyim yerə dəyəcəksə, haqq mübarizəm uğruna axan qanımı bir xeyrin, müsəlmanların birliyə qovuşmasının və qüvvətlənməsinin səbəbi et!”
Həzrət Hüseynin şəhadətə ən yaxın olduğu bir anda şəxsən özünün verdiyi bu mesaj Kərbəlanı doğru anlamamıza imkan verir. Həzrət Hüseynin şəhidliyindən əvvəl Allah-Təalaya etmiş olduğu bu niyazı qiyamətə qədər gələcək bütün müsəlmanlar üçün dərin məna və mesajlar daşıyır. Bəli, bu dərin məna və mesajlar həqiqətən də çox əhəmiyyətlidir. Çünki Hz. Hüseyn bu sözüylə şəxsən bizə Kərbəlanı necə anlamamız lazım olduğunu yüksək səslə söyləyirdi.
Hər müsəlman Yezidə qarşıdır. Müsəlmanlar Hz. Hüseynin mübarizəsindəki səmimi qətiyyətini məhəbbətlə dəstəkləməkdə və Peyğəmbərimizin o əziz nəvəsinə könül bağlamaqdadır. Xüsusilə ifadə etmək lazımdır ki, müsəlman-türk milləti olaraq tariximizin heç bir dövründə Yezid tərəfində olmamışıq. Əcdadımızın İslamla şərəflənməsindən günümüzə qədər Əhli-Beyt məhəbbətini könül dünyamızın işığı etmişik. O işıq bu gün də könüllərimizi aydınlatmaqdadır. Çünki biz Peyğəmbərimizdən öyrəndiyimiz şəkliylə bizə sonsuz ehsanlar edən Allah-Təalanı ən böyük məhəbbətlə ilk sırada sevirik. İkinci olaraq, Onun məhəbbət bəsləməmizi buyurmasıyla Rəsuli-Əkrəmi eyni məhəbbət duyğularıyla sevirik. Üçüncü olaraq da, Rəsulullahın Əhli-Beytini dərin və səmimi duyğularla sevirik. Çünki o, Əhli-Beyti bütün müsəlmanlara əmanət etmişdir. Bu səbəblə türk millətinin hər bir fərdinin ürəyi Allah, Peyğəmbər və Əhli-Beyt məhəbbəti ilə doludur.
Bu səbəbdən Kərbəla mövzusunu vəhdətin dinamik bir ünsürü olaraq görməliyik! Səhv şərhlərlə, sui-zənlərlə bir-birimizi incitməməliyik. Heç birimiz Yezidi sevmirik, onun Həzrət Hüseynin qətl edilməsi üçün təlimat verdiyi zalımları da sevmirik. Həmçinin Peyğəmbərimizi, Əsri-Səadətin ulduzları olan Əshabi-kiramı və xüsusilə Əhli-Beyti (Həzrət Əlini, Həzrət Fatimə anamızı və onların əziz övladları Həzrət Həsən ilə Həzrət Hüseyni) çox sevirik. Əgər Kərbəlanı doğru oxuyub, doğru başa düşsək, ondan lazım olan ibrət dərsini çıxara bilsək, ümməti-Muhəmməd bu dərin məhəbbət ətrafında birləşə bilər, razılaşa bilər, vəhdətə gələ bilər.
İrfan: Bu gün təəssüf ki, bəziləri Kəbəla hadisələrinə isnad edərək ümmətin birliyinə zərər verən çıxışlar edirlər. Bu cür söz-söhbətlər və cəhdlərlə Həzrət Hüseynin missiyası üst-üstə düşürmü?
Prof. Dr. Hüseyin Algül: Məzhəbimiz, məşrəbimiz nə olursa olsun, Kərbəlanı bizi ayıran deyil, birləşdirən mənəvi güc olaraq görməli, nifrət toxumlarını saçmaq üçün deyil, məhəbbət güllərini açdırmaq üçün oxumalıyıq. Belə etsək, Həzrət Hüseyni rəhmətlə anmış və ruhunu fərəhləndirmiş olarıq. Kərbəlanı nifrətimizə səbəb saysaq, bu vəziyyət Hz. Hüseynin zöhd və təqvasına, igid şəxsiyyətinə, zülm qarşısındakı vüqarına uyğun gəlməz. Buna görə deyirik ki, Həzrət Hüseynə rəva görülən rəftar səbəbilə könlümüz çox incidiyi üçün ağlayaq, amma bu kədərli hadisəni doğru oxuyub doğru anlamaq, doğru nəticələr çıxararaq ibrət almaq və müsəlmanların vəhdətinə vəsilə etmək üçün də xüsusi bir səy göstərək!
İnanıram ki, Allah Rəsulunun görkəmli nəvəsi Hz. Hüseynin bizdən gözlədiyi və istədiyi də budur. Kərbəlada Həzrət Hüseyn şəhid edilməklə sevgi, hörmət, haqqa, hüquqa riayət, insana hörmət, insanın fikirinə əhəmiyyət vermək, dinləmək, anlamaq, vəfakarlıq qətl edilmişdir! Bu səbəbdən bizlər indiki vaxtda İslam cəmiyyətində insanlararası münasibətlərdə itən bu dəyərləri önə çıxarmalıyıq. Bu vəsilə ilə ifadə etmək lazımdır ki, hər il məhərrəm ayında Kərbəla Faciəsini ağrıların yenilənməsi, yaraların yenidən açılması üçün deyil; Hz. Hüseynin uğrunda canını fəda etdiyi haqq, ədalət, rəhmət, mərhəmət, dözüm və şəfqət duyğularının yenidən əhyası və hər təbəqədən olan insan münasibətlərinə yenidən əks olunması üçün xatırlamalıyıq!
İrfan: Gənclərin özlərinə ideal seçmədə xeyli çətinlik çəkdiyi indiki vaxtda onlara Həzrət Hüseyn sevgisini necə təlqin edə bilərik?
Ən başda gənclərə imanlı, əxlaqlı, məlumatlı, bacarıqlı, çalışqan, doğru və dürüst olmaları üçün nəsihət verməli, onları bu istiqamətdə öyrətməliyik. Könüllərinə üç sevgini yerləşdirməliyik: Birinci olaraq bizi yaradan, bizə ruzi verən, bizi yaşadan Allah-Təalanı sevməliyik. İkinci olaraq, Haqq-Təalanın “Həbibim” dediyi Əziz Peyğəmbərimizi sevməliyik. Üçüncü olaraq da, əshabi-kiramı və xüsusilə Əhli-Beyti sevməliyik. Çünki Əhli-Beyti sevmək Peyğəmbərimizin vəsiyyətidir və əmanətidir. Biz bu əmanətə sahib çıxmalıyıq. Çünki Həzrət Hüseyn Peyğəmbərimizin əziz nəvəsidir. Rəsulullah kiçik yaşda olan Həzrət Hüseyni qucağına almış, onu kürəyində daşımış, onu şəfqətlə qucaqlayıb öpmüş, hər vaxt ona olan məhəbbətini izhar etmişdir. Hz. Hüseyn Peyğəmbərimizin dünyadakı güllərindən biridir, cənnət gənclərinin seyyididir. Həzrət Hüseyn zöhd və təqva sahibi, haqq-hüquqa sayğılı, dürüst, cəsur, haqqın tərəfində və haqsızın qarşısındadır. Həzrət Hüseyn zülmə razı olmaz, zalımı sevməz; o, hər vaxt məzlumun yanındadır.
Məhz Həzrət Hüseynin bu üstün xüsusiyyətlərini, onun şəxsiyyətində ortaya çıxan nümunəviliyini gənclərin anlayacağı bir dil ilə yazmalı, onları oxutmalı, konfranslar verməli, Həzrət Hüseynlə əlaqəli qısametrajlı filmlər, cizgi filmləri çəkib təqdim etməliyik. İndi çox sürətli bir ünsiyyət çağındayıq. Bu münasibətlə gənclərə onların anlayacağı şəkildə xitab etməliyik. Belə olsa, Allah sevgisini, Peyğəmbər sevgisini, səhabə sevgisini, Əhli-Beyt sevgisini və xüsusilə Həzrət Hüseyn sevgisini gənclərə daha asan aşılaya bilərik.
İrfan: Əfəndim! Çox qiymətli vaxtınızı bizə ayırdığınız üçün təşəkkür edirik!
Prof. Dr. Hüseyin Algül: “Qanayan Bir Yara Könül Sızladan Faciə - Kərbəla” adlı kitabıma Azərbaycanda maraq göstərən qardaşlarıma və məndən reportaj alan siz qiymətli dostlarıma səmimi məhəbbət və təşəkkürlərimi bildirirəm. Sözlərimi bu cümlələrlə bitirirəm:
Bəli, kaş ki Həzrət Hüseynin başına bu hadisə gəlməyəydi, bu ağrını hər il yenidən yaşamayaydıq... Amma bu da bir ibrətdir. Çünki Həzrət Hüseyn haqsızlığa qarşı məşəl yandırmışdır, zalıma qarşı müqavimət göstərmiş və düzgünlük adına səmimi mübarizə aparmışdır. Bəlkə müvəffəq ola bilməmişdir, ancaq tarixə bir istinad və ibrətli bir qeyd qoymuşdur. Haqq və ədalət naminə cəsur olamağın, haqq və ədalət naminə dik durmağın bir modeli və nümunəsi olaraq Həzrət Hüseyn ən irəlidə, ən yüksək mövqedədir.
Allah-Təala Həbibi-Kibriyanın bu sevimli nəvəsinə rəhmət etsin və sevənlərini onun şəfaətinə nail etsin!
ŞƏRHLƏR