AİLƏ SƏADƏTİ ÜÇÜN ƏHLİ-BEYT NÜMUNƏSİ

AİLƏ SƏADƏTİ ÜÇÜN ƏHLİ-BEYT NÜMUNƏSİ

       Həzrət Peyğəmbərin həyatına baxdığımız zaman cəmiyyətin bütün təbəqələrinə mənsub olan insanların ondan alacağı ibrət və nümunəvi davranışlarla qarşılaşırıq. Allah-Təala onu cəmiyyətin ən zəif təbəqəsi olan yetimlikdən dövlət başçısı kimi ən yüksək təbəqəyə qədər addım-addım, pillə-pillə yüksəltmişdir. Qurani-Kərimin Əhzab surəsində Uca Yaradan: Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!”,- buyurur (əl-Əhzab, 21). Şübhə yoxdur ki, hər bir insan gününün əsas hissəsini evdə, ailəsi ilə birlikdə keçirir. 

          Ailə cəmiyyətin kiçik modeli olduğu üçün dinimiz ailələrin sağlam olmasına, ailədaxili münasibətlərin yaxşı olmasına əhəmiyyət verir. Çünki ailələrin xoşbəxtliyi cəmiyyətin xoşbəxtliyi deməkdir. Hz. Peyğəmbər bütün hal və hərəkətləri ilə müsəlmanlara nümunə olduğu kimi onun Əhli-Beyti də bütün müsəlman ailələr üçün ən gözəl nümunədir.

     Qurani-Kərim ilk növbədə Əhli-Beytə sevgi və hörmətlə yanaşmamızı əmr edir. Ayeyi-kərimədə buyurulur: “Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Onun xanımları (möminlərin) analarıdır”. (əl-Əhzab, 6) Məhz bu ayə Peyğəmbər ailəsinə qarşı mSaveünasibətimizi istiqamətləndirmək baxımından böyük əhəmiyyət kəsb edir. Allaha və axirət gününə iman gətirən hər kəs Peyğəmbəri canından artıq sevməli, xanımlarını öz anası bilməli, övladlarını, nəvələrini də bu ölçüdə sevməlidir. Əhli-Beyti sevmək quru sözlə deyil, eyni zamandan onların həyat tərzini örnək almaqla mümkündür. Haqq-Təala bütün müsəlmanlara nümunə olduğu üçün Peyğəmbər xanımlarına, Əhli-Beytə ağır məsuliyyət yükləmiş və bunu Qurani-Kərimdə belə ifadə etmişdir: “Siz ey Peyğəmbərin zövcələri! Sizdən hansı biriniz açıq-aşkar bir çirkin (günah) iş görsə, onun əzabı ikiqat olar…” (əl-Əhzab, 30) Çünki onlar digər ayədə buyurulduğu kimi “hər hansı bir qadın kimi deyillər” (əl-Əhzab, 32). Öndə gedənlərin məsuliyyəti əlbəttə ki, arxadan gələnlərdən daha ağır olmalı idi. Çünki insanın və ya bir əməlin şərəfinin böyüklüyü nə qədər ucadırsa, onun məsuliyyəti də bir o qədər ağırdır. Rəsulullahın evində dünyaya aid heç nə yox idi, günlərlə qazan qaynamırdı, lakin səadət vardı. Varın da yoxun da haradan gəldiyini bilirdilər, qarşılıqlı anlayış, hörmət, sevgi vardı. Bugünkü cəmiyyətimizdə ailədaxili münaqişələrin çıxmasına səbəb bu şüurun aradan qalxmasıdır. Bu gün müsəlman cəmiyyətlərdə yaşayan hər bir fərd ailədəki roluna uyğun olaraq Əhli-Beytdən aldığı örnək nisbətində günümüzə Əsri-Səadətdən xoşbəxtlik mehi əsdirmiş olar.  

     Ailə başçısı

     Ailə başçısı və ata olan hər bir kişi ilk növbədə Allah Rəsulunun xanımları ilə münasibətlərini öyrənməli, onun övladlarına şəfqətini nümunə götürməlidir. Hətta deyə bilərik ki, hər bir gənc evlənmədən əvvəl Hz. Peyğəmbərin atalıq məktəbindən dərs almaq məcburiyyətindədir. O, ailəsinə qarşı rəftarında hər zaman ehtiram və sevgi sərgiləmiş, uşaqları arasında ayrı-seçkilik etməmişdir.

     Hər gün sübh və ikindi namazlarından sonra bir-bir bütün xanımlarını ziyarət etməsi “Allahın salamı və rəhməti üzərinizə olsun, ey Əhli-Beyt”,- deyib salamlaması (Buxari, Təfsir 33 / 8) onlara verdiyi dəyərdən irəli gəlirdi. Xanımlarına dinin hökmlərini öyrədər, onları ibadətə sövq edər, ev işlərində köməyini əsirgəməzdi. Hədisi-şəriflərdə ayaqqabısını, patlarının söküyünü də özünün tikməsinə dair məlumatlar yer alır. Uşaqlara qarşı münasibətində onlar arasında heç bir ayrı-seçkilik etməməsi xüsusilə vurğulamalı olduğumuz məsələlərdəndir. O, qız uşağı dünyaya gəldiyi üçün hirsindən üzü qaralan, hətta qızlarını diri-diri torpağa basdıran insanların yaşadığı cəmiyyətdə öz qızını sevinclə çiyninə alıb Məkkə küçələrini gəzdirən bir Peyğəmbərdi. Yenə qız nəvəsi Ümeyyə çiynində olduğu halda namaz qılar, səcdə edəndə onu yerə qoyar, səcdədən başını qaldıranda yenidən çiyninə mindirərdi. Yaşadığımız günlərdə qız uşaqlarının doğulmasına razı olmayan və hələ dünyaya gəlmədən onları ana bətnində qətl edən ailələrin mənəviyyatsızlığının dərmanı məhz Peyğəmbərin bu nümunəvi davranışıdır. Eyni zamanda onun nəvələrinə qarşı xoş rəftarı və yeri gəldikdə uşaq kimi onlarla oynaması da xüsusi əhəmiyyət kəsb edir. Lakin ibrətli haldır ki, onun sevgisi heç bir zaman haqq və ədalətin önünə keçməmişdir. Hz. Əli (r.a) bir xatirəsində nəql edir:

     “Rəsulullah (s.ə.s) bizə gəlmişdi. Hüseyn içmək üçün nə isə istədi. Allah Rəsulu yerindən durub qoyunumuza yaxınlaşdı, onu sağmağa başladı. Bu zaman Həsən də onun yanına gəldi və süd istədi. Rəsulullah (s.ə.s) əvvəlcə Hüseynə süd verdi. Fatimə:

“Ya Rəsulallah mənə elə gəlir ki, Hüseyni daha çox sevirsiniz”,- dedikdə belə buyurdu:

“Xeyr, sadəcə olaraq o daha əvvəl istəmişdi”. (İbn Sad, VIII, 233)

Buna bənzər başqa bir xatirə də Hz. Həsənin dilindən belə nəql olunur:

     “Zəkat xurmasından birini götürüb yemək üçün ağzıma atdım. Bunu görən Rəsulullah (s.ə.s) tez çeynədiyim xurmanı ağzımdan çıxartdı və xurma yığınının olduğu yerə atdı. Bunu görənlərdən biri etiraz etdi:

         Ya Rəsulallah, bu uşağın götürdüyü bircə dənə xurmadan ötrü nə olacaq ki? Allah Rəsulu buyurdu:

      “Biz Muhamməd ailəsiyik. Zəkat bizə halal deyil!”. (İbn Hənbəl I, 200) Bəli, o, ailəsini, xanımlarını, uşaqlarını və nəvələrini çox sevirdi, lakin haqq-ədalət qarşısında hər zaman digər insanlarla bərabərliyi ön planda tuturdu. Yeri gəldikdə oğurluq cəzası verəcəyi zaman yanına xahiş və minnət üçün gələnlərə “Vallahi, bu işi qızım Fatimə də etmiş olsa, əlini kəsərəm”,- deyə bilirdi. O Fatimə üçün ki, “məndən bir parçadır” deyə üstünlüyünü dilə gətirmişdi. Çox sevirdi, lakin qabar bağlamış əllərini göstərib işlərinə kömək etməsi üçün kölə istədikdə şəhid ailələrini göstərib bu xahişini yerinə yetirməyə bilirdi.

       Xanımları:

     Həzrət Peyğəmbərin xanımları dedikdə ilk növbədə Xədicə anamız yada düşür. Müasir cəmiyyətlərdə ər-arvad arasında xoş münasibətin formalaşması üçün Həzrət Xədicənin ərinə göstərdiyi hörmət və vəfanın yaşanması zəruridir. O elə bir xanım idi ki, Allah Rəsulu ömrünün sonunadək onu xeyirlə yad etmiş və sevgisini qəlbində yaşatmışdır. Bir dəfə Hz. Xədicə anamızı qəsd edərək belə buyurmuşdu: “Allah-Təala mənə ondan daha xeyirlisini vermədi. İnsanlar mənə inanmadıqları bir zamanda o inandı. Hamı mənə yalançı deyərkən, o, doğru söylədiyimi qəbul etdi. Hər kəs məndən əsrigədiyi bir vaxtda o malıyla mənə dəstək oldu və Allah mənə ondan övlad ehsan etdi”. (İbn Hənbəl, VI, 118)

      Allah Rəsulunun digər xanımlarının da həyatına baxdığımız zaman daim xeyir işlərdə yarışdıqlarını, Peyğəmbəri dəstəklədiklərini müşahidə edirik. Həyatın bir qanunu olaraq bəzən ailə daxilində söz-söhbətləri də olsa və bir-birlərini qısqansalar da nəticədə heç vaxt xəyanət və düşmənçilik kimi hisslər keçirmədilər. Bunun ən gözəl nümunəsini “İfq hadisəsi”ni araşdırmaq məqsədilə Allah Rəsulunun digər zövcəsi Hz. Zeynəb binti Cəhşdən Aişə anamız haqqında soruşması müqabilində onun verdiyi cavabda görürük. Hz. Zeynəbin cavabı belə olmuşdu:

     “Ey Allahın Rəsulu, qulağımı eşitmədiyim, gözümü də görmədiyim şeylərdən mühafizə edirəm. Mən Aişə haqqında xeyirdən başqa heç nə bilmirəm”. (Buxari, Şəhadət 15, 30; Müslim, Tövbə, 56) Çünki onlar Rəsulullahın xanımları, ümmətə örnək idilər…

     Övladları:

     İnsanın ailə qurma səbəblərindən biri də nəslin davamıdır. Ailənin meyvəsi uşaqlardır. Cəmiyyətə faydalı fərd qazandırmaq üçün ailədə övlad tərbiyəsi böyük əhəmiyyət kəsb edir. Allah Rəsulu uşaqların valideynə verilmiş əmanət olduğunu hər fürsətdə dilə gətirər və onların tərbiyəsinə əhəmiyyət verərdi. Allah Rəsulunun qızları da onun iman davasına sadiq qalaraq bu yolda olmazın əziyyətlərə sinə gərsələr də heç bir zaman atalarına qarşı hörmətdə bir qüsur işləməmişdilər. Həzrət Xədicədən olan Qasım və Abdullah adlı oğlan uşaqları və sonralar Mədinədə doğulan İbrahim kiçik yaşda vəfat etmişdi. Qızları: Zeynəb, Ümmü Gülsüm, Ruqiyyə və Fatimə isə böyümüş, hər biri ailə sahibi olmuş sonra vəfat etmişdir. Bildiyimiz kimi Həzrət Fatimə xaric, bütün uşaqları Rəsulullahın sağlığında vəfat etmişdilər. Həzrət Fatimə evin kiçik qızı idi və ata-anasından, eyni zamanda bacılarından gördüyü əxlaqi mükəmməllikləri ən yüksək səviyyədə əks etdirirdi. Anası vəfat etdikdə yaşı az olduğu üçün atasından ayrılmazdı. Bəzən Rəsulullahın əlindən tutub Məkkə küçələrini gəzər, bəzənsə onun ardınca düşərək müşriklərin işgəncəsinə məruz qalan atasını qorumağa çalışardı. Bunun ən məşhur hadisələrindən biri belədir: Bir dəfə Kəbədə namaz əsnasında səcdə edən Rəsulullahın belinə Ukbə bin Muayt adlı müşrik tərəfindən dəvə içalatı qoyulmuş, o da başını səcdədən qaldıra bilməmişdi. Məhz bu zaman Həzrət Fatimə özünü yetirərək atasının belindəki içalatı kənara atmış və kiçicik qəlbindən daşan imanın verdiyi cəsarətlə müşriklərə qəzəblə hayqırmışdı. Həyatda onun qədər atasını sevə bilən ikinci bir övlad tapmaq mümkün deyil. Atasına olan sevgi və qayğısından ötrü hələ sağlığında ikən “Ummu Əbihə - Atasının Anası” ləqəbi ilə çağırılırdı. Nə böyük səadət…

     Onlar hər zaman və məkanda bütün insanlığa nümunə olacaq Əhli-Beyt fərdləri idilər. Onları sevib izlərini təqib edənlər səadətin yolunu tapanlardır. 

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz