Bakuvi Təfsirində Əhli-Beyt
Pak və təmiz bir şəcərə olan Peyğəmbərin (s.ə.s) soyu müqəddəs bir əmanət kimi tanınmış, həmişə hörmət və məhəbbətlə yad edilmişdir. Əhli-beyt adı ilə tanınan bu ailəyə hörmətlə yanaşmaq, onlara və onların yoluna sadiq qalmaqla həmişə Allah rizası umulmuş, onlara sədaqət müqəddəs bir borc və vəzifə hesab edilmişdir. Çünki bu, birbaşa ayə və hədislərin müqəddəs əmanətidir.
Qurani-Kərimdə buyurulur: "Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir. (Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm" (Şura, 42/23). Hz. Peyğəmbər (s.ə.s) isə bu haqda belə demişdir: “Sizə iki şey qoyub gedirəm. Onlara sıx yapışsanız, nicat taparsınız. Bunlar: Allahın kitabı və Əhli-beytimdir” (Tirmizi, Mənaqib, 31).
Ayə və hədislərin bu və ya digər müqəddəs bəyanları islam milləti arasında, eyni zamanda, üləma arasında müxtəlif cür təzahür etmiş, ümmətin dilində olduğu kimi, üləmanın da əsərlərində özünəməxsus anlam və mənalar ifadə etmişdir. Azərbaycan dilində yazılmış ilk təfsir “Kəşful-Həqaiq” əsərində əhli-beytlə bağlı şərhlər bunun bir nümunəsidir. Özü də Peyğəmbər (s.ə.s) soyundan gələn bir müfəssir olaraq Məhəmməd Kərim Mircəfər Ələvi əl-Hüseyni əl-Musəvi əl-Bakuvi (1853-1939) təfsirində mövzu ilə bağlı mühüm məlumatlara yer vermiş, eyni zamanda, əhli-beytə olan sevgi, hörmət və ehtiramını geniş açıqlamalar və izahlarla tərənnüm etmişdir. Hər şeydən əvvəl o, Hz. Peyğəmbəri (s.ə.s) və əhli-beyti aşağıdakı ifadələrlə anmışdır:
“Xüsusən, insan nəslinin, peyğəmbərlər silsiləsinin rəhbəri, son peyğəmbər, hidayət yolunun padşahı, övliyalar rəisi, İbrahim Xəlilüllahın nəslindən olub, yerin və səmaların həmd etdiyi, Allah tərəfindən dəstəklənən böyük və möhtərəm peyğəmbər Məhəmməd ibn Abdullah ibn Əbdülmüttəlibə salavat və salam olsun. O cənabın Quran ayəsi ilə pak edilən əhli-beytinə və səhabələrinə gecə-gündüz dua və sonsuz rəhmət olsun” (Kəşful-Həqaiq, II/2).
Dinə könüldən bağlı olan Bakuvi mənəvi bir övladi-Rəsul məqamından çıxış edərək Hz. Peyğəmbərə (s.ə.s) "Dədəcan" deyə müraciət edir və oxuyucularını dərin təsir altında salaraq dövrün şikayətlərindən bəhs edirdi:
"Ey Dədəcan! Ey Allahın Rəsulu! Bu cahillərin sözlərindən və əməllərindən ötrü nə qədər bəlalara düçar olmusan. Ta ki, fövqəlbəşər bir səbirlə bunlara qatlanaraq İslam dinini yaymış və kamala çatdırmışsan. Fəqət hal-hazırda sənin gətirdiyin bu əsaslar yıxılıb təkrar cahiliyyəyə dönülmüşdür. İslamın sadəcə rəsmi qalmışdır.
Allahım, bir vəhdət carçısı göndər! Ta ki, cəhalətin pis toxumu müsəlmanların arasından qalxsın, yerini elmin nuru və mərifət alsın! Amin!" (Kəşful-Həqaiq, II, 230).
Bakuvi mənəviyyatında əhli-beyt fəzilət baxımından sahabələrin ən üstünü hesab edilir ki, "Ali-İmran" surəsinin 58-ci ayəsini təfsir edərkən belə qeyd etmişdir: "Allah-Təala yanında Peyğəmbərdən sonra səhabələrin ən üstünü Əli, Fatimə, Həsən və Hüseyndir. Çünki Hz. Peyğəmbər dua zamanı müsəlmanların içindən bunlardan başqasını “mübahələ” üçün ortaya çıxartmadı. Hz. Peyğəmbərin xanımı Aişə deyir: "Mübahələ günündə Peyğəmbər çiynində qara tüklü bir əbaya bənzər yun bir örtüklə (“kisa” - libas) ilə gəldi. Sonra Həsən gəldi, onu örtüyün altına daxil etdi, ondan sonra Hüseyn gəldi, onu da parçanın altına daxil etdi. Ondan sonra Fatimə gəldi, onu da parçanın altına daxil elədi, ondan sonra Əli gəldi, onu da daxil etdi. Ondan sonra bu ayəni oxudu: "Ey əhli-beyt, Allah günahlarınızı yox edib, sizi tərtəmiz etmək istəyir" (əl-Əhzab, 33), yəni Allah-Təala siz əhli-beyti hər bir eyib və nöqsandan pak və münəzzəh edibdir,- deyə buyurdu" (I, 124).
Əhli-beyt sevgi, birlik və bərabərlik yolunu rəhbər tutanların yoludur. Ümmətin hər bir şəxsin qəlbində alovlanan bu sevgi məşəlinin tacı əhli-beyt sevgisidir ki, bu da Bakuvinin ifadəsi ilə “milləti-islam”ın bir vəhdətidir. Bu ülvi qayələri rəhbər tutan Mir Məhəmməd Kərim müsləmanların arasına girən təfriqə və bölünmələrə toxunaraq bunun səbəblərini cəhalət və nifaqda görür, müsəlmanların cəhalət və rəzalətə düçar olmalarının əsas səbəbini isə Hz. Peyğəmbərin (s.ə.s) qoyub getdiyi əmanətdən uzaq düşdüklərinə bağlayırdı... O, təfsirində belə yazırdı:
"Niyə də birləşməyək ki, hamımızın Allahı bir, kitabı bir, peyğəmbəri birdir. Bu qədər birliklər içində niyə də ittifaq edilməsin? İslamın ilk günlərində Lə-ilahə-illəllahda birləşmişdilər. İndi elə bir dərdə düşmüşük ki, bu dərdin dərmanı yoxdur. Bu dərd cəhalət və nifaq dərdidir. İkisi bir-birinə bağlıdır. Cəhalətin olduğu yerdə nifaq da vardır. Məlumdur ki, hansı cəmiyyət elmin nuru ilə aydınlanmışdırsa, onlar arasında nifaq qalmamışdır. Hamı birləşmişdir. Məlum olur ki, cəhalət və nifaqın düşməni elmdir” (Kəşful-Həqaiq, II, 508-9).
Eyni zamanda, Hz. Əbu Bəkr (r.a), Hz. Ömər (r.a), Hz. Osman (r.a), Hz. Əli (r.a) və bütün sahəbələrə böyük hörmət bəsləyib onlara dərin məhəbbətlə yanaşan Məhəmməd Kərim Bakuvi (I/177-363; II/1070), ümumiyyətlə, istər əhli-beytə qarşı, istərsə də səhabələrə olan sevgidə biz ümməti mötədil olmağa, həddi aşmamağa çağırmışdır. O bir baxıma digər qövmlərin düşdüyü xətalardan uzaq durmağı da təfsirində geniş izah və qeydlərlə bildirmiş, bu barədə ciddi xəbərdarlıq ifadə edən cümlələr qeyd etmişdir (I, 124-133-402-403-576; II, 839-854-901).
ŞƏRHLƏR