BİR AYƏ

BİR AYƏ

النَّبِيُّ أَوْلَىٰ بِالْمُؤْمِنِينَ مِنْ أَنْفُسِهِمْ ۖ وَأَزْوَاجُهُ أُمَّهَاتُهُمْ ۗ

 وَأُولُو الْأَرْحَامِ بَعْضُهُمْ أَوْلَىٰ بِبَعْضٍ فِي كِتَابِ اللَّهِ مِنَ الْمُؤْمِنِينَ وَالْمُهَاجِرِينَ إِلَّا أَنْ تَفْعَلُوا إِلَىٰ أَوْلِيَائِكُمْ مَعْرُوفًا ۚ

 كَانَ ذَٰلِكَ فِي الْكِتَابِ مَسْطُورً

      Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. (Möminlər peyğəmbəri özlərindən çox sevməli, onun hər bir əmrini sözsüz yerinə yetirməlidirlər). Onun xanımları (möminlərin) analarıdır. Qohumlar (bir-birinə vərəsə olmaq baxımından) Allahın Kitabında möminlərdən və mühacirlərdən daha yaxındırlar. Amma (qohum olmayan) dostlarınıza (vəsiyyətlə) bir yaxşılıq edə (bir irs qoya) bilərsiniz. Bu hökm kitabda yazılmışdır.      

   Həzrət Peyğəmbər ilə möminlər arasında yaxınlıq sevgi, bağlılıq, itaət daha çox duyğu baxımından yaxınlıqdır. Ailə fərdlərinin bir-birlərinə digər möminlərə nisbətən daha yaxın olmaları isə hüquqi mahiyyət kəsb edir: vərəsəlik, nəfəqə, kimi mövzularda özünü göstərən “haqq və borc məsuliyyəti baxımıdan öncəliyə” malikdir. Həzrət Peyğəmbərin xüsusiyyətərindən biri də bu ayədən başa düşülür:  O möminlərə onların özlərindən daha yaxındır. Burada keçən “özlərindən” ifadəsi iki şəkildə başa düşülür. Birincisi hər bir möminin özündən, ikincisi isə bir möminin digər hər hansı bir möminə yaxınlığından.

      Rəsulullah (s.ə.s.) bu yaxınlığın hissi və hüquqi cəhətlərini bəzi hədislərdə də açıqca ifadə etmişdir. “Elə bir mömin yoxdur ki, mən ona dünyada və axirətdə insanların ən yaxını olmayım.”

   Qurani-Kərimdə və Peyğəmbərin (s.ə.s.) sünnəsində peyğəmbər sevgisinin bu qədər vurğulanmasının bir çox səbəblər vardır: Onu Allah (c.c.) sevdiyinə görə “həbibullah” (Allahın sevgilisi) deyilmişdir. Möminlər Allah sevgisinə nail olmaq üçün onun yolundan getmək məcburiyyətindədirlər. O, bəşəriyyətin qurtuluşu üçün yeganə vasitə rolunu oynayan bir dini təbliğ etmiş və insanlara olan sevgisi və şəfqəti səbəbiylə onu mənimsəsinlər deyə sanki özünü həlak edərcəsinə səy göstərmişdir. Onun şəkli, surəti, xarici görünüşü ilə yanaşı əxlaqi keyfiyyətləri misilsiz bir gözəlliyə və mükəmməlliyə malikdir. Məhz bu keyfiyyətləri ilə Allahın Ona bəxş etdiyi şəfaət səlahiyyəti ilə axirət günündə ümmətinin bağışlanmasına vasitəçi olacaq. Belə bir xüsusiyyətə malik bir şəxsiyyəti hər kəsdən və hər şeydən çox sevməyən bir insanın elm, irfan və imanının naqis olduğunda şübhə yoxdur. Rəsulullahın (s.ə.s.) zövcələri möminlərin də anaları hesab edilmişdir. Bu surənin 53-cü ayəsində onun xanımları ilə evlənmənin haram olduğu buyrulmuşdur. Peyğəmbər xanımlarının analıq vəsfləri hüquq və haram-halal hökmləri baxımından  analıq statusundan əlavə, bu dərəcədəki bir ehtiram və mötəbərliliyi ifadə edir.

   Peyğəmbərin xanımları və ailəsinə qarşı hər bir mömin lazımi sevgi və ehtiramı göstərməli və unudulmamalıdır ki, İslamın gözəlliklərinin bir mədəniyyət kimi formalaşması və bizlərə miras olaraq gəlib çıxması məhz başda onun ailəsinin və yaxınlarının sayəsində mümkün olmuşdur.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz