Onlar İstiqbalımızdır
Gənclik bir millətin ümidi, güvəni və gələcəyidir. Gəncliyini uçuruma aparan bir millət ümidini, güvənini və gələcəyini itirmiş deməkdir.
Uca Allahın biz bəndələrinə ərməğan etdiyi ən böyük nemətlərdən biri - axirətin sərmayəsi olan ömürdür. Digər tərəfdən “gənc” kəlməsi fars dilində “xəzinə” deməkdir. Buna əsaslanaraq deyə bilərik ki, gənclik insan ömrünün xəzinəsidir. Bu xəzinəni dəyərləndirmə şəklinə görə insan ya böyük bir zənginliyə nail olur, ya da ziyana düşür.
Gənclik insan ömrünün xəzinəsi olduğuna görə bu, eyni zamanda bir nemətdir. Nemətlərdən isə mütləq hesaba çəkiləcəyik. Ayədə buyurulduğu kimi: “Sonra da həmin gün nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!”[1]
İnsanın şəxsiyyəti əsasən gənclik dövründə formalaşır. Bu səbəbdən insanın gənc ikən xeyir işlərə istiqamətləndirilməsi çox mühümdür. Əks halda gec olar. Bu həqiqəti ifadə etmək üçün atalarımız “Ağac yaşkən əyilər” deyiblər.
Hz. Mövlana da nə gözəl demişdir:
“Gənclik illərini qənimət bilib qulluq borcunu ödəyən kəs necə də xoşbəxtdir. Belə bir insan dini və insani vəzifələrini yerinə yetirər. Bədəni sapsağlam ikən, ürəyində və canında güc-qüvvət varkən qulluğunu ifa etməyə çalışar.
Çünki o gənclik çağı yamyaşıl bir bağa bənzəyir. Bol meyvələr verir. İxtiyar cağında isə bədən quraq torpağa bənzəyər. Quraq tarlada da heç vaxt yaxşı bitki yetişməz”.
Dinimiz İslam yaşından asılı olmayaraq hər zaman gənclərin imanına, elminə və əməlinə dəyər vermiş, heç bir zaman onları kiçik görməmişdir. Heç də təsadüfi deyil ki, İslamın ilk yayıldığı dövrdə gənclərin rolu çox böyük olmuş, Peyğəmbərimiz (s.ə.s) də onların önünü açmışdır.
Məsələn, Peyğəmbərimiz (s.ə.s) aralarında böyük səhabələrin də olduğu bir İslam ordusunun başına komandan kimi on doqquz yaşındakı Hz. Üsaməni təyin etmişdir.
Rəsulullahı (s.ə.s) taiflilərin atdığı daşlara qarşı bədənini qalxan edərək qorumağa çalışan Zeyd bin Harisə 15 yaşında bir gənc idi.
Həbəşistana hicrət edib Nəcaşinin hüzurunda müsəlmanları təmsil edərək elm, hikmət və casarətlə çıxış edən Cəfər bin Əbu Talibin 17 yaşı var idi.
Məkkənin ən varlı və yaraşıqlı gənclərindən olan Musab bin Ümeyr İslamı qəbul etdiyi üçün ailəsi tərəfindən həbs edildikdə 18 yaşı vardı.
Ümumiyyətlə, Hz. Peyğəmbər (s.ə.s) İslamın yayılması və öyrədilməsində gənclərə böyük vəzifələr vermişdir. İnsanın gənclikdə daha çox enerjisi olur. Bu baxımdan mühüm xidmətlərin yerinə yetirilməsində gənc nəslin rolu əvəzsizdir.
Məsələn, Rəsulullah (s.ə.s) bağladığı müqavilələri əsasən Hz. Əliyə yazdırardı.
Allah Rəsulu (s.ə.s) hələ 15 yaşı tamam olmamış Zeyd bin Sabitə o dövrdə çox ehtiyac olunan süryanicə və ibranicə kimi xarici dilləri öyrənmə vəzifəsi vermişdi.
Zeyd bin Sabit belə nəql edir:
Rəsulullah (s.ə.s) mənə: “Zeyd, mənim üçün yəhudilərin dilində yazmağı öyrən. Vallahi mən yazı xüsusunda yəhudilərə etibar etmirəm!”- buyurdu.
On beş gün keçmədən onların yazısını öyrəndim. Artıq yəhudilər Hz. Peyğəmbərə (s.ə.s) məktub yazdıqda onu Peyğəmbərimizə mən oxuyurdum. Rəsulullah (s.ə.s) bu məktublara cavab yazdırmaq istədikdə də, onun adından mən yazardım”.[2]
Peyğəmbərimiz (s.ə.s) 25 yaşlı gənc Musab bin Ümeyri Mədinəyə müəllim göndərmişdi. 21 yaşlı Muaz bin Cəbəli də Yəmənə qazı və müəllim təyin etmişdi.
Digər tərəfdən Hz. Peyğəmbər (s.ə.s) bir çox döyüşdə bayrağı şəxsən öz əliylə gənclərə vermişdir. Məsələn, Təbuk səfərində Nəccar qəbiləsinin bayrağını Quranı digərlərindən daha yaxşı bildiyi üçün Zeyd bin Sabitə vermişdi. Həzrət Əli Bədir mühairəbəsində bayraqdar ikən iyirmi yaşında idi.
Nəticə etibarı ilə deyə bilərik ki, gənclik insan ömrünün ən qiymətli dövrüdür. İnsan bu dövrdən lazımınca istifadə edib gələcəyini təminat altına almalıdır. Eyni zamanda ömrün ən enerjili çağı olan gənclikdə nəfsani arzular zirvədədir. Buna görə gənclərin nəfslərinə və şəhəvi duyğularına hakim ola bilmələri Allah qatında çox qiymətlidir.
Heç kim gəncliyinə güvənib dünyanın keçici bər-bəzəyinə aldanmamalı, nəfsinin və həvəslərinin əsiri olmamalıdır. Bu mənada Hz. Mövlana gənclik və qocalığı necə də gözəl müqayisə edir:
“Sən, ey ilk bahar gözəlliyinə qarşı dodağını dişləyib heyran olan kimsə! Bir də payızın saralmış halına və soyuqluğuna bax. Şəfəq vaxtında gözəl Günəşin doğuşunu görüncə qürub zamanı onun ölümü demək olan batışını da xatırla.
İnsan da eynən bunun kimidir: Gözəl bir uşaq, baxırsan ki, gözəlliyi ilə hamının sevimlisi olmuşdur. Bir müddət sonra ələ salınan bir ixtiyar halına gələr və xalq içində rəzil olar.
Ustaları heyran qoyan elə məharətli əllər vardır ki, sonunda titrək olmuşlar”.
ŞƏRHLƏR