BİR HƏDİS

BİR HƏDİS

عَنْ جَابِرٍ، أَنَّ رَجُلًا سَأَلَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَالَ: أَرَأَيْتَ إِذَا صَلَّيْتُ الصَّلَوَاتِ الْمَكْتُوبَاتِ، وَصُمْتُ رَمَضَانَ، وَأَحْلَلْتُ الْحَلَالَ، وَحَرَّمْتُ الْحَرَامَ، وَلَمْ أَزِدْ عَلَى ذَلِكَ شَيْئًا، أَأَدْخُلُ الْجَنَّةَ؟ قَالَ: «نَعَمْ»، قَالَ: وَاللهِ لَا أَزِيدُ عَلَى ذَلِكَ شَيْئًا

            Cabirdən (r.a) rəvayət olunduğuna görə, bir nəfər Rəsulullaha (s.ə.s) sual verərək belə demişdi:“Nə deyərsən,mən fərz namazlarımı qılsam, Ramazan orucunu tutsam, haram və halala diqqət etsəm və bunlara hər hansı başqa bir şeylər əlavə etməsəm Cənnətə girərəmmi?” Rəsulullah (s.ə.s) ona cavab olaraq "Bəli" dedi. Həmin şəxs də belə dedi:“Allaha and olsun ki, mən bu (dediklərimə) başqa heç nə əlavə etməyəcəm”. (Müslim, İman, 16)

            İbadətlər qulun Rəbbi qarşısında, Onun əzəmət və ucalığını dərk edərək qəlbən inandıqlarını əməllərinə yansıtmasıdır. İbadətlərdə önəmli olan ixlas və səmimiyyətdir. Az və ixlaslı bir ibadət, çox və ixlassız ibadətdən Allah qatında qat-qat daha üstündür. Bu mənada Allah Rəsulunun (s.ə.s) "İşlərin ən xeyirlisi, az olub davamlı olanıdır" (Buxari, Riqaq, 18) hədisini  qeyd etmək mümkündür.

            Rəsulullah (s.ə.s) aləmlərə rəhmət olaraq göndərilən bir peyğəmbərdir. Onun əsas hədəflərindən biri də insanları ən qısa yoldan Allahın rizasına qovuşdurmaqdır. Bu hədisi-şərifdə Allah Rəsulunun (s.ə.s) sadəcə Allahın fərz qıldığı ibadətləri nöqsansız olaraq yerinə yetirən bir kimsəyə axirəti qazanacağını bildirməsi və bu sualı soruşan kimsəyə nafilə ibadətlərdən bəhs etməməsi Onun (s.ə.s) insanlara qarşı olan mərhəmət və şəfqətinin bir təzahürü olaraq izah oluna bilər.

            Allah-Təala insanları müxtəlif şəkil və qabiliyyətlərdə yaratmışdır. Hər bir cəmiyyətdə fərqli yaş səviyyəsində olan insanlar olduğu kimi, xəstəlik, yaşlılıq kimi insanları bir-birindən fərqləndirən müxtəlif səbəblər də vardır. Allah Rəsulu (s.ə.s) cəmiyyətin bu fərqliliklərini diqqətə alaraq hər bir fərdə qarşı onun qabiliyyəti, gücü və taqəti ölçüsündə davranmışdır.Burada onuda qeyd etmək lazımdır ki, Rəsulullahın (s.ə.s) Allahın fərz qıldığı bir hökmü xəfiflətmək və ya ortadan qaldırmaq kimi bir səlahiyyəti yoxdur. Yəni, Allah Rəsulu (s.ə.s) insanlara fərzlər mövzusunda deyil, sadəcə nafilələr (sünnələr) mövzusunda müəyyən güzəştlərə icazə vermişdir.

            Müslimin “Səhih” adlı əsərində keçən bu hədisi-şərif fərqli şəkillərdə müxtəlif mənbələrdə də yer almaqdadır. Rəvayətlərə nəzər salındığında Rəsulullaha (s.ə.s) soruşulan bu sualın fərqli səhabələr tərəfindən dilə gətirildiyi anlaşılmaqdadır. Hədislərdə diqqət çəkən əsas məqamlardan biri də odur ki, Rəsulullahdan (s.ə.s) sual soruşan bu səhabələr fərzlər mövzusunda zərrə qədərdə olsa etiraz etməmiş və Allah Rəsulunun (s.ə.s) fərz olaraq buyurduqlarıyla əməl edəcəklərini bildirmişdirlər. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz