EGEY DƏNİZİNDƏ SOLAN GÜLLƏR

EGEY DƏNİZİNDƏ SOLAN GÜLLƏR

Bəzən elə bir hal yaranır ki, öz-özümüzə düşünürük, deyəsən, qiyamət artıq yaxınlaşıb. Çünki dünyada baş verən haqsızlıqların, ədalətsizliklərin, cinayətlərin sayı o qədər artıb ki,  insana elə gəlir, artıq sabah qiyamət qopacaq. Bu qədər cinayətlərin, bu qədər axıdılan qanların cavabını kim verəcək? Hər kəsin yaşamaq haqqı var deyirik. Ancaq bəzən gözümüzün qarşısında insanların qətlinə bais olanlara heç bir müdaxilə edə bilmirik. Egey dənizində boğulan məsum uşaqların günahı nə idi? Onlar bu dünyaya kiminsə siyasi münaqişəsinə qurban üçünmü gəlmişdilər? 

Bu məsum uşaqların günahı nə idi ki, maddi maraqların toqquşduğu məmləkətlərindən, soyuq qış günü, isti ocağını tərk edib yaşamağa can atanda dəniz sularına qərq olmağa məruz qalsınlar. Yaşamağa can atan o məsum uşaqlar elə o soyuq dəniz sularında yaşamını itirdilər. Dünya bunu görməməzlikdən gəlir. Dünyanın vicdanı sanki ölübdür. Bir tərəfdən haqdan, ədalətdən dəm vuran dünya, bir tərəfdən haqsızlığa, ədalətsizliyə göz yuman dünyadır.

Fransada terror faktı qeydə alınanda bütün dövlət başçıları Parisə gedib terrorizmi lənətlədilər. Birgə yürüş keçirib terror hadisələrini, terrorizmi protesto etdilər. Bu mənzərə çox gözəl görünən mənzərələrdən idi. Ancaq suriyalı uşaqların dəniz sahilində cansız bədənlərini görən bəzi insanların heç vicdanları belə sızlamır. Milyonlarla ailələr öz yurd-yuvasından canını qurtarmaq üçün qaçıb başqa ölkələrə sığınıblar. Bəziləri küçələrdə, bəziləri yararsız evlərdə məskunlaşmışlar. Bu qaçqınlar övladlarına çörək götürmək üçün küçələrdə dilənirlər. Ona-buna ağız açırlar ki, bəlkə, kiminsə rəhmi gələr onlara, yardım edib bir tikə çörək verər, onlar da özlərinin və övladlarının ac qarınlarını doyurub sabaha çıxarlar. Bəs bu insanlar üçün birgə yürüş niyə edilmir, niyə terrorizmə qarşı birgə lənət oxunmur?

Suriyadakı və İraqdakı bombaların yağış kimi yağdığı yerlərdə çarəsiz qalan insanları heç düşünən yoxdurmu? Axı onların günahı nədir? Fələstində hər gün güllələrin rüzgarlar kimi üzərindən keçdiyi insanları düşünən varmı? Qarabağdan, öz doğma yurdundan qovularaq qaçqınlığa məruz qalan insanlar haqqında düşünən yoxdurmu? Xocalıda nə qədər qətliamlar oldu, dünya bunları görmür sanki. Bütün bunların günahını kim çəkəcək? Bütün bunların cavabını kim verəcək?

Yenə dönək Egey dənizinə... Dəniz sularında boğulan məsum uşaqların dadına sadəcə ölüm yetişdi. Onlar bu dünyanın əzab-zillətindən canını qurtardılar. Allah onlara, inşallah, axirətdə gözəl cənnətini verəcəkdir. Onlar günahsız idilər. Onların gözəl gələcəyi ola bilərdi. Onlardan gələcəkdə bir həkim, bir alim çıxıb bir çox xidmətlərə imza ata bilərdilər. Ancaq onların həm arzuları, həm istəkləri, həm ümidləri, həm də həyatı dənizdə boğuldu. Bu, ürək ağrıdan, ürək sızladan hadisədir. Bizim övladlarımızın üzərindən küləyin belə keçməsini istəmirik. Uşaqlarımıza xətər gəlməsin deyə özümüzü sipər edirik. Onların barmağına tikan batmasın deyə üzərində tir-tir əsirik. Ancaq Egey dənizində boğulan uşaqlar da bizim övladlarımızdan biri ola bilərdi. Onlar da bizim övladlarımız sayılır. Bacılarımız, qardaşlarımız sayılır. Axı onlar hələ körpə idilər. Onlar hələ bu dünyanı əməlli-başlı dərk etməmişdilər. Dünyanın “naz-nemətini” dadmadan həyatdan nakam köçdülər...

Egey dənizində ölən körpələrin də, əlbəttə, arzuları vardı. Onlar da oyuncaqlarla oynamağı, isti yataqda yatmağı, ata-ana nəvazişini görməyi, isti, ləzzətli yeməklər yeməyi istəyirdilər. Ancaq boğulduqları an sadəcə yaşamaq istəyirdilər. Amma ona da nail ola bilmədilər. Dəniz suları onları ağuşuna alıb onların bütün istəklərinə son verdi. Onlar açılmamış təzətər fidanlar kimi soldular.

Hələ bundan sonra Egey dənizində nə qədər körpələr boğulacaq, bəlli deyil... Ancaq bizə məlumdur ki, biz də içində, bütün insanlar bunun cavabını qiyamət günü verəcəkdir. Bu haqsızlığın, əlbəttə, bir gün sonu gələcəkdir. Ancaq o dənizdə boğulan uşaqlar bir daha geri gəlməzlər. Sadəcə o məsum körpələrin acısı qalar xatirələrdə. Peyğəmbərimizin (s.ə.s) bizə öyrətdiyi kimi, bir haqsızlıq gördüyümüz zaman əvvəla əlimizlə qarşısını almalıyıq. Əgər buna gücümüz çatmırsa, dilimizlə qarşısını almalıyıq. Əgər buna da gücümüz çatmırsa, qəlbimizdə ona qarşı büğz etməliyik. Ən azından qınamalıyıq. Bu da, Peyğəmbərimizin (s.ə.s) xəbər verdiyi kimi, imanın ən zəif mərhələsidir. Demək ki, biz hələ çox dəfə qəlbimizlə bu cür hadisələri qınayacağıq. Hələ bilmirik, Egey dənizində nə qədər güllər solacaq, necə solan güllər kimi...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz