Müsahibə-Xocalıda səkkiz günlük düşmən əsirliyindən sağ qurtulan rabitəçi Dürdanə Ağayeva ilə müsahibə
Dürdanə xanım
İrfan: Özünüzü təqdim edin, zəhmət olmasa.
DürdanəAğayeva: Dürdanə Allahverdi qızı. 1972-ci ildə Xocalıda anadan olmuşam. Elə Xocalıda da orta məktəbi bitirib Xocalı faciəsinə qədər orada yaşamışam.
- Hadisələr zamanı iyirmi yaşınız var idi. Yəqin ki, işləyirdiniz.
- Bəli, mən 1988-ciilin may ayından Xocalı rabitə qovşağında telefonçu işləmişəm. O zaman mənim 17 yaşım var idi. Orta məktəbi bitirən kimi işə girmişdim. Bizim qismətimizə o yaşımızda müharibə şəraitində yaşamaq düşdü. Mən elə bir yerdə işləyirdim ki, müharibə gedən bir bölgədə rabitəçi işləmək əsgər kimi şeydir. Əsgər səngərində əlində silahla dayanırdı, mənim də səngərim rabitə qovşağı idi, kommutator, telefon naqilləri...
- Hadisələrin başlamağını necə xatırlayırsınız?
- Qarabağ söhbətinin 1988-ci ildən cücərdiyi hamıya məlumdur. Mənim yadıma gəlir ki, o vaxt 16 yaşım var idi, deyirdilər ki, Qarabağda böyük bir nümayiş gözlənilir. Biz uşaq idik, hələ nələrin baş verdiyini tam olaraq dərk eləmirdik. Amma mən işə girəndən sonra, 1988-ci ildə sentyabr ayının 18-də ermənilər tərəfindən Xocalıda, Azərbaycan kəndlərinə ilk basqın oldu. Bu, ermənilərin ilk hərəkəti idi. Onlar elə silah-sursatlı da deyildilər. Bir-iki tüfəng var idi. Bu ilk hücumda bir dənə koma yandırmışdılar, aeroportun yaxınlığında. O vaxt Xocalı camaatı balta, yaba, dəhrə kimi, kimin əlinə nə keçsə götürüb onların qabağına çıxdı və bir qarış yer vermədi. O vaxt nə əsgərimiz var idi, nə də döyüşçümüz. Bir-iki polis olardı. Hələ kənd sayılırdıq. 1990-cı ildə Xocalıya şəhər statusu verildi. Əgər 1992-ci ildə də ermənilər yenə eyni şəkildə, öz gücləri ilə hücum eləsəydilər, Xocalı camaatı eyni şəkildə onları geri qaytarardı. Rus olmasaydı, xaricdən gələn muzdlu döyüşçülər olmasaydı erməni heç nə eləyə bilməzdi.
- Hadisələrdən əvvəl sizin və digər sakinlərin baş verəcəklərdən, Xocalıya hücum ediləcəyindən xəbəriniz var idimi?
- Camaatda bir narahatlıq, bir təlaş var idi. Hər axşam qrad, alazan yağış kimi yağırdı. Xocalı üzük qaşı kimi idi. Bir tərəfi tam meşəlik, üç tərəfi isə erməni kəndləri idi. Hər axşam atışma gedirdi. Beş qonşu birinin zirzəmisinə yığışırdı, oranı isti saxlayırdı ki, axşam atışma olanda ora girsinlər. İş yerimə, baxdığım kommutatora tez-tez zəng edirdilər: “sizi qıracağıq...” onlar türk demirdilər, “torku qıracağıq, torkun kökünü kəsəcəyik, Xocalını yandıracağıq, sizi diri-diri yandıracağıq...” deyirdilər. Bizdən əvvəl Malıbəyli kəndi çıxmışdı. Onlar çıxanda bizə xəbər gəldi ki, ayıq olun. Biz yenə də bu şəkildə olacağını gözləmirdik. Əslində isə Əsgəranla Xankəndinin arasında yerləşdiyi üçün ermənilər Xocalını ələ keçirmək üçün var qüvvələrini sərf edəcəkdilər.
- Ümumi bir qorxunun, narahatçılığın olduğunu dediniz. Bu sizin işinizə nə qədər mane olurdu?Bu peşədən əl çəkməyi düşünmüsünüzmü?
- Bizim rəisimiz var idi, Cavid müəllim. Vəziyyət pisləşəndə, blokada şəraiti yarananda dedi ki, kim işdən çıxmaq istəyirsə desin, bu dəqiqə əmrini yazım...
Mən işimə o qədər bağlı idim ki, heç düşünmədim də. Ağlıma “Telefonçu qız” filmi gəlirdi, elə ona baxıb bu peşəyə həvəslənmişdim. Vertolyotla çıxıb getmək şansım olub, amma getməmişəm. Rabitədə işlədiyim üçün də mən həmişə bununla fəxr eləmişəm. Bizə yuxarıdan zəng edib deyirdilər ki, bu gecə saat birdə hücum edəcəyik, bu gecə beşdə hücum edəcəyik, kömək gəlir, Əsgəranı götürəcəyik... Bu vədlərə görə biz də ümidlə gözləyirdik ki, mühasirədən çıxacağıq. Faciə gecəsi saat 22-yə qədər heç nə yox idi. Tam sakitlik idi. Onlar qüvvə toplayırdılar ki, birdən girsinlər. Birdən yaxınlığa düşən top gülləsinin səsinə bütün evimiz silkələndi. Anam dedi ki, durun, tez qaçaq qonşunun zirzəmisinə. Qoca nənəm, anam,mən və qardaşım qaçdıq. O biri qardaşım postda idi.
Deməli, biz qonşusunun zirzəmisinə gedib qonşularla birgə gözləməyə başladıq. Nəsə ayrı bir hava olduğunu hiss edirdik. Birdən qapı açıldı. Məhəmməd dayı, o da qonşularımızdan idi, dedi ki: “Bura niyə yığılmısınız? Ermənilər aeroportu alıblar”. Aeroportla bizim aramız da bir kilometr olmazdı. Bir də bayıra çıxdıq ki, heç gecə olduğu bilinmir. Hər tərəfdən fişənglər, qırmızı işıqsaçan güllələr atılır. Dik durub yerimək mümkün deyildi. O vaxt Xocalıya Bakıdan 27 nəfərlik kömək gəlmişdi;milli qəhrəman Aqil Quliyevin dəstəsi. Onların da kifayət qədər silah-sursatı yox idi. Bir də Tofiq Hüseynovun dəstəsi ilə bizim polislər idi. Texnikamız olsaydı ermənilər Xocalıya addım atmağa cürət eləməzdilər. Rus alayınn (366-cı diviziya) tanklarını öz gözümlə gördüm. Xankəndi dəmir yolu vağzalında görmüşəm ki, o üç-dörd kilometrlik zolaq tanklarla dolu idi.
Həmin gecə elə rusun köməyi ilə Xankəndi tərəfdən böyük basqın oldu. Mühasirədə idik, çıxış koridorumuz yox idi. Bizə qalan tək yol meşə idi. Qarlı, soyuq fevral axşamı idi. Ora çıxmaq üçün də Qarqar çayını keçmək lazım idi. Ora girib çıxandan sonra da islaqayaqla, o soyuqda, o şaxtada necə yerimək olar? Ona görə də camaatın çoxunun ayağı donmuşdu. Əslində bizdən əvvəl çıxıb gedənləri də qınamıram, yoxsa hamısı qızlı-gəlinli o fəlakətə məruz qalardılar. Mən əsas faciəni əsirlikdə yaşadım. Səkkiz günlük əsirlik mənə səksən il kimi gəldi.
- Necə olub əsir düşdünüz?
- Zirzəmidən çıxıb meşəyə tərəf yollandıq. Çayı keçdik. Böyük qardaşım nənəmi arxasına almışdı. Dedi suya girməsin. Amma anam cavan idi, suya girib özü keçdi. Anamın ayaqları şaxtaya düşdü, böyründən də güllə yarası aldı. Meşədə böyüyümüz Elman müəllim idi. Tapşırmışdı ki, uşaq, yaralı, heç kəsin qəti səsi çıxmasın. Bir uşağa görə, bir nəfərə görə bu qədər insanın qırğına verilməsinə imkan vermək olmazdı. Qatar halında düzülüb meşənin içiylə gedirdik. Hündür yerləri enmək üçün qarın üstündə sürüşüb bir neçə dəfə kolluğa düşdüm. Sübh tezdən, saat 7-8 arası olardı, irəlidə bir iki dəfə avtomat səsi eşitdik. Biz nə qədər səssiz olmağa çalışsaq da, ermənilər bilirdilər ki, bizim qaçmaq üçün başqa yolumuz yoxdur, mütləq buradan keçməliyik. Bir də baxdıq ki, bizdən irəlidəkiləri qırırlar. İrəlidə atışma başlayanda hamı dağılışmağa, qaçışmağa başladı. Ana balanı, qardaş bacını qoyub hərə bir tərəfə qaçmağa başladı. Mən də sürünərək irəliləyirdim. Birdən hiss elədim ki, ayağıma nəsə dəydi. Ayağım suda islanıb qarda donduğu üçün hiss eləmirdim. Bir də baxdım ki, ayağımdan qan axır. Bildim ki, güllə dəyib. Huşum getdi, başımı qoydum, bir də ayıldım ki, heç kim yoxdur. Arxada qalmışam. Arxamca da bir-iki nəfər sürünə-sürünə gəlirdi. Gördüm ki, hər tərəf meyitlərlə doludur, ətrafa yiyəsiz pal-paltar saçılmışdı. Sürünməyə davam elədim. Bir azdan böyük qardaşımı gördüm, bir az irəlidə idi. O da yaralı idi, mənə “sus” deyə işarə elədi. Arxamca da Valeh və Səadət gəlirdi. Ər-arvad idilər. İki ay sonra ana olacaqdı. Səadətin başından da, qarnından da vurdular, öldü. Valeh havalanıb başına-gözünə vurmağa başladı. Bağıra-bağıra ağlayırdı. Birdən səs eşitdik: “durun, qalxın!” Əsir düşmüşdük. Bizi üç-dörd kilometr piyada Əsgərana apardılar. Ora çatandabir sürü erməni arvadı başladı bizi daş-qalaq eləməyə. Kimi daş atır, kimi taxtayla vurur... Bizi gətirən əsgərlər dedilər ki, üzüaşağı yerə yatın. Üstümüzə avtomat tuşlayırlar, gah vurmaq istəyirlər, gah qorxutmaq istəyirlər... Üzüqoyulu uzanıb qaldıq. Arvadlara nə dedilərsə bir azdan əl çəkib getdilər. Bizi yenə qaldırıb Əsgəran rayon polis şöbəsinin zirzəmisinə apardılar. Arvad-kişi hamını bir yerə doldurmuşdular. Mənim evdən çıxanda yanımda əl çantam var idi. İçində aldığım maaşlarım var idi, nənəmdən yadigar qızıl saatım, başqa da bir iki əşya. Bir də sürünə-sürünə yerdən patronlar yığmışdım. Orada bir-bir çantalarımızı alıb açdılar. Erməni mənim çantamı açanda qızılı, pulu çıxartı... Patronları görəndə hirsləndi, ovucundakı güllələri üzümə çırpdı ki, sən bizə güllə atmısan?Mən də cavan qız uşağıyam, çox qorxurdum. Sonra qadınları, kişiləri ayırdılar. Həmin gecə bütün qadınları buraxdılar, bircə mən qaldım. Ermənilərin də yeməyi, yanacağı, siqareti yox idi. Qadınları siqaretə, benzinə dəyişdilər. Adımı “sivyazistka” (rabitəçi) qoymuşdular və əllərimi qapının arasına salıb sıxırdılar ki, bu əllərinlə xəbər verib kömək çağırırdın? Onlar məni həm də döyüşçü-rabitəçi olaraq bilirdilər. Məndən çox şey soruşurdular, elə hey “bilmirəm”, “yox” deyirdim. Çox vururdular, döyürdülər məni. Bir dəfə, zirzəmidə oturmuşdum, yer nəm, soyuq, titrəyirdim... Biri içəri girib dedi ki, “ismin nə?” Dedim bu nə deyir, nə dilində danışır? Başa düşmədim. Dedi, “kız səninlə deyiləm? İsmin nə?” Dedi, “mən Tükiyədən gəlmişəm”. Türkiyədə yaşayan ermənilərdən idi. Fransadan gələn, ayrı-ayrı ölkələrdən gələn qaradərili, qulağı sırğalı ərgərlər var idi.Ayağımda güllə olduğu üçün gündən-günə şişirdi. Bir gün bir saqqallı adam gəldi, əlində də bıçaq var idi. Elə bildim ayağımı kəsəcək. Çəkməmi yarıb ayağımdan çıxartdı. Sən demə, komissiya gəlirmiş, bir rus həkim gəlib baxacaqdı. Onlar rusdan çəkinirdilər. Yarama spirt tökdülər. O gülləni əsirlikdən qayıdanda, burada çıxartdılar. Onda da həkimlər deyirdilər ki, əgər güllə çıxandan sonra ayağının şişi yatmasa kəsiləcək...
- Meşədə qaçarkən nələrə şahid oldunuz?
- Meşədə yaşadığım bəzi səhnələr var ki, hər dəfə danışanda gözümün qabağına gəlir. Bir ana var idi, uşağı qucağına alıb qaçırdı. Bədənini uşağından ötrü gülləyə sipər eləmişdi. Güllə dəyib ana yerə yıxıldı. Uşaq, iki-üç yaşında idi. Durub anasını səsləyirdi: “ana dur, ana dur...” Uşağı da anasının yanında güllələdilər. İndi də dünyada baş verən müharibələri, acı hadisələri, terroru görəndə o hadisələri xatırlayıram. Onlar terrorçu idilər, döyüşçü deyildilər;qadın-kişi, uşaq-böyük ayırmadan qətliam elədilər. Bir qonşumuz var idi, kişinin 100 yaşı var idi, arvadın 95. Ər-arvad ikisini də evdə benzin töküb yandırmışdılar. İndiki cavanlar belə şeyləri televizorda görüb deyirlər ki, Suriyada xalqı nə günə salırlar. Halbuki biz bunu Xocalıda yaşadıq. 12-13 yaşında uşağın başını, aparıb erməni qəbrinin üstündə kəsdilər. Anasına deyə bilmirdim ki, uşağını belə öldürüblər. Dəfələrlə məndən soruşmuşdu ki, bəlkə əsirlikdə olanda oğlumu görmüş olasan...
- Bəs yemək-içmək ehtiyacınızı necə qarşılayırdınız?
- Əsirlikdə nə yeməyi? Gündə bir dəfə qorxa-qorxa su istəyirdim. Bir Əsgəran ermənisi var idi. O həmişə öz növbəsində dayananda deyirdi ki, mən müsəlman çörəyini çox yemişəm, azərbaycanlıların çörəyini çox yemişəm... Onun növbəsində mənə bir-iki dəfə içməyə isti su verib. Hər gün kamerada oturub ölümü gözləyirdim...
- Bu qədər çətin bir dövrdən keçib yenidən həyata bağlanmaq çətin olar yəqin ki...
- Məni orada o qədər döymüşdülər ki, onurğam zədə almışdı. Birdən ayağım tutulur, narahat oluram, ürəyim tutur... Getmədiyim həkim qalmayıb. İranda getdiyim azərbaycanlı həkim məndən soruşdu ki, - sən balaca vaxtı yıxılmısan? Dedim ki, - yox, yıxılmamışam. Dedi, - bəs sənin belində bu boyda qapqara ləkələr var... Daha ona deyə bilmədim ki, əsirlikdə başıma nələr gəlib. O vurulmağımın, döyülməyimin əziyyətini indi də çəkirəm. Bu qədər ağrı-acının içində məni ayaqda saxlayan, mənə ilham verən, güc verən, ruh verən həyat yoldaşımın dəstəyidir.Biz qeyrətpərəst bir xalqıq. Nəinki mən, gərək heç bir qızımız, gəlinimiz düşmən əlinə keçməyəydi.
- Hər şeyə rəğmən yaşamağa dəyər?
- Əlbəttə ki... Hər halımıza, bu günümüzə şükür... Mən o səkkiz gündən sonra Ağdama gəlib hava alanda hiss elədim ki, ay Allah, ciyərimə hava getdi, indi nəfəs alıram... Biz nənəmgilə gəldik, nənəm Ağdamdan idi. Çay içdim, elə bil neçə il idi ki, mən çay içmirdim. İnsan hər anına şükür eləməlidir. Orada itirdiklərimizin hamısı bizim şəhidlərimizdir. İndiki cavanların dərdsiz-qəmsiz parklarda gəzdiyini görəndə adam sevinir, amma gərək insan öz düşmənini tanısın, əziyyətli günlərini də unutmasın.
ŞƏRHLƏR